Avropa Məhkəməsinin qərarı böyük qələbədir
Tahir Kərimli: “Müraciət olunacağı təqdirdə evlərinə gedə bilməyən məcburi köçkünlərin hər birinə Ermənistan tərəfindən təzminat ödənilməsinə nail olmaq olar”
Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı yeni qərar çıxarıb. Qərara əsasən Ermənistan hökuməti 3 ay ərzində vurduğu maddi və mənəvi ziyan üçün 6 şikayətçinin hər birinə 5 min avro ödəməli və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı çıxardığı yeni qərardan həmin 6 nəfərdən biri olan Fəxrəddin Paşayev narazıdır: "Bu, gözlənilməyən, absurd bir qərardır: "Görünür, bu məsələni siyasiləşdiriblər. Demək olar ki, bu bizə heç nə ödəməmək deməkdir. Hər birimiz təxminən 2 milyon manat civarında maddi iddia qaldırmışdıq. Vəkillərimiz tərəfindən hər birimizə 50 min avro mənəvi ziyan hesablanmışdı. Bunların qarşısında hər bir insana cəmi 5 min avro təzminat ödəyəcəkləri barədə qərar çıxarıblar. Pul 3 ay müddətində ödənməlidir.
Avropa Məhkəməsi tarixində bəlkə də birinci dəfədir ki, belə bir haqsız qərar var. Biz mübarizəmizi yəqin ki, davam etdirəcəyik. Bu işdə gərək dövlət də bizə yardım etsin. Yəni bizə dili bilən yeni vəkillər ayrılmalıdır. Bu çox haqsız bir qərardır. Ümumi xərclərə 28 min funt-sterlinq ayrılıb. Bu da vəkillər üçündür. Amma bizim hamımıza bir yerdə 30 min avro ödəniləcək. Yəni vəkillərə ödənilən pullar bizə ödənilən puldan çoxdur”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Tahir Kərimlinin sözlərinə görə, "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin bu cür qərar çıxarmağı bizim üçün çətin görünsə də, gözlənilməz deyildi. Çünki Avropa Məhkəməsi bu işə baxıb, bizim xeyrimizə qərar da qəbul etmişdi, sadəcə, təzminat məsələsi bir az gecikirdi: "Erməni təcavüzünün qurbanı olan məcburi köçkünlərə dəyən ziyanın hesablanması və onun ödənilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının qərar qəbul etməsi müsbət haldır. Hesab edirəm ki, biz bu situasiyadan yararlanmalıyıq”.
T.Kərimlinin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı çıxardığı qərar digər məcburi köçkünlər üçün də bir növ stimul rolu oynamalıdır. Bundan sonrakı işləri geniş araşdırmağa, vaxtı illərlə uzatmağa da ehtiyac qalmayacaq. Beynəlxalq hüquqda president hüquqa əsasən bütün müraciətlər haqqında avtomatik olaraq eyni qərar qəbul edilir. Yəni müraciət olunacağı təqdirdə evlərinə gedə bilməyən məcburi köçkünlərin hər birinə Ermənistan tərəfindən təzminat ödənilməsinə nail olmaq olar.
Millət vəkili hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı Azərbaycanın lehinə qərar çıxarması ölkəmizə siyasi cəhətdən də fəallıq imkanları verəcək.
Şikayətçilərin məbləğin azlığı ilə narazılığına gəldikdə isə T.Kərimli deyib ki, əlbəttə, təzminat 50 min avro olsaydı, daha yaxşı olardı. Ən azından Ermənistan hökuməti daha ciddi ziyana uğrayardı. Əgər digər məcburi köçkünlərimiz də Avropa Məhkəməsinə müraciət edib, öz haqlarını tələb etsələr, Ermənistan çox zərər edər. Amma siyasi cəhətdən bu qərarın əhəmiyyəti böyükdür. Ən azından Qarabağ münaqişəsinin həlli prosesində Böyük Palatanın bu qərarından istifadə etmək olar.
Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov isə deyib ki, Avropa İnsan Haqları Məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarı birbaşa Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini təsdiqləyir.
Deputatın sözlərinə görə, şikayət edən şəxslər üçün verilən belə qərar kifayətdir ki, işğal öz təsdiqini tapsın: "Avropa etiraf edir. Bu, çox vacib, hüquqi sənəddir. Bütün beynəlxalq aləm üçün vacibdir. Daha üstün məsələ odur ki, azərbaycanlı məcburi köçkünlərin başına gətirilənlərə görə, Avropa Ermənistanı cəzalandırsın. Bu dövlət yalnız təzminatla vurduğu ziyanı ödəyə bilməz. Düşmən işğaldan əl çəkməli, biz öz doğma yurd-yuvalarımıza qayıtmalıyıq. Bu, bizim üçün ən böyük töhfə, ən dəyərli ödəniş olar. Qalan xırda ödənişlərin əhəmiyyəti yoxdur”.
Şəymən