5 yaşlı uşağın südünə zəhər qatdı

Anası tərəfindən öldürülən qızın taleyinə ekspertiza aydınlıq gətirib

Qusarda azyaşlı qətlə yetirilib. Bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib.

Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib. Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib. 

Sadəcə azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib:

 "Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim”. G.Saypullayeva tutulub, faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Rayonun Hil kəndindəki fermada çoban işləyən atası və anası ilə yaşayan azyaşlı qızın anası tərəfindən hansı səbəbdən öldürülməsi tam aydın olmasa da, qadının həmin vaxt anlaqsız vəziyyətdə olduğu, uşağı zəhərləyəndən sonra onu xəstəxanaya aparması üzə çıxıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luizanı zəhərləyəndən sonra peşman olub. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. 

Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb. Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.

Anası tərəfindən öldürülən qızın atasının açıqlamasına görə, Gülnarə Saypullayeva qızı 5 yaşlı Luizanın südünə zəhər qatdıqdan sonra qızın halı pisləşib: 

"Özünü itirən qadın bu barədə uşağın atası Bəxtiyara məlumat verib: "Ayın 14-ü günorta burda oynayan uşaq idi. Mən də mallara baxmağa getmişdim. Bir saat olmadı, gəldi mənim yanıma ki, uşaq ölüb. Mən də gəlib gördüm ki, uşağın vəziyyəti pisdir, xəstəxanaya apardım. Bir saat keçmədi, uşaq rəhmətə getdi. Anası özü zəhərləyib dərmanla. Malları saxlayırıq, iki aydır işləyirdik”. Xəstəxanaya çatdırılmasına baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Təyin olunan ekspertizanın nəticələrinə görə, 5 yaşlı uşağın zəhərlənərək öldürüldüyü məlum olub.

Şəymən