Xaricdə təhsil alan tələbələrə şərt qoyulmamalıdır

Hamlet İsaxanlı: “Təhsil almağa gedənlər arasında qayıdanlar da olacaq, qayıtmayanlar da. Bu da millətin inkişafıdır”
Gülsel Səfərova: “Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb dövlətə xeyir verməsində məcburiyyət olmamalıdır”


Xaricdə təhsil nə qədər prestijli sayılsa da, bir o qədər problemləri də var. Övladları xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil alan valideynləri ən çox düşündürən bu məsələdir; "uşaq” sabah ölkəyə qayıdanda harada işləyəcək? Etiraf edək ki, bu məsələ həqiqətən də ciddi problemdir. İstər dövlət xətti ilə olsun, istərsə də özəl, bütün hallarda təhsilə külli miqdarda pullar xərclənir. Dövlət vətəndaşına xərclədiyi vəsaiti yavaş-yavaş olsa da, geri qaytartmaq istədiyi kimi, valideyn də şüuraltı məhz bunu fikirləşir ki, övladı sərf olunan vəsaiti qazana

biləcəkmi? Tamamilə normaldır. Başqa sahələr kimi təhsil də rentabelli olmalıdır. Elə valideynlər var, hətta repititorla da dalaşırlar, uşağı imtahanda gözlənilən nəticəni əldə etmədikdə.

Hələ bu, ən aşağı rəqəmlə götürsək, 1000-1500 manat eləyər. Xaricdə təhsilə isə nəhəng pul kütləsi xərclənir. Azərbaycanın xaricdə təhsillə bağlı Dövlət Proqramı haqda bilgilərin yer aldığı internet səhifəsindən həmin qiymətləri öyrənmək mümkündü. Orada yazıldığına görə, məsələn, ABŞ-da təhsil haqqı aylıq 1.300 USD- 1.800 USD arasında (illik 16 min 200 dollar), Almaniyada 1.200 avro, Böyük Britaniyada 1.400. avro, Fransada 1.150 avro, Türkiyədə 900 dollardır.

Təbii ki, dövlət ödədiyi pulun müqabilində yüksək ixtisaslı mütəxəssisi əldən vermək istəməz. Elə buna görə də xaricdə dövlət xətti ilə təhsil alanlar qarşısında ən azı 5 il ölkə daxilində çalışmaq şərti qoyulur. Amma gəlin görək, çemodanını sürüyə-sürüyə ölkəyə qayıdan diplomluların hamısına iş tapılırmı? Statistika bu sahədə də kədərlidir. Xaricdə təhsil almış məzunların 65 faizi özəl sektorda çalışdığı halda, cəmi 35 faizi dövlət sektorunda çalışır. Dövlət özü xərc çəkib oxumağa göndərdiyi tələbəyə iş verə bilmirsə, özəl xəttlə təhsil alanların iş tapmaq problemini təxmin etmək heç də çətin deyil.

"Xəzər” Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı "Şərq”ə açıqlamasında qeyd etdi ki, xaricdə təhsil alan gənclərin sonradan öz ölkəsində iş tapmaq problemi yalnız Azərbaycanda deyil, digər dünya ölkələrində də yaşanır:

- Koreya hər il ABŞ-a 70-80 min tələbə göndərir. Baxmayaraq ki, Koreya özü təhsil sahəsində inkişaf etmiş ölkələr sırasındadır. Amma tələbə göndərirlər. Bu 70-80 min tələbəni ölkə daxilində işlə necə təmin etmək olar?! Ölkədə heç bü qədər müəssisə yoxdur. Təhsil almış hər bir gənci işlə təmin etmək dövlətin vəzifəsi deyil. Heç bir dövlət buna qarantiya da vermir. Dövlət müəyyən qismi işlə təmin edə bilər. Tutalım, böyük bir neft-kimya müəssisəsi, zavod, yaxud fabrik tikilir, bura da mütəxəssislər müsabiqə yolu ilə qəbul olunur. Kim daha bacarıqlıdırsa, daha biliklidirsə o işə qəbul olunur. Yaxşı oxuyan, bilikli tələbənin yaxşı iş tapmaq şansı da artıqdır. Dövlət təyinatla müəyyən qədər tələbəni işə göndərə bilər. Daha ucdantutma hamını işlə təmin etmək faktiki qeyri-mümkündür. Avropadan Amerikaya həmişə beyin köçü olub.

Ötən əsrlərdə də, indi də. Avropa inkişaf etmiş regiondur, buna baxmayaraq güclü mütəxəssislər Amerikaya üz tutub. Nəyə görə, çünki orada daha əmək haqqı daha yüksək olub, yaşam şərtləri daha yaxşı olub. Bu köç daim var. Biz belə düşünməməliyik ki, Azərbaycandan kimsə xaricə təhsil almağa gedibsə, mütləq qayıdıb öz ölkəsinə gəlməlidir və burada çalışmalıdır. Təhsil almağa gedənlər arasında qayıdanlar da olacaq, qayıtmayanlar da. Bu da millətin inkişafıdır. Əgər bir azərbaycanlı tələbə Çində iş tapıb orada çalışırsa, bu da millətə, dövlətə xidmətdir. Əlbəttə, hamı istəyər ki, ölkəsində güclü alimlər, mütəxəssislər olsun, amma biz ölkəmizin hüdudları ilə məhdudlaşmamalıyıq.

H.İsaxanlı xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramında texniki və fundamental elmlərin prioritet sahələr kimi elan edilməsini də düzgün addım hesab edir:

- Hər zaman bildirmişəm ki, bizə təbiət elmlərini, tibb sahəsini, mühəndisliyi bilən güclü kadrlar lazımdır. Bunlar dünyəvi elmlərdir və xaricdə çox inkişaf edib. Amma Azərbaycan sovet təhsil sistemindən çıxmış bir ölkə olduğu üçün bizə bu sahələrdə yüksək səviyyəli mütəxəssis yetişdirmək çətin olacaq. Humanitar elmlər, biznes, hüquq elmləri ilə bağlı xeyli sayda tələbə xaricə təhsil almağa gedib. Bunların arasında dövlət tərəfindən göndərilənlər də var, şəxsi vəsaiti hesabına, şəxsi təşəbbüsü ilə gedənlər də. İndi isə artıq fundamental elmlərə üstünlük verilməlidir, təbii ki, burada say nəzərdə tutulur. Biz demirik ki, humanitar elmlər, iqtisadiyyat, biznes sahəsində tələbə göndərilməsin. Sadəcə, fundamental elmlərin öyrənilməsi ilə bağlı göndəriləcək tələbə sayı digər sahələrdən bir qədər artıq olmalıdır. Çünki müasir dünyanın tələbi budur. Məsələn, Azərbaycan Dövlət Tibb Universiteti hələ də köhnə proqramla işləyir. Amma baxın, dünyada tibb sahəsində necə yeniliklər, necə ixtiralar var. Bütün müasir texnologiyalar təbiət elmlərinin üzərində qurulur. Bu yenilikləri bilmədən, onları tətbiq etmədən irəliləyiş əldə etmək mümkün deyil. Ona görə də xaricdə təhsil sahəsində fundamental elmlərə üstünlük verilməlidir.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyinin sədri Gülsel Səfərova da xaricdə təhsil alan tələbələrin işsizlik probleminin olduğunu inkar etmədi:

- Xaricdə təhsil alan gənclərin ölkəyə qayıdıb dövlətə xeyir verməsində məcburiyyət olmamalıdır. Məncə, bu, ilk növbədə insanın öz ölkəsinə sevgisindən irəli gəlməlidir. O zaman gəncə qoyulan vəsait özünü doğruldacaq. Təbii ki, dövlət gənclərin təhsilinə vəsait ayırırsa, onun bəhrəsini görməkdə tamamilə haqlıdır. Ancaq görürük ki, bu, lazımi səviyyədə həyata keçmir. Çıxış yolu nədədir? Mənim fikrimcə, bunun bir yolu xaricdə təhsil alan gənclərin həvəsləndirici tədbirlərə cəlb edilməsidir. Nədən ibarətdir bu tədbirlər. Məsələn, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri bu gənclərlə maraqlanmaqdan əlavə, onları səfirliyin təşkil etdiyi tədbirlərdə iştiraka cəlb etməlidir. Xaricdə təhsil 4-6 il davam edir. Bu, kiçik müddət deyil və bu müddət ərzində gənc həm ideoloji, həm də sosial baxımdan formalaşır. Biz müxtəlif qrupların, müxtəlif sosial təbəqələrin əhatəsində oluruq, müxtəlif həyat səviyyələri ilə qarşılaşırıq, olduğumuz ölkələrin sosial həyatında iştirak edirik. Bəzən belə vəziyyətdə gəncin son məqsəddən yayınması baş verir. Bu yayınma olmasın deyə, gənc həvəsləndirilməlidir və səfirliklərin işinə simvolik də olsa, cəlb edilməlidir. Demək olar ki, bütün xarici dövlətlərdə müəyyən tarixlərdə Azərbaycanla bağlı tədbirlər, Azərbaycan günləri keçirilir. Gənclər bu tədbirlərin reallaşmasında iştiraka cəlb edilməlidir. Belədə gəncdə ölkəsinə gərəklilik hissi formalaşacaq. Biləcək ki, dövlətə lazımlıdır. Bu onda özünə inam, dövlətinə inam yaradacaq.

İkinci çıxış yolu kimi mən ideoloji təlqini görürəm. Bilirik ki, xaricdə təhsil alan tələbələrlə bağlı 5 il öz ölkəsində işləmək şərti var. Yaxşı olardı ki, həmin bu 5 il gəncə qəti öhdəlik kimi deyil, sadəcə, təklif kimi anladılsın. İnsanlar öhdəlik götürməyi çox da sevmirlər, xüsusən də gənclər basqı altında olmağı xoşlamır. Bu 5 illik şərt gənci dövlət hesabına xaricdə təhsildən çəkindirə bilər. Biz görürük ki, hazırda dövlət hesabına təhsil alanlarla şəxsi hesabına oxuyanlar arasında o qədər də böyük fərq yoxdur, göstəricilər təxminən eynidir. Sadəcə, gəncə aşılamaq lazımdır ki, dövlət sənin üzərinə yük qoymur, öhdəlik qoymur, bu, bir təklifdir. Gənc hiss etməlidir ki, dövlətin ona ehtiyacı var və ona öz ölkəsində işləmək üçün imkanlar yaradılacaq. Bəlkə sabah gəncə daha yüksək əmək haqqı olan bir yerdə işləmək məcburiyyəti yarandı. Onu necə eyni yerdə, eyni əmək haqqı ilə tutub saxlamaq olar? Qarşıya şərt qoyulmamalıdır, sadəcə, elə bir şərait yaradılmalıdır ki, gənc xarici ölkədə qalıb işləməkdənsə, öz ölkəsində çalışmağı üstün tutsun. İstər xaricdə təhsil alanlar olsun, istərsə də, yerli ali təhsil ocaqlarında təhsil alanlar, gənclərin özəl sektoru niyə seçdikləri hamımıza məlumdur. İlk kövbədə yüksək əmək haqqının olması, işdə irəliləmək imkanları. Bunlar əsas səbəblərdir və etiraf edək ki, dövlət müəssisələrində əmək haqqı azlığı və üstəlik, bürokratik əngəllər gənclərin bu istiqamətə meyllənməsinin qarşısını alır. Uzaqbaşı, bir müddət qalıb işlədikdən sonra ölkəni tərk edirlər, xaricə üz tuturlar. Hesab edirlər ki, orada daha yaxşı imkanlar mövcuddur. Biz gənclərimizi itirməmək istəyiriksə, onlara şərait yaratmalıyıq.

Məlahət Rzayeva