Üfüqdə Avrasiya İttifaqı...

Moskva oyun qaydalarını dəyişir
Rusiyanın son vaxtlar sanki Ermənistanın yox, Azərbaycanın yanında olması kimi yaratdığı görüntüyə ictimai aldanış müşahidə olunur



Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi bütün sadə rus vətəndaşlarının Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı mövqeyini öyrənib. Rusiya mətbuatı xəbər verir ki, 42 subyekti və 130 yaşayış məntəqəsini əhatə edən sorğuda 1600 respondent iştirak edib. Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 70 faizi Avrasiya İqtisadi Birliyinin yaradılmasına isti baxıblar. Onlar Qazaxıstan və Belarusla genişlənən əməkdaşlığı da müsbət qiymətləndiriblər. Sorğunu təşkil edən ekspertlərin təəccübünə səbəb olan başqa bir amil isə birliyə yeni üzvlər kimi Rusiya sakinləri Ermənistan və Azərbaycanı göstərmələridir. "Mənim fikrimcə, bu araşdırmanın ən maraqlı bəndi Avrasiya İttifaqının hansı ölkələr hesabına genişləndirilməsi ilə bağlı sakinlərin fikirləridir.

Bu mənada siyahıya Azərbaycan və Ermənistan başçılıq edir”. Bunu "Şimal-Cənub” Araşdırmalar Mərkəzinin rəhbəri Yuliya Yakuşeva sorğu nəticələrini şərh edərkən deyib. Rusiyanın yaratdığı iqtisadi birliyə üzv olmayacağı ilə bağlı Azərbaycanın heç bir bəyanat vermədiyini xatırladan ekspert sorğunun nəticələrini təəccübləndirici adlandırıb:

"Azərbaycan Avrasiya İttifaqı ilə əməkdaşlığın müxtəlif formatlarını nəzərdən keçirir. Lakin təşkilata daxil olmaqdan söhbət getmir. Sorğunun nəticələri onu göstərir ki. Rusiya Azərbaycana pozitiv yanaşır və qarşılıqlı əməkdaşlığın uğur gətirəcəyini anlayır”.

Azərbaycan ekspertləri isə hesab edirlər ki, bu cür sorğular və alınan nəticə ola bilər məqsədli şəkildə aparılır. Çünki Azərbaycan Avrasiya Birliyində təmsil olunmayacağını dəfələrlə bəyan edib. Lakin ideyanın müəllifi olan Rusiya prezidenti Vladimir Putin ölkəmizin bu qurumda təmsil olunmasında maraqlı olmaqla yanaşı, istəklidir. Eyni zamanda Azərbaycanın Avrasiya Birliyinin yaranması üçün "düyün nöqtəsi” olduğunu da söyləyənlər mövcuddur.

Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Fazil Mustafa hesab edir ki, rəsmi Moskva açıq-aşkar təzyiq göstərməsə də, müəyyən hallarda Bakıya mesajlar ötürür: "Putin tərəfindən irəli sürülən Avrasiya Birliyi ideyası, bunun yaradılması yolunda verilən bəyanatlar, məsələnin gündəmdən düşməsinə imkan verilməməsi, xalqlara və ölkələrə təzyiq kimi qiymətləndirilir. Qaldı ki, Azərbaycanın orada təmsilçiliyinə, ölkəmiz balanslı siyasət yürütməklə problemin öhdəsindən gələ bilər. Rusiya təzyiq yolu ilə bir neçə ölkəni "Gömrük İttifaqı”na cəlb etmək istəyir. Bu əsasən Azərbaycan və Özbəkistandır. Ukraynanı da buraya daxil etmək istədilər, amma bacara bilmədilər. Hesab edirəm ki, bütün hallarda Azərbaycan düzgün yol tutmalıdır. Çünki müstəqilliyimizə və vətəndaşımıza ziyan verə biləcək bir addım atılmamalıdır. Düşünürəm ki, Azərbaycan tərəfi bütün variantlara hazır olmalıdır. Bu sorğular, alınan nəticələr, verilən bəyanatlar heç də təsadüfi deyil”.

Millət vəkili Aydın Mirzəzadə bildirir ki, Rusiya ümumiyyətlə ABŞ və Avropa Birliyinə alternativ güc yaratmaq istəyir: "Bununla Rusiya sadəcə olaraq digər dövlətlərə təzyiq etmək istəyir. Çünki Putinin prezident seçildikdən sonra əsas fəaliyyət istiqamətlərindən biri də Avrasiya İttifaqı deyilən bir fövqəldövlət qurumu yaratmaqdır”.

Deputatın sözlərinə görə, əslində Avrasiya Birliyi keçmiş SSRİ-nin bir qədər zəif formada bərpası təşəbbüsüdür: "Rusiya əvvəlcə buraya Belarus və Qazaxıstanı, sonra isə digər dövlətləri də qoşmaq və ABŞ, Avropa Birliyinə alternativ güc yaratmaq istəyir. Sivil qaydada bu adi bir məsələdir və Rusiyanın bu istəyi də təəccüb doğurmamalıdır. Amma bir məsələ də var ki, təşəbbüsün elan edilməsi və üstündən bir müddət keçməsinə baxmayaraq hələ də bu ideyanı reallaşdırmaq mümkün olmur. Ona görə ki, Avrasiya İttifaqı Avropa Birliyindən fərqli olaraq, dövlətlərin müstəqilliyini xeyli dərəcədə məhdudlaşdıra bilər. Vahid iqtisadi, gömrük, maliyyə məkanının yaradılması dövlətləri sərbəst hərəkət etməkdən çəkindirir. İndiyə qədər də Belarus və Qazaxıstandan başqa heç bir postsovet dövləti bu quruma qoşulmağa razılığını bildirmir. Ermənistana gəldikdə isə, onlar Rusiyanın göstərişi ilə hərəkət edirlər. Moskva nə zaman istəsə, İrəvan orada təmsil olunacaq. Azərbaycanın isə Avrasiya Birliyində təmsil olunmaq niyyəti görünmür. Buna görə bizimlə təzyiq dilində danışa da bilməzlər. Prezidentimiz AŞ PA-dakı çıxışı ilə onu da aydınlatdı ki, Azərbaycanla təzyiq dilində heç bir qüvvə danışa bilməz”.

Politoloq Fərhad Mehdiyev isə vurğulayıb ki, bu cür sorğular, Rusiya rəsmilərinin isti bəyanatları Azərbaycanı Avrasiya İttifaqına qoşulmağa şirnikləndirməkdir: "İşğal altında olan üç, ən yaxşı halda isə beş rayonun qaytarılması əvəzində Rusiya sülhməramlılarının bu ərazilərdə yerləşdirilməsi barədə qeyri-rəsmi məlumatlar da yayılır. Bu, əlbəttə ki, Azərbaycan üçün qəbulolunmazdır. Rusiyanın şirnikləndirici və yaxud müəyyən təhdidedici manevrlərinə baxmayaraq, əminəm ki, Azərbaycan heç vaxt Avrasiya İttifaqına qoşulmayacaq. Səbəblər isə çoxdur. Ən azı ona görə ki, Azərbaycan bu ittifaqa qoşularsa, ölkənin enerji layihələrini də bu birlik daxilində reallaşdırmalı olacaq. Halbuki bu gün artıq ölkəmiz Avropaya inteqrasiya prosesindədir, ATƏT PA-nın geniştərkibli sessiyasına ev sahibliyi edir, Avropanın enerji təhlükəsizliyində rol alır, Rusiyaya alternativ enerji mənbəyi rolunda çıxış edir”.

Ekspert onu da bildirib ki, Rusiyanın son vaxtlar sanki Ermənistanın yox, Azərbaycanın yanında olması kimi yaratdığı görüntüyə ictimai aldanış müşahidə olunur: "Biz bu yanlış görüntüyə aldanmamalıyıq. Çünki Rusiya heç vaxt Ermənistanı Azərbaycanın ayağına verməyəcək. Əksinə, Moskva hər zaman olduğu kimi, bu gün də Ermənistanın Azərbaycana qarşı olan marağını maksimum səviyyədə qoruyur. Sadəcə olaraq, onun Ermənistana hazırkı məqamda marağı azalıb. Çünki Rusiya Ermənistandan ala biləcəyini alıb. İndi isə müttəfiqlərin növbəti hədəfi Azərbaycandır”.

Anar Bayramoğlu