Qubad İbadoğlu kriteriyalara tam cavab vermir

“Başqan seçmək Müsavatın daxili işidir”




Son günlər ən çox müzakirə olunan mövzulardan biri Müsavat Partiyasının qurultay məsələsidir. Qurultay keçiriləcəyi təqdirdə partiya nizamnaməsinə əsasən, İsa Qəmbər başqanlıqdan getməli, onu başqası əvəzləməlidir. Sədrliyə namizədlər sırasında bir neçə partiya yetkilisinin adı çəkilir. Favorit kimi təşkilatın divan üzvü Qubad İbadoğlu və qurumun aparat rəhbəri Arif Hacılının adı hallanır.

Partiya üzvlərinin sosial şəbəkələrdə apardığı müzakirələrdən çıxış etsək, onlardan Q.İbadoğlunun daha çox səs qazanacağı ehtimal olunur. Hətta bir neçə partiya təmsilçisi ona səs verəcəyini öncədən açıqlayıb. Belə ki, ötən günlərdə partiyanın digər divan üzvü Vurğun Əyyub Q.İbadoğlunun namizədliyini dəstəkləyəcəyini bildirib. Amma Q.İbadoğlunun başqanlıq görəvinin öhdəsindən gələ bilməyəcəyini düşünənlər də az deyil.

Maraqlıdır, görəsən digər təşkilat yetkilələri Q.İbadoğlunun namizədliyini və başqanlığını necə dəyərləndirir?

Q.İbadoğlunun savadlı və ziyalı şəxsiyyət olduğunu deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında onun təşkilatçılıq qabiliyyətindən xəbərsiz olduğunu söyləyib: "Yaxşı iş yalnız ağıl və savad deyil, eyni zamanda çeviklik tələb edir. Bu baxımdan hesab edirəm ki, Q.İbadoğlu kriteriyalara tam cavab vermir”.

Həmkarlarına yeni başqan seçkisində uğurlar arzulayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev bu seçimin təşkilatın daxili məsələsi olduğunu vurğulayıb: "Kiminsə namizədliyini qiymətləndirə bilmərik. "Müsavat”ın başına kimin gəlməsi bizə maraqlı deyil. Qurumda cərəyan edən prosesləri izləmirik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu hesab edir ki, "Müsavat” daxilində yenilik olmalıdır. Yeni liderlərin ortaya çıxmasına şərait yaradılmalıdır: "Ölkəmizdə yeni siyasi nəslin yetişməsi üçün imkanlar çox məhduddur. Özünü siyasi səhnədə uzun müddət qoruyan liderlərin kölgəsində yeni təffəkkür ortaya çıxmır. Sədrliyə kimin gətirilməsindən asılı olmayaraq gələn adam yeni nəfəs olacaq”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublunun qənaətincə, İ.Qəmbərin başqanlıqdan getməsi, partiya üçün müsbət heç nə vəd etmir: "Quruma İ.Qəmbər başqanlıq etməyəcəksə, problemlər yaşana bilər. Hər halda təşkilatın daxili işidir. İsa bəyin xeyir-duası olmadan hansısa şəxsin başqanlığa keçməsi çətin olacaq. Bütün hallarda uğurlar arzulayıram”.

Ayyət Əhməd