İsmayıl Şıxlı fenomeni...

Bu böyük yazıçı kimliyimizi, xarakterimizi, azərbaycanlı şüur və düşüncəsini ədəbiyyata gətirdi


...Əvvəli ötən sayımızda

Tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları. Yaxın keçmişimizin keçdiyi tarixi yol da bu həqiqəti bir daha təsdiqləyib. Ötən əsrin 80-ci illərində ümumazərbaycan ədəbiyyatında özünüdərk, özünəqayıdış, özünüifadə yönümlü əsərlər meydana çıxdı. Müəyyən "yumşalmalarla” hələ əsrin ortalarından rast gəlinən bu yeniləşmə ruhu 80-ci illərdə "üsyankar” bir nəsr formalaşdırıb ki, burada da torpağa, xalqa, onun adət-ənənəsinə, milli özünüdərkinə, ideologiyasına bağlılıq, özünü xalqın zərrəsi hesab etmək, lazım gələndə varlığını unutmaq və xalqın yolunda fəda etmək və s. kimi keyfiyyətlər xüsusi yer tutub. Belə keyfiyyətləri, hələ 60-cı illərdən yaradıcılığında əks etdirən görkəmli Xalq yazıçısı İsmayıl Şıxlı ədəbi-mədəni həyatımızda, ictimai-bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəsti-xətti, şəxsiyyəti ilə seçilib. İsmayıl Şıxlı bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olub.

...Yazıçı romanda çar hökumətinin Azərbaycana gəlişinin, burada möhkəmlənmək niyyətlərinin bütövlükdə müstəmləkəçi xarakter daşıdığını və milli varlığa qarşı çevrildiyini əks etdirir. Romanda hadisələrin cərəyan etdiyi Göytəpə kəndi mikromühit olaraq makromühiti - Azərbaycanı simvollaşdırır. Meşənin qoruğa çevrilməsinə göytəpəlilərin kəskin reaksiyası milli varlığın özünümüdafiə gücünü göstərir.

Bu özünümüdafiə tam dərk edilmiş zərurət kimi baş vermir. Milli varlığın daxilindəki inersiyadan güc alır. Həqiqət budur ki, hansı səbəbdən olur-olsun, hansı mənbədən qidalanır-qidalansın, zərurət anında millət bir yumruq kimi birləşə, öz haqqının müdafiəsinə qalxa bilir:

"Pristav Göytəpəyə yola düşəndə elə zənn etmişdi ki, camaatın üstünə təpinən kimi hamı qorxub geri çəkiləcək, kazakları meşədə ağaca sarıyan adamları dərhal tapıb tutacaq, kazakların qabağına qatıb həbsxanaya göndərəcəkdi. Amma indi gözləmədiyi bu vəziyyətdə çaşıb qalmışdı”.

"Gözlənilməz vəziyyət” nədən ibarət idi? Pristav elan edir ki, "Kürün o üzündəki meşə bundan sonra padşahın ov yeri olacaq. Ora yaxın getmək, qoruğa girmək qadağandır”. Bu məqamda "Kürün o üzündəki meşə” bütün Azərbaycan torpaqları mənasında metaforalaşır və

göytəpəlilərin hökumətin bu qərarına kəskin reaksiyası müstəmləkəçi rejim şəraitinin mövcudluğuna rəğmən xalqın içində milli özgürlük düşüncəsinin güclü olduğunu nümayiş etdirir. Doğrudur, pristav kəndə gələndə onun "gəlişini hərə bir cür izah edir, xatanın özündən uzaq olmasını arzulayırdı”. Lakin məsələnin (pristavın gəlişinin) mahiyyəti açıqlanıb. Göytəpə camaatının taleyi ilə - milli tale ilə bağlananda hər cür fərdi istəklər, hətta tayfa mənafeləri də bir kənara qoyulur (baxmayaraq ki, kənddə fərdi münaqişələr də çoxdur, idarəçilik daha çox tayfa münasibətləri üzərində qurulub), camaat heç bir tərəddüdsüz milli birlik nümayiş etdirir: "Bir az bundan əvvəl bölük-bölük, tayfa-tayfa oturan kəndlilər zəncir halqası kimi birləşdilər”. Bu "birləşmə” ədəbiyyatşünaslıqda çox vaxt "patriarxal - feodal Azərbaycan” mühiti kimi təqdim olunan və bir qayda olaraq tənqidi münasibət hədəfi kimi götürülən XIX əsrin II yarısının milli gerçəkliklərinin bir çox obyektiv və həm də ürəkaçan məqamlarını ortaya qoyur.

İsmayıl Şıxlı yaradıcılığında milliliklə bəşəriliyin üzvi vəhdətinə nail ola bilib

Belə ki, "Dəli Kür” əsəri bədii düşüncə sferasına daxil olandan sonra milli özünüifadə, milli özünüdərk uğrunda mücadilə kimi taleyönlü məsələlər ölkə ədəbiyyatında daha geniş şəkildə bədii tədqiq obyektinə çevrilməyə başlayıb. Bunun başlıca səbəbi "Dəli Kür” romanının aparıcı qəhrəmanı Cahandar ağanın mənəvi dəyanəti, azərbaycanlı kişinin milli xarakterini özündə tam ehtiva etməsi idi. İsmayıl Şıxlı yaradıcılığının milli ruhu - Azərbaycan insanının xarakteri bizi özümüzə göstərib və düşündürüb ki, Azərbaycan kişisinin bədii obrazı - xırdalıqdan, xırpalanmaqdan, gözüqıpıqlıqdan yox, bəylikdən, cəsarətdən, qürur və milli xarakterdən keçməlidir. Və yazıçı bizə hələ ötən əsrin 60-cı illərində bədii obraz olaraq Cahandar ağanı bağışlayıb.

Bir obraz olaraq genetikasını həm də milli folklor qaynaqlarından alan Cahandar ağanın mərdlik, igidlik, sözünün sahibi olmaq kimi mental dəyərləri özündə cəmləşdirməsi bu baxımdan təbii idi. Oxucularla görüşlərinin birində yazıçıdan: "İndiki zamanda Cahandar ağa kimi kişilər yetişə bilərmi?”-deyə soruşanda, o, təbii olaraq, "Yox” - cavabını verib. İsmayıl Şıxlının fikrincə, qüdrətli şəxsiyyətin yetişməsi üçün gərək insan qürurunu, mənliyini, heysiyyətini, mənəviyyatı aşağılayan, rəzalətə rəvac verən cəmiyyət qanunları olmasın. Hələ "Ayrılan yollar”da vətəndaş ədibi mənəvi zənginliyi mənəvi müflisliyə çevirən bir cəmiyyətdə yaşamağın doğurduğu könül ağrılarını bədii müstəviyə çıxarmış, ictimai basqılar dönəmində yolların ayrılmasının qaçılmazlığı barədə mövqe ortaya qoymuşdu. Tarixin gərdişinə bu kontekstdə dəyər verən ədib Cahandar ağa bahadırlığından qaynaqlanan faciəsinin 30-50-ci illərin bəlalı Azərbaycan cəmiyyətində baş verən olaylarla bir araya gətirmiş olur. Başqa sözlə, "Ayrılan yollar”, "Dəli Kür” və "Ölən dünyam” romanlarında bədii tədqiq obyektinə çevrilən problemlər mahiyyətcə bir-birini şərtləndirir, təkanlayır və inkişaf etdirir. Bu baxımdan sözügedən romanların problematikasının milliliyi və bəşəriliyi, tarixiliyi və müasirliyi ehtiva etməsi təbiidir. Zaman bu kontekstdə, əlbəttə ki, sədd ola bilməzdi. Müəllifin konseptual bədii düşüncə axarında çeşidlənib incələnən qənaətlər sonucda belə bir fikir formalaşdırır ki, alver dünyasının övladları olan Qurban Kosaoğlular, Molla Sadıqlar, Fətullayevlər və onların dayaqlandığı insanlar batil bir cəmiyyətin, fənalığa məhkum bir dünyanın törəmələridir. Bir yazıçı kimi İsmayıl Şıxlıya fərəh verən dünyanın, necə deyərlər, heç də xali olmaması, inam və etiqadla yaşayan, namus və qeyrətlə ömür sürməyi, vətən və millət naminə qurbana çevrilməkdən çəkinməyib özünü xalq işi üçün fəda edən insanların mövcudluğudur.

İsmayıl Şıxlı yalan dünya ilə haqq dünyasını, maddiyyat düşgünləri ilə mənəvi paklığı uca tutanları, iblislərlə munisləri qarşılaşdırmaqla oxucularını əsl mətləblərdən agah edir, onların düşüncə sferasını genişləndirir və dərinləşdirir. "Ölən dünyam” romanının tragik qəhrəmanlarından olan Çapıq Əmrah ölümdən çəkinməyərək şərin təmsilçisi, iblisin yetirməsi, vulqar-sosioloji gerçəkliyin kölə xislətli yetkilisi Fətullayevə "Heç bilirsiniz, qürur nə deməkdir? Bilməzsiniz”-deyə qəti mövqe ortaya qoyan, "öldü var, döndü yox” inamı ilə yaşayan bu yenilməz insanla ölümü son çarə kimi qəbul edib silahlı kazakları heyrətləndirən Cahandar ağanı əlbəttə ki, haqq yolunu qürurla keçmək eşqi bir araya gətirir. "Dəli Kür”ün özəl, ideya-estetik biçimlər kontekstində sərgilədiyi ovqatı özündə ehtiva edən "Ölən dünyam” milli əxlaq normasının pozulmasına qarşı yazıçı-vətəndaş dözümsüzlüyü müstəvisində yeni boy göstərir. Bu kontekstin önəmi yetmiş-doxsanıncı illərin dəyərli bədii örnəklərini özündə cəm edən "Əfsanə və rəvayətlər” silsiləsində və eyni zamanda "Namərd gülləsi”, "Namus qaçağı”, "Ölüləri qəbiristanda basdırın” hekayələrində özünü aydın ifadə edir.

Ötən əsrin sonlarında Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, ermənilərin Dağlıq Qarabağda törətdiyi olaylar, soydaşlarımızın Ermənistan adlanan yerdən, əslində tarixi dədə-baba ocaqlarından vəhşiliklə qovulması, müstəqilliyimizlə bağlı ayağa qalxan xalqımızın təlatümlü günləri İsmayıl Şıxlının istər yazıçı, istərsə də vətəndaş kimi həm taleyindən, həm də yaradıcılığından izsiz keçməyib. O zamanlar İsmayıl Şıxlı Azərbaycan Ali Sovetinin deputatı olub. O, xalqla birlikdə meydanlara çıxıb. 20 Yanvar faciəsində, Bakı fövqəladə vəziyyətdə yaşadığı bir zamanda heç nədən çəkinmədən, qorxmadan Ali Sovetin iclas salonuna gəlməsi, rəyasət heyətində əyləşib həmkarı Bəxtiyar Vahabzadə ilə birlikdə məclisi təmkinlə idarə etməsi günü bu gün də xalqın gözləri önündən çəkilməyib. O zaman hər kəsin dilindən belə fikirlər qopurdu: "Halal olsun, İsmayıl Şıxlı əsl Cahandar ağadır. Heç nədən qorxub çəkinmir”. Bir də vaxtilə yada saldığı "sapı özümüzdən olan baltalar” atalar sözü dillər əzbərinə çevrilib. Kreslo naminə millətinin şəhid olmuş övladlarının meyiti üzərindən keçərək Moskvaya vəzifə dalınca qaçan, xəyanətkarlara xalq hirsini, qəzəbini məhz İsmayıl Şıxlının müdrik sözləri ilə ifadə edib.

İsmayıl Şıxlının sənətində qabarıq ifadə olunan mənəvi dəyərlərdən söz açarkən əlbəttə ki, ilk öncə onun öz şəxsiyyəti bir düşüncə obyekti olaraq nəzərdən keçirilib. İsmayıl Şıxlını xatırlayanda hər şeydən əvvəl müdrik, milli ruhlu bir kamil şəxsiyyət göz önünə gəlir. İ.Şıxlı ölməz sənətkardır. Çünki o, yaradıcılığında milliliklə bəşəriliyin üzvi vəhdətinə nail ola bilib.

Müdrik el ağsaqqalı məqamına ucalarkən də çox sadə və səmimi olaraq qalmağı bacarıb. Xalq yazıçısı, ictimai xadim, böyük pedaqoq İsmayıl Şıxlı ucaldıqca-ucalıb, lakin o dəyərlər ki, yazıçı-vətəndaşa irsən keçib, şəcərənin saf ruhundan axıb gəlib, bunlar onun içində azad, zaman təsirindən xali mənəvi bir dünya yaradıb. O dünyanın layiqli övladı olan ədibin insan haqları uğrunda mücadiləsi də təbii və qanunauyğun olub.

Azərbaycan mədəniyyətinin inkişafında, milli ideyanın genişlənməsində böyük xidmətləri olub. Onun "Azərbaycan” jurnalının baş redaktoru, Yazıçılar Birliyinin sədri kimi gənc nəslin istedad və bacarıqlarının üzə çıxarılmasında, onların milli ruhda formalaşmasında, ziyalıların düzgün istiqamətləndirilməsində müstəsna xidmətləri olub.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb