Fitrə zəkatı pulla da çıxarıla bilər

“Burada qəbahət, şəriətə zidd heç nə yoxdur”



Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının bayram namazının qılınacağı tarixi açıqlayıb. QMİ-nin mətbuat xidmətinin məlumatına görə, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq.

İyulun 28-i isə bayram axşamıdır. İyulun 28-i Ramazan ayının sonuncu günüdür. Bununla belə bəzi ilahiyyatçılar hər ehtimala qarşı iyulun 28-i sahura qalxmağı və bayram namazınadək oruc niyyəti saxlamağı tövsiyə edirlər. Bayram namazı qılındıqdan sonra isə qidalanmaq artıq sərbəstdir.

Ramazan ayının vacib əməllərindən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatı ailənin hər üzvünün sayına görə ayrılır. İslam qanunlarına görə fitrə zəkatı ya 3 kiloqram buğda, ya arpa, xurma, kişmiş və s. məhsullardan və ya onların dəyəri qədər pulla çıxarılır. Amma bəzi mənbələrdə fitrə zəkatının pula ödənilməsinin şəriətə zidd olduğu da bildirilir. Qeyd edilir ki, fitrə zəkatı yalnız göstərilən ərzaqlardan, bu mümkün deyilsə, başqa ərzaq növlərindən, amma mütləq ərzaq formasında olmalıdır.

Məsələni "Şərq”ə şərh edən ilahiyyatçı, "Mədəni Dünya” İctimai Birliyinin sədri, "Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirdi ki, fitrə zəkatı pulla da çıxarıla bilər, ərzaq formasında da:

- Burada şəriətə ziddi heç nə yoxdur. Fitrə zəkatının miqdarı 3 kiloqramdan götürülür. Ya buğda, ya arpa, ya da xurma, kişmiş kimi məhsullardan. Biz elə bir dövrdə yaşayırıq ki, kiməsə 3 kiloqram buğda və ya arpa, xurma, kişmiş vermək normal hal sayıla bilməz. Ona görə də 3 kiloqram buğdanın əvəzinə çörəyin normal halda qiyməti götürülür.

Həm də hazırda çörəyin 1 kiloqramı 1 kiloqram buğdanın qiymətindən bahadır. Hardasa 1 manat pul eləyir. Bu qiyməti 3-ə vuranda normal məbləğ alınır. Bir ailənin 4 üzvü varsa, ailə başçısı hər ailə üzvünə görə 3 manat fitrə pulu çıxarırsa, 12 manat pul edir. Bu, heç də az məbləğ deyil. Ailədə ailə başçısından savayı evə qazanc gətirən və ya qazancı olan kimsə varsa, onlar da ayrıca fitrə zəkatı verə bilər. Və yaxud fitrə zəkatı ailənin ümumi büdcəsindən çıxarılır. Fitrə zəkatı vermək ailə başçısının öhdəsinə düşən vəzifədir, vacib əməldir.

Kim də özü kiməsə yardım etmək istəyirsə, lap yaxşı, qoy etsin. İslam yardımlaşmaq, paylaşmaq dinidir. Xüsusən də belə mübarək və müqəddəs bir ayda.

H.Ş.Həsənli bəzən müsəlmanların fəqir insanları müəyyənləşdirməkdə çətinlik çəkməsinə də aydınlıq gətirdi:

- Bəzən insanlar deyir ki, bilmirik, fitrə zəkatını kimə verək. Üzdən baxırsan, fəqirdirlər, amma əslində, imkanları var. Birincisi, fəqir insan odur ki, özünü keçindirə bilməsin. Burada bir insanın evinə çörək pulu gətirib-gətirmədiyi nəzərə alınmır, məhz bu amilə diqqət edilir ki, bu

insan ailəsini təmin etmək gücündədirmi? Ailənin təminatı təkcə gündəlik çörəklə ölçülmür. Ona qalsa, gərək heç kimə fitrə pulu verməyəsən, çünki, şükür Allaha, hamı yeməyə çörək tapır. İnsanın xeyli sayda başqa tələbatları ola bilər ki, ailə başçısı onları ödəyə bilməz. Məsələn, övladlarının təhsil haqqı, müalicə xərcləri, ev xərcləri və s. Ailənin təminatında problem yaşayan insan fəqirdir. Və fitrə zəkatı da ona verilə bilər.

İlahiyyatçı bildirdi ki, fitrə zəkatı mümkün qədər tez çıxarılmalıdır. Və bayram namazından sonraya saxlanmamalı, bayramdan öncəki gün ödənsə yaxşıdır.

Qeyd edək ki, iyulun 28-i və 29-u Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib. Həmin tarixlər qeyri-iş günüdür.

Allah oruc və namazlarınızı qəbul etsin!

Məlahət Rzayeva