Hələlik Qarabağda müharibə ehtimalı yoxdur

Üzeyir Cəfərov: “Ermənistan ölkəmizə dirəniş göstərmək gücündə deyil”
Akif Nağı: “Azərbaycan hərbi əməliyyatlara başlamalıdır”

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik yenidən şiddətlənib. Erməni hərbi birləşmələrinin müxtəlif istiqamətlərdə mövqeyimizi intensiv atəşə tutması bölgədə müharibə ehtimalını gündəmə gətirib. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən məsələdə bəzi ekspertlər müharibə ehtimalının yüksək olduğunu proqnozlaşdırır. Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyi dünən cəbhədə sakitliyin sutka ərzində 37 dəfə pozulduğunu bəyan edib.

Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə tutulub. Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Nəmirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə

yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri güllə-baran edilib. Maraqlıdır, cəbhədəki davamlı atışmalar doğrudan da müharibə fazasına keçə bilərmi?

Təmas xəttində gərginliyin artmasının müharibə siqnalı kimi dəyərləndirilməsini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov "Şərq”ə bildirib ki, hansısa genişmiqyaslı hərbi əməliyyatdan söhbət belə gedə bilməz. Onun sözlərinə görə, Ermənistan ölkəmizə dirəniş göstərmək gücündə deyil: "İşğalçı rejimin himayədarı Rusiyadır. Son zamanlar da Rusiyanın başı Ukrayna hadisələri və Avrasiya İqtisadi Birliyinə qarışıb. Putinin xeyir-duası olmadan Ermənistan heç bir addım ata bilməz”.

Tərəflər arasında atəşkəsin elan edilməsindən 20 il ötdüyünü deyən ekspertin fikrincə, bu illər ərzində Azərbaycan öz Silahlı Qüvvələrini lazımınca formalaşdıra bilib: "Ordumuz Cənubi Qafqazda sözünü deyə biləcək gücə, qüdrətə malikdir. Bütün problem və nöqsanlara baxmayaraq, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini təmin edə biləcək gücümüz var. Digər məqamları da qeyd etmək olar ki, məhz bu saziş sayəsində yeni nəsil müharibənin dəhşətlərini görmədən böyüyüb, öz gündəlik işləri ilə məşğul olmaq imkanı əldə edib”.

Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatların fəaliyyətindən söz açan Ü.Cəfərov qeyd edib ki, dünya institutları 20 il ərzində heç bir irəliləyişə, müsbət dəyişikliyə nail olmayıb: "Faktiki olaraq, hər üç həmsədr və onların təmsil etdikləri ölkələr, işğalçının fəaliyyətinə, onun öz ərazi iddialarını davam etdirməsinə hər vasitə ilə köməklik göstəriblər. Dağlıq Qarabağ ətrafındakı ərazilər hələ də düşmən tapdağı altındadır. Münaqişənin həll olunmamış qalması hazırda hər iki tərəfdən insan itkisi ilə müşayiət olunur. Söhbət təkcə hərbçilərdən deyil, mülki şəxslərdən də gedir. Hamı status-kvonun dəyişməsinin vacibliyindən danışır. Ortalıqda heç bir irəliləyiş yoxdur. Belə davam edəcəksə, heç nə alınmayacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi təcili şəkildə BMT və ATƏT qarşısında məsələnin sülh yolu ilə çözülməsinin vacibliyini qoymalıdır. Əks halda, ölkəmizin bütün mümkün vasitələrdən istifadə edərək, ərazi bütövlüyünü bərpa edəcəyi diqqətə çatdırılmalıdır. Başqa yol yoxdur. Atəşkəs sonsuzluğa qədər davam edə bilməz. Bunu isə ATƏT-in Minsk Qrupunun tez başa düşməsi vacibdir”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı cəbhədə yaşananları Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlara və Ermənistana öz gücünü göstərməsi kimi dəyərləndirir. Qurum rəhbərinin qənaətincə, bu, Azərbaycanın erməni təxribatına qarşı son xəbərdarlığı kimi qiymətləndirilə bilər: "İndiki halda beynəlxalq təşkilatların apardığı siyasət ondan ibarətdir ki, Azərbaycan mövcud reallıqla razılaşsın. Artıq bunun əlamətlərini də görmək olar. Rusiya mətbuatında ekspertlər vasitəsi ilə belə bir rəy yaratmağa çalışırlar. Bu ssenariləri dağıtmağın, sındırmağın bir yolu var. Azərbaycan hərbi əməliyyatlara başlamalıdır”.

A. Nağı onu da əlavə edib ki, Azərbaycan indiyə qədər beynəlxalq öhdəliklərə sadiq qalaraq Dağlıq Qarabağ münaqişəsi barədə danışıqları davam etdirib. Bundan artıq güzəşt, kompromis ola bilməz: "Azərbaycanın danışıqların davam etdirilməsinə dair şərt irəli sürməsinə baxmayaraq, mövcud vəziyyət hələ də qalır. Ona görə də ölkəmiz məntiqlə hərbi əməliyyatlara start verməlidir. İşğalçı Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirmədiyindən hərbi əməliyyatların başlanılması zəruridir”.

Ayyət Əhməd