Ukrayna hadisələrindən sonra Vaşinqton anladı ki...





"Yeni Müsavat” qəzetinin ötən sayında "Konqresə təqdim olunan layihənin daha bir hədəfi” başlıqlı yazı dərc olunub. Məqalədə ABŞ konqresinə təqdim olunan, artıq ikinci oxunuşdan keçən və postsovet məkanında Rusiya təcavüzünün qarşısının alınması barədə qanun layihəsindən bəhs olunur.

Qəzet yazır ki, sözügedən proqramda Amerikanın Azərbaycanı Moskvadan gizli qorumaq planı özünə yer alıb. Yazıda o da göstərilir ki, planın digər məqsədi hazırkı mərhələdə Kremlin Qarabağda yeni savaş açmasını əngəlləməyə yönəlib. Ona görə də iddia olunur ki, münaqişənin ədalətli çözümü Moskvaya deyil, demokratiya müstəvisinə bağlıdırsa, rəsmi Bakı bu plana ən azından mane olmamalıdır.

Layihənin strateji əhəmiyyətə malik olduğunu söyləyən politoloq Natiq Miri bizə açıqlamasında qeyd edib ki, belə bir layihə mövcud olmadığı üçün 2008-ci ildə Gürcüstan hadisələrinə Amerika hərbi müdaxilə edə bilmədi: "Amma Ukrayna hadisələrindən sonra rəsmi Vaşinqton ayıldı ki, bu cür təhlükəsizlik kəmərinin olması çox vacibdir. Rusiyanın təhlükəsi olan bütün ölkələr üçün bu layihə çox mühümdür”.

Ekspert bildirib ki, ABŞ-ın addımı postsovet məkanındakı ölkələri Rusiya təhlükəsindən müdafiə etməyə hesablanıb: "Amerika istəmir ki, regionun digər ölkələri də Ukaryanın aqibətini yaşasın. Rəsmi Vaşinqton ölkəmizə təhlükəsizlik çətiri çəkmək niyyətindədir. Hesab edirəm ki, layihəyə dırnaqarası baxmaq düzgün yanaşma deyil”.

Ayyət Əhməd