Qərb dünyası Putin Rusiyasının ambisiyalı davranışından narahatdır

Elman Nəsirli: “Bu səbəbdən Ukrayna hadisələrindən, xüsusən də təyyarə qəzasından maksimum faydalanmaq siyasətini həyata keçirirlər”




Hollandiyadan Malayziyaya uçan 300 nəfərlik sərnişin təyyarəsinin Ukrayna səmasında vurulmasının səbəbləri, hadisənin pərdə arxası tam olaraq bilinməsə də, Qərb israrla Rusiyanı ittiham edir. Rəsmi Moskvanın hədəfə çevrilməsinin əsas səbəbi isə təyyarənin Kremlin dəstəklədiyi separatçıların nəzarət etdiyi ərazidə vurulmasıdır. "Qara qutunun” separatçılar tərəfindən ələ keçirilməsi və məhv edilməsi iddiası da Rusiyanın günahlandırılmasına əsas verir. ABŞ prezidenti Barak Obama da Rusiyanı tam izolyasiya ilə hədələyib. Ukraynadakı situasiya ilə bağlı bəyanatla çıxış edən Obama Rusiyanı xəbərdar edib ki, əgər Kreml separatçılara dəstək verməyi dayandırmasa, dünyadan tam izolyasiya ediləcək:

"Moskva separatçıları müdafiə edirsə, onların beynəlxalq komissiya ilə əməkdaşlığına görə məsuliyyəti də Rusiya daşıyır”. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Zbiqnev Bzejinski də bəyan edib ki, beynəlxalq ictimaiyyət vahid cəbhədə çıxış edərsə, Putini durdurmaq üçün ən uyğun məqamdır”. Ancaq qəzada Rusiyanın əli olduğu tam sübuta yetirilmədiyinə görə, rəsmi Moskva ona qarşı sürülən ittihamları qəbul etmir və hadisədə Ukrayna hökumətini günahlandırır. Separatçıların tədqiqat qrupunu hadisə yerinə buraxmaması isə gerçəklərin su üzünə çıxmasına maneçilik törədir.

Ukraynadakı təyyarə qəzası ilə bağlı "Şərq”in suallarını cavablandıran Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elman Nəsirli

deyib ki, hadisənin separatçıların nəzarətində olan ərazi üzərində vurulması onları dəstəkləyən Kremli şübhə altında qoyur.

- Təyyarə qəzasında Rusiyanı günahkar edən dəlillər hansılardır?

- Hadisənin separatçıların nəzarət etdiyi ərazidə qəzaya uğraması və raket qurğusunun Rusiyaya məxsus olması Kremlin ittiham olunmasını şərtləndirən əsas amillərdir. Buna görə də, ABŞ-ın prezidenti Obama və vitse-prezidenti C.Bayden birmənalı şəkildə rus separatçılarını ittiham edirlər. Əslində Donetskdəki separatçıları Rusiyanın dəstəklədiyi heç kimə sirr deyil. Peykdən çəkilən görüntülərdən də aydın olur ki, təxminən 14 kilometr məsafəni vura bilən raket-zenit komleksləri məhz Rusiyadan Ukraynanın şərqinə gətirilib. Eyni zamanda kadrlarda bir fakt da qeydə alınıb ki, atəş açıldıqdan və Malayziyaya məxsus təyyarə vurulduqdan sonra raket qurğusu yenidən geri qaytarılıb və geri qaytarılan qurğuda bir raketin əskik olduğu üzə çıxıb. Həmçinin hadisədən dərhal sonra, gecə ikən Putinin xalqa müraciət edərək qəzada Ukrayna hökumətini günahlandırması da suçlunun özünümüdafiəsi kimi dəyərləndirilə bilər. Həm də Putin konkret olaraq hadisəni separatçıların törətmədiyini iddia etmədi.

- Rusiya hökuməti də ortaya faktlar qoyur. Rus ordusunun generalı A.Kartopolov deyib ki, radarlar qəzaya uğrayan "Boeing-777” təyyarəsinin altında uçan Ukraynaya məxsus "Su-25” hərbi təyyarəsini qeydə alıb...

- Hələ ki, beynəlxalq ekspertiza son sözünü deməyib. Belə olan vəziyyətdə ancaq informasiya müharibəsi aparmaq mümkündür. Şübhəsiz, Rusiya ciddi-cəhdlə çalışacaq ki, məhz Ukraynanı ittiham etsin. Ukrayna da eyni xətt üzrə çalışacaq ki, hadisədə Moskvanı suçlasın. Təbii ki, suçlamalar üçün ortaya, gerçək, ya da yalan, fərqi yoxdur, hansısa faktlar qoyulmalıdır. Ona görə də, indiki halda hansı tərəfin həqiqəti dediyini söyləmək mümkün deyil. Yalnız beynəlxalq müşahidəçilərin verdiyi ortaq rəy doğru və etibarlı qəbul edilə bilər. Xüsusən də, "qara qutunun” açılması və şifrələrinin oxunması müəyyən həqiqətlərə ayna tutacaq. Ancaq istənilən halda Ukraynanın mövqeyini gücləndirən peykdən çəkilmiş görüntülər var. Həm də Ukraynanın təhlükəsizlik xidməti mülki təyyarənin vurulması zamanı separatçı qüvvələr arasında aparılan danışıqların mətnini əldə edib. Hesab edirəm ki, bu dəlillər istintaq prosesinə çox fayda verəcək.

- İddialara görə, Malayziyaya məxsus təyyarə "səhvən” vurulub. Hədəfdə başqa təyyarə imiş...

- Hadisəni kimin törətdiyi mübahisə predmeti olduğundan konkret fikir söyləmək çətindir. İstənilən halda, hətta vurulan yük təyyarəsi olsaydı belə, Ukrayna səmasında uçan obyektin vurulması əsl cinayətdir. 300 nəfər mülki vətəndaşın öldürülməsi isə böyük faciədir. Burda deyiləsi söz yoxdur, amerikalılar demişkən, "no comment”. Fikrimcə, hadisə ilə bağlı daha dəqiq proqnoz vermək üçün bir qədər gözləmək lazımdır.

- "Qara qutunun” separatçıların əlində olması iddiasına münasibətiniz necədir? Sizcə, hansı səbəblərdən qutu ortaya çıxarılmır?

- Hadisə baş verən ərazi faktiki olaraq Ukrayna hakimiyyətinin nəzarətində deyil. Ona görə də, beynəlxalq komissiya üzvləri məntiqlə iddia edirlər ki, "qara qutu” separatçıların əlindədir. Əgər həqiqətən qutu separatçıların əlində deyilsə, onların bu işdə günahı yoxdursa, onda hansı səbəb "qara qutunun” beynəlxalq tədqiqatçılara verilməsinə mane olur? Düşünürəm ki, günahsız tərəf şübhəli addım atmaz. Əksinə, təqsiri olmayan insan həqiqətin üzə çıxmasında maraqlı olmalıdır. Əgər iddia edildiyi kimi, separatçılar "qara qutunu” ələ keçirib, onun oxunmasına, tədqiq olunmasına icazə vermirsə, bunun özü müəyyən nəticəyə gəlməyə əsas verir.

- Krımın işğalından sonra belə iddialar yayıldı ki, guya, Rusiya yaxın günlərdə çökəcək, məhv olacaq və s. Əgər təyyarə qəzasında Moskvanın əli olduğu sübuta yetirilərsə, bu olay Putin "hökmranlığına” son qoyacaqmı? Məsələn, Bzejinski belə düşünür...

- Hesab edirəm ki, bu məsələdə Bzejinski çox sərt mövqedən çıxış edib. Onun yanaşması daha çox anti-Putin mövqeyi kimi dəyərləndirilməlidir. Bzejinskinin bəyanatını məişət dilinə çevirsək, aydın olur ki, o və onun timsalında Qərb dairələri Rusiyada hakimiyyət başında Putini görmək istəmirlər. Ona görə, indiki təyyarə qəzasından istifadə edərək bütün Qərb aləmini Kreml əleyhinə çıxmağa sövq edirlər. Çünki Putinin Avrasiya və Gömrük İttifaqları layihələri Qərb dövlətlərində ciddi təşviş yaradıb. ABŞ və Avropa Birliyi ölkələri Putinin fəaliyyətini SSRİ-ni bərpa etmək kimi dəyərləndirirlər. Yəni Qərb dünyası Putin Rusiyasının ambisiyalı davranışından narahatdır. Bu səbəbdən Ukrayna hadisələrindən, xüsusən də təyyarə qəzasından Putin hakimiyyətinə qarşı maksimum faydalanmaq siyasətini həyata keçirirlər. Əgər belə vəziyyətdə Kreml rəhbəri kompramis yolunu seçməzsə, əksinə, daha kəskin siyasi xəttə üstünlük verərsə, ciddi strateji səhv etmiş olar. Çünki 300 nəfərin məhv edilməsi bütün bəşəriyyəti Rusiya əleyhinə çevirmək üçün Qərbin əlində unikal bir şansdır.

- Qərb Putini devirmək üçün hansı üsullara əl ata bilər?

- İlkin olaraq Rusiyaya qarşı beynəlxalq sanksiyalar daha da kəskinləşəcək. Qarşıdan qışın gəldiyini nəzərə alsaq, Rusiya iqtisadiyyatının çox ciddi təhdidlərlə üz-üzə qalacağını etimal etmək olar. Hətta elə bir vəziyyət yaranar ki, bu gün Putini müdafiə edən xalq sabah fərqli mövqedən çıxış edər və indiki yarıtmaz hökumətin istefasını tələb edər.

İsmayıl