Moskvanın “test” oyunu populizmdir

Miqrantlardan imtahan götürülməsi, Rusiyanın əlində rıçaqa çevriləcək




2015-ci il yanvarın 1-dən Rusiyada müvəqqəti yaşamaq və işləmək razılığı almaq istəyən miqrantlar testdən keçməli olacaqlar. Test rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsasları üzərində aparılacaq. Hazırda Rusiya Xalqlar Dostluğu Universitetində miqrantlar üçün imtahan sualları hazırlanır. Universitetin prorektoru Doljikova sualların ən vacib hadisələri əhatə etdiyini bildirib:

"Testə tarixi günlər, hərbçilər, şairlər, yazıçılar və bəzi müasir siyasətçilər də daxil olmaqla 50 xadim haqda suallar salınacaq”. Prorektorun sözlərinə görə, rus dili üzrə testlər miqrantlar üçün indi qüvvədə olan testləşmədən bir az fərqlənəcək. Əcnəbi vətəndaşlar Rusiyada özlərini düzgün aparmaq və inzibati məsuliyyətə cəlb olunmamaq üçün bu suallara cavab verməli olacaq. Doljikova miqrantları test imtahanına hazırlamaq üçün dərsliklərin çap olunduğunu da vurğulayıb.

Miqrantlarla bağlı yeniliyi şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, bir müddət öncə vətəndaşlıqla bağlı Rusiya qanunvericiliyində aparılan ciddi sadələşdirilmə prosesi ölkədəki millətçi kəsimdə narahatlıq yaradıb. Həmin narahatlığın qarşısını almaq üçün Rusiya hökuməti populist siyasi qərar kimi belə bir addım atmağa məcbur olub: "Qeyri millətlərin Rusiyaya köçməsi və illər sonra rus tarixindən və dilindən uzaq insanların əhalinin əksər hissəsini təşkil etməsi millətçiləri qorxuya salıb. İstənilən halda bu dəyişiklik Rusiyadakı miqrantlara mənfi təsir edəcək. Eyni zamanda hesab edirəm ki, bu imtahanlar hakimiyyətin əlində rıçaqa çevriləcək. Çünki Rusiya kimi bir ölkədə normal qayda-qanunlara uyğun imtahanların keçiriləcəyini gözləmək əbəsdir. Hökumət istəmədiyi müəyyən qrupdan olan şəxslərə bu imtahanlar vasitəsilə vətəndaşlığın verilməsini gecikdirəcək və yaxud da mümkünsüz edəcək. Əslində bu, siyasi bir qərardır”.

Bu məsələnin Azərbaycan vətəndaşlarına təsirinə gəlincə isə, N.Cəfərli bildirib ki, Rusiyaya işləmək üçün gedənlərin əksəriyyəti regionlardan olduğundan, onlar rus dilini kifayət qədər bilməyənlərdir. Ona görə də, sözügedən qaydaların tətbiqindən sonra onların vətəndaşlıq alması çətinləşəcək: "Rusiyada korrupsiya geniş yayıldığına görə, bizim insanlara vətəndaşlığın alınması baha başa gələcək. Azərbaycandan gedən insanlar üçün Rusiyada gələcəkdə belə bir problemlərin olması labüddür”.

Miqrasiya məsələləri üzrə ekspert, hüquqşünas Azər Allahverənov isə vurğulayıb ki, burada söhbət bütün miqrantlardan yox, sadəcə əməkçi miqrantlardan gedir: "Rusiyaya gedib orada miqrasiya kartı əldə edən şəxs artıq miqrant sayılır. Bu statusla həmin şəxs 90 gün ərzində Rusiyada yaşaya bilər. Amma vaxt bitdikdən sonra ölkə ərazisini tərk etməlidir. Bir də var bu və ya digər şəxs ölkə ərazisinə daxil olub, orada əmək fəaliyyətilə məşğul olmaq istəyini bildirərək, müvafiq qaydada əmək müqaviləsini imzalayır və əməkçi miqrant kartını əldə edir. Bunun üçün də, lazımi instansiyalardan arayışlar götürür. Rus dilini və tarixini bilmək məsələsi də məhz əməkçi miqrantlara şamil olunur. Bəzi mənbələrdə deyildiyi kimi, bütün miqrantlara aid deyil. Rus dilindən imtahan vermək şərti hamıya şamil olunmur”.

A.Allahverənovun sözlərinə görə, azərbaycanlı əməkçi miqrantların dövlət dilini bilməsi, sosial və ictimai mühitə uyğunlaşması vacibdir: "Ən azından ona görə ki, o, yerli insanlarla ünsiyyətdə olur. Ona görə də, Rusiya hökuməti bu prosesdə bir neçə səbəbdən maraqlıdır. Burada hüquqi, sosial-mədəni və digər aspektlər var. Miqrantın özü də maraqlı olmalıdır ki, əmək fəaliyyətini effektiv şəkildə həyata keçirə bilsin. Pul qazanmağın effektiv yollarından biri də məhz yerli dili mənimsəməkdir. Bizimkilər Avropa məkanına həmin ölkələrin dillərini rus dili ilə müqayisədə yaxşı bilməmələri səbəbindən az üz tuturlar. Rusiya bizim üçün ən əlverişli ölkədir. Bu mənada miqrant da həmin dildə danışmağı öyrənməlidir”.

Buna baxmayaraq ekspert də bildirib ki, Rusiyanın tikinti sahəsində çalışan soydaşlarımız üçün çətinlik yaranacaq: "Tikintidə işləyənlərin böyük əksəriyyəti azərbaycanlıdır. Tikinti meydançası çərçivəsində dil bilmək o qədər də vacib hesab olunmur. Bu sahədə çalışan soydaşlarımızla bağlı problemlər yarana bilər. Amma hüquqi baxımdan onlar da rus dilini bilməlidir. Ümumiyyətlə, dil məsələsində bizim miqrantlar üçün ciddi problem yoxdur. Azərbaycan əhalisinin azı üçdə biri rus dilində orta səviyyədə və ya sərbəst danışır”.

A.Allahverənov bu qərarın müəyyən mənada Rusiyaya miqrant axınının qarşısını alacağını düşünür: "Əgər proses sərt formada və ya qanundan kənar həyata keçiriləcəksə, Rusiyaya əməkçi miqrant olaraq getmək istəyən insanların sayının istər-istəməz azalmasına gətirib çıxaracaq. Eşitdiyimə görə, imtahanlar pullu əsaslarla olacaq. Səhv etmirəmsə, miqrant imtahan üçün 2500 rubl ödəməlidir. İmtahanı verə bilmədikdə, yenidən bu qədər pul ödəyib, imtahana girməlidir”.

İsmayıl