50 nəfər yetimi cərimələməklə məsələ həll olunmur

Çimərliklərimizdə, onun ətrafında çox acınacaqlı vəziyyət yaranıb
Ötən illərdən fərqli olaraq hansısa müsbət dəyişiklik yoxdur, indiyə qədər qaldırılan problemlərin heç birinə baxılmayıb



Havanın hərarəti yüksəldikcə insanlar sərinləmək üçün dəniz sahillərinə üz tuturlar. Təəssüf ki, bəzən sərinləmək istəyi insanın həyatı bahasına başa gəlir. Çünki dənizə gedənlərin müəyyən faizi yaxşı üzə bilmir, ya da ümumiyyətlə üzməyi bacarmırlar. Dəniz mövsümü açıq elan ediləndən bugünədək onlarla adam məhz bu səbəbdən dənizdə, kanalda və göldə batıb. Yüzə yaxın şəxs isə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda boğulmaqdan xilas edilib.

Ekspertlərə görə, insanlar dənizə girərkən bir neçə bəsit qaydalara riayət etməklə öz təhlükəsizliklərini təmin edə bilərlər. Hər şeydən əvvəl hava şəraiti nəzərə alınmalıdır. Hava əlverişli deyilsə, küləkli, dumanlıdırsa, dənizə getmək məsləhət görülmür. Digər mühüm məqam isə çimmək üçün ayrılmış məkandan kənara çıxmamaqdır. Mütəxəssislərə görə, ümumilikdə çimmək üçün müəyyən olunmuş ərazilərdə suda batma halı demək olar ki, qeydə alınmır. Boğulma halları əsasən qeyri-çimərlik ərazilərində baş verir. Vətəndaşların küləkli havada, qaranlıq saatlarda suya daxil olması da çox zaman ölümlə nəticələnir. Əhalinin dəniz sahilində istirahəti üçün ciddi çətinlik yaradan məsələlərdən biri də çimərliklərin həddindən artıq baha olması və dəniz kənarının qanunsuz olaraq hasarlanmasıdır. 
Dəfələrlə rəsmi şəkildə bəyan edilib ki, heç kəsdən dəniz kənarına gəldiyinə görə pul alına bilməz, hətta həmin ərazi hasarlanıb özəlləşdirilsə belə. Vətəndaş yalnız xidmətə görə pul ödəyə bilər. Çünki dəniz ayrı-ayrı şəxslərin səlahiyyətinə yox, bütün Azərbaycan xalqına verilən nemətdir. Amma sirr deyil ki, hər yay mövsümündə mövzu ətrafında mübahisəli məqamlar çoxalır.

Mövzu ilə bağlı "Şərq”ə danışan millət vəkili Fazil Mustafa deyib ki, Azərbaycanda üzgüçülük mədəniyyəti inkişaf etməyib. Deputatın fikrincə, dənizdəki ölüm hallarının ən böyük səbəbi üzməyi bilməməkdir:

 "Üzməyi öyrədən mərkəzlər, hovuzlar çox bahalıdır. Ona görə də insanlar üzgüçülüyü öyrənə bilmirlər. Digər tərəfdən hesab edirəm ki, dəniz sahillərində qoruma sistemləri və müşahidə daha çox olmalıdır. Əks halda ölümlərin sayı daha da artacaq. Əlbəttə, dənizdə boğulma təhlükəsi yaşayanların özlərində də günah var. Xüsusən, içkili vəziyyətdə dənizə girənlər bu cür davranışların hansı nəticə ilə sonlanacağını müəyyən edə bilmirlər. Bir daha vurğulayıram, əsas problem üzgüçülük məsələsi, bir də uyğun hava şəraiti olmadan məsuliyyətsiz formada dənizə girmək cəhdidir. Yəni bu sahədə günahkar həm vətəndaş, həm də ümumi infrastrukturun yoxluğudur. Fikir verin, Rusiyada bu qədər boğulma halları olmur. Çünki rus uşaqları ən azı 5-6 yaşından üzgüçülüyü öyrənməyə başlayırlar. Biz isə vaxtında öyrənə bilmirik deyə başımıza belə işlər gəlir”.

Millət vəkilinin sözlərinə görə, xilasedicilərdə də müəyyən məsuliyyətsizlik ola bilər: "Hansısa səbəblərdən FHN-nin can qurtaranları vaxtında yetişməyə bilərlər. Bu da bir problemdir. Amma əsas çatışmazlıq vətəndaşların üzməyi bilməməsi və tələblərə məhəl qoymamasıdır”. F.Mustafa bildirib ki, çimərliklərlə bağlı ötən illərdən fərqli olaraq hansısa müsbət dəyişiklik yoxdur: "İndiyə qədər qaldırılan problemlərin heç birinə baxılmayıb”.

Deputat Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin qanunsuz hasarlama ilə bağlı dəniz sahilində monitorinq aparmasına və 50 nəfəri cərimələməsinə bu cür münasibət bildirib: "Boş şeydir. Bu işi kütləvi həyata keçirmək lazımdır. 50 nəfər yetimi cərimələməklə məsələ həll olmur. Hamı bilir ki, dənizi hasarlayan imkanlı, vəzifəli şəxslərdir. Onlara da heç nə deyilmir”.

İsmayıl