Politoloqlar Qüdrət Həsənquliyevin fikrini bölüşmürlər

“Elmar Məmmədyarov peşəkar və işini bilən nazirdir”



BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyətini kəskin şəkildə tənqid edərək XİN rəhbərini istefa verməyə çağırıb. E.Məmmədyarovu hökumətin tərkibindəki ən bacarıqsız nazir adlandıran deputat deyib ki, onun davranışından tutmuş verdiyi açıqlamalara və səfirlikləri idarəetmə qabiliyyətinə qədər heç nə yerində deyil:

"Məsələn, nazir erməni həmkarı Nalbandyanla yan-yana duranda düşmən ölkə diplomatı çox ciddi görkəm alır, elə poza verir ki, sanki Ermənistanın torpaqları işğal altındadır. Amma bizim nazir gülür və səbəbsiz yerə çiyinlərini yellədir. Hər halda onun davranışları qıraqdan müşahidə edən heç kimə yaxşı görünmür. Bu yanaşma ölkənin xarici siyasət idarəsinin başında duran şəxslə bağlı mənim subyektiv mövqeyimdir və şəxsi mənada da nazirlə heç bir problemim yoxdur. Sadəcə olaraq söyləmək istəyirəm ki, onu Bakıda başqa bir işə keçirmək lazımdır. O, ən uğursuz nazirlərindən biri kimi əvəzlənməlidir”.

Partiya sədri Azərbaycanın xarici ölkədəki səfirlərinin də ünvanına ittihamlar səsləndirib: "Müəyyən istisnalarla bacarıqlı səfirlərimiz var. Amma səfirlərimizin də böyük bir qismi elə nazirin özü kimi yerində olmayan adamlardı. Mənim xaricə çoxsaylı səfərlərim olur və orada bunun şahidi oluram. Bəzi diplomatlar səfirliklərin binalarını öz bizneslərini qurmaq istiqamətində kommersiya məqsədləri üçün istifadə edirlər. Səfirlərin bir çoxu Azərbaycan haqqında kiçik həqiqəti orta səviyyəli mətbu orqanında dərc etdirmək imkanlarına malik deyillər. Faktiki olaraq onların fəaliyyəti sıfıra bərabərdir. Gecikmədən kadr islahatlarına başlanılmalı və bu iş yenidən qurulmalıdır”. Uzun illərdir heç bir siyasi qüvvə ayrı-ayrılıqda hansısa nazirin fəaliyyətini dəyərləndirməyib və konkret nazirin istefasını tələb etməyib. Bu baxımdan Q.Həsənquliyevin çağırışını Azərbaycan siyasətində bir ilk kimi dəyərləndirmək mümkündür. İqtidar və müxalifət düşərgəsində yer alan əksər siyasətçilər deputatın sərt tənqidinə rəy verməkdən imtina etsələr də, müstəqil politoloqlar fikirlərini bildirməkdən çəkinməyiblər.

Sabiq dövlət müşaviri, professor Qabil Hüseynli deyir ki, bir-iki qüsurunu çıxmaq şərti ilə XİN rəhbərliyinə ən uyğun namizəd E.Məmmədyarovdur:

"Hər gözəlin bir eybi var” deyirlər. Azərbaycan dilini yaxşı bilməməsi nazirin ən ciddi qüsurudur. Ancaq digər sahələrdə potensialı yüksəkdir. Məsələn, bir neçə əcnəbi dil bilməsi və xarici diplomatiyada peşəkar olması nazirin üstünlükləridir. E.Məmmədyarov özünü təsdiq etmiş siyasətçidir. Uzun zamandır siyasi proseslərin içində bişən, Dağlıq Qarabağ məsələsinə kifayət qədər vaqif olan adamdır. O, hazırda xarici işlər naziri kimi Avropa Şurası Nazirlər Kabinetinin sədri səlahiyyətlərini yerinə yetirir və bu vasitə ilə Azərbaycanı daha geniş miqyasda təmsil edir. Hələ nazirin beynəlxalq quruma sədrlik etməsindən uzun zaman keçməyib. Onun xidmətinə rəy vermək üçün prosesin sonunu gözləmək lazımdır. Bu baxımdan, nazirin tənqid edilməsini lüzumsuz hesab edirəm”. Q.Hüseynli millət vəkilinin xarici işlər nazirini tənqid etməsində qərəzli məqsəd güddüyünə inanmır: "Yəqin Q.Həsənquliyev xarici siyasətimizi daha yaxşı görmək istəyir. Amma indiki halda E.Məmmədyarovun əvəzlənməsinə zərurət yoxdur”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da E.Məmmədyarovu hakim komandada ən intellektual nazirlərdən biri kimi görür: "Diplomat gülümsəyir, ağlayır kimi iddialar əsassızdır. Əsaslı iddia o zaman olardı ki, nazir işinin öhdəsindən gəlməsin. Əgər Azərbaycanın uğurlu siyasətindən, dünyada artan rolundan, böyük gücə çevrilməsindən dönə-dönə danışılırsa, şübhəsiz ki, burda XİN rəhbərinin öz xidmət payı var. Ona görə də, onun tənqid olunması mənə çatmır. E.Məmmədyarov nazirlər içərisində ən savadlısıdır. Bu adam Azərbaycanı dünyaya çıxaracaq səviyyədədir”.

İsmayıl