Əsgərlərə oruc tutmaq və namaz qılmaq qadağan edilib

Əgər buna qadağa və ya icazə də varsa - bu, rəsmi sənədlərlə təsdiqlənməlidir



Azərbaycanda hərbi xidmətdə olan əsgərlərə namaz qılmaqla yanaşı, Ramazan ayında oruc tutmaq da qadağan edilib. AzVision.az-ın məlumatına görə, Ramazan ayı başlayandan nazirliyin tapşırığı ilə hərbi hissələrdə əsgərlərin oruc tutmasına icazə verilmir. Faktı hərbi xidməti yenicə başa vuran əsgərlər təsdiq ediblər. Bildiriblər ki, hərbi hissə komandirləri oruc tutmağa cəhd edən əsgərləri toplayaraq onlara hərbi xidmət müddətində dini ibadətlə məşğul olmamaq haqda tapşırıqlar verib. "Bəzi əsgər yoldaşlarımız oruc tutmaq istəsələr də, onlara hərbi hissə komandirləri, bölük komandirləri icazə vermədilər.

Bildirdilər ki, nazirlikdən xüsusi tapşırıq var ki, namaz qılmaq, oruc tutmaq olmaz”- deyə təxris olunan hərbçilər qeyd edib. Xatırladaq ki, hərbi hissələrdə namaza qadağa qoyulması ilə bağlı məsələ də bir müddət mətbuatın gündəmində idi. Hətta nazirlik faktı təsdiq edərək dini ibadətlərin qadağan edilməsinin səbəbini izah etmişdi.

Onu da deyək ki, hərbi xidmətdə olan əsgərin namaz qılıb oruc tuta bilib-bilməməsi ilə bağlı fikirlər hər zaman haçalanıb. Bununla bağlı müxtəlif rəylər var. Kimi dini ayinlərin icrasını vətəndaşların konstitusion hüququ sayır, orduda bunun qadağan olunmasının yolverilməz olduğunu deyir, kimi də hərbi xidmətdə olan vətəndaşın konstitusion hüquqlarının donduğunu bildirir.

Ordudan isə bununla bağlı narazılıqlar gəlir. Bəs Azərbaycan ordusunda məsələ necə tənzimlənir? Əsgər əslində ibadət edə bilərmi?

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, dinin dövlətdən ayrı olduğu bildirilən ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərində əsgərin ibadətlə məşğul olması daha problemsiz idi, nəinki indi: "Həmin vaxtlar Müdafiə Nazirliyinin mərkəzi aparatında dini işlər üzrə ruhani vardı, adı Hacı Nazir idi. O, hərbi hissələrdə əsgər və zabitlərin ibadəti üçün yaradılmış şəraitə nəzarət edirdi. Amma təəssüflər olsun ki, həm həmin şöbə ləğv olunub, həm də konkret bu işi kimin həyata keçirdiyi məlum deyil. Prinsip etibarilə bilinir ki, bu, nazirliyin tərbiyəvi işlər üzrə idarəsi tərəfindən həyata keçirilir. Mən deməzdim ki, bütün hərbi hissələrdə 90-cı illərin əvvəllərində olduğu kimi şərait var. Çünki əvvəllər əsgərlər üçün ayrıca ibadət otaqları vardı, məndə olan məlumata görə, indi yoxdur. Əsgərlər təbii ki, oruc tutmaq, namaz qılmaq istəyirlər. Açığı, o hərbi hissələrdə ki, komandir əsgərin bu istəyinə normal yanaşır, orada problem yoxdur. Amma bir çox hərbi hissələrdə elə komandirlər var ki, din adı gələndə təzyiqi qalxır. Bütün müsəlman ölkələrində, həmçinin digər dinlərə məxsus ölkələrdə əsgərlər də, zabitlər də sərbəst surətdə ibadət edirlər. Əslində orduda ibadət etmək heç bir problem yaratmır, sadəcə, buna istək olmalıdır. Əsgərin ibadətlə məşğul olmasına şərait yaradılması vacibdir. Çünki hərbi xidmət il yarımdı, amma müsəlman adət-ənənələri, qaydaları insanın doğulduğu andan qəbir evinə kimidir”.

Konstitusiyada vicdan azadlığının tanındığını deyən ekspert bu hüququn hərbidə olarkən də tanındığını qeyd etdi: "İnsan özünə belə yaşam tərzi seçibsə, sözsüz ki, hərbi xidmətə zidd olmamaq şərtilə tənzimlənir. Hərbi nizamnamədə mən bu cür qadağaya rast gəlməmişəm. Düşünmürəm ki, hansısa ağıllı insan bu qadağanı rəsmiləşdirə bilər. Sadəcə, bəziləri özlərini əziyyətə salmamaq üçün bunun qadağan olunduğunu deyirlər”.

Hərbi psixoloq Azad İsazadənin fikrincə isə demokratik cəmiyyət qururuqsa, hər kəsə dinindən asılı olmayaraq öz dini ayinlərini həyata keçirməyə icazə verilməlidir: "Əgər buna qadağa və ya icazə də varsa - bu, rəsmi sənədlərlə təsdiqlənməlidir. Əgər hərbidə ibadəti qadağan edirlərsə, bu, qanunilik baxımından əsaslandırılıb nizamnamədə də göstərilməlidir”. Belə mənfi halların döyüş ruhuna təsir edə biləcək psixoloji amillər yaratmasına gəldikdə isə psixoloq-ekspert dedi: "Dini ayinlərin həyata keçirilməsində maneələr sözsüz ki, hərbi qulluqçuya çox mənfi təsir göstərir. Sözsüz ki, belə halı müsbət qiymətləndirmək olmaz”.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsək də, hələlik heç bir açıqlama verilməyib.

Şəymən