“Üzündəki xəstəlik düzələn deyil”

Xəstəxana yardım etmək istədi, ailə razı olmadı




Bir müddət əvvəl "facebook” sosial şəbəkəsində üzündə xal əmələ gəlmiş, sonradan simasını itirmiş adamla bağlı paylaşım olmuşdu. Fotomüxbir Famil Mahmudbəylinin fotosunu çəkdiyi o ailə üçün şad xəbər var. Həmin adamın müalicəsini Mərkəzi Gömrük xəstəxanası öz üzərinə götürüb. Bununla bağlı səyyar axtarış da təşkil edib.

"Əgər həmin adamın telefon nömrəsi, ünvanı sizdə varsa və yaxud bu adamı tanıyanlardan xəstəxana ilə əlaqə saxlamaq xahiş olunub”. Artıq ortada nəticə də var. Həmin şəxsin Allahverdiyev Coşqun Vahid oğlu olduğu deyilib və əlaqə nömrələri, ev ünvanı aidiyyəti yerə çatdırılıb.

C.Allahverdiyevə məxsus olduğu iddia edilən şəhər telefonuna biz də zəng vurduq. Dəstəyi götürən və özünü C.Allahverdiyevin qardaşı kimi təqdim edən Ceyhun Allahverdiyev "Şərq”ə artıq dünən Mərkəzi Gömrük Xəstəxanasında olduqlarını deyib: "Biz getdik həmin xəstəxanaya. Çox gözəl qarşıladılar. İnternetdə Coşqunun xəstəliyi ilə bağlı necə yazıblar bilmirəm, amma onda bu xəstəlik çoxdan var. 10 il bundan əvvəl xəstəliyi ilə bağlı o bir neçə dəfə əməliyyat olunub. Həkimi isə Vaqif Qələndərov olub. Bütün əməliyyatlar o vaxtları Səhiyyə Nazirliyində Şahnaz adlı bir xanımın səlahiyyətləri ilə icra olunub. Üçüncü əməliyyatdan sonra məlum oldu ki, heç bir təsiri yoxdur. Gömrük Xəstəxanasının müalicəsini isə qəbul etmədik. Onsuz da heç bir xeyri olmayacaq. Sağ olsun dövlətimiz, bu günə qədər dəstəyini əsirgəməyib. Hətta bu günə qədər də yardım edir. Yay aylarında Coşqunu istirahət mərkəzlərinə də göndərirlər. Onun üzündəki xəstəlik əməliyyatla düzələn şey deyil. Uşaq vaxtı valideynləri tərəfindən onu Moskvaya qədər aparıblar. Ən peşəkar professorlar belə müalicəni öhdələnməyib. Beyinlə əlaqədar olduğu üçün əməliyyatı riskli sayıblar. Onu da deyim ki, Vaqif Qələndərlinin sonuncu əməliyyatından sonra onun gözünə mirvari suyu gəldiyi üçün yenidən gözündən əməliyyat olundu. Odur ki, əməliyyat həm riskli olduğu, həm də heç bir xeyri olmadığı üçün ehtiyac görmədik. Yenə də, Mərkəzi Gömrük Xəstəxanasına öz təşəkkürümüzü bildiririk. Maraqlandıqları və yardım təklifləri üçün çox sağ olsunlar!”.

Şəymən