Əli Həsənov: “Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir”






 "Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun "İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransındakı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində mürəkkəb ictimai-siyasi vəziyyətdə, sürətli iqtisadi tənəzzül, sosial gərginlik şəraitində Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlət quruculuğu prosesinə başlanıb: "Həmin dövrdə Azərbaycanın daxili və xarici siyasətinə kənardan təsir göstərmək, onu idarə etmək üçün ciddi cəhdlər olub. Yalnız ulu öndərin uzaqgörənliyi, vətənpərvərliyi, qətiyyəti sayəsində anti-milli qüvvələri neytrallaşdırmaq, milli dövlətçiliyimizi qorumaq, ölkəmizi dinamik inkişaf yoluna çıxarmaq mümkün olub. Sirr deyil ki, həmin qüvvələr bu gün də dövlətimizin müstəqil siyasi kursunu qəbul etmək istəmir, Azərbaycanı tərəqqi, sürətli inkişaf yolundan döndərmək üçün müxtəlif vasitələrə əl atır və yaxud onu öz təsirləri altına salmağa çalışırlar. Ancaq bu gün Azərbaycan güclü, sürətlə inkişaf edən, yüksək beynəlxalq nüfuza malik, dünya siyasətində öz yeri və rolu olan ölkədir. Azərbaycan prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda, Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirakı və çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcək. Cənab prezident qlobal düşüncə tərzi, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadır.
Bu, Azərbaycan gəncliyi üçün də bir nümunədir. Azərbaycan gəncliyi öz prezidenti ətrafında sıx birləşməli, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə və onların buradakı vassallarına dirəniş göstərməyi və layiqli cavab verməyi bacarmalıdır”.