“Qobustan” ağır həbsxanadır

Ora rəis təyin edəndə çalışırlar ki, həmin şəxs vəzifəsinin öhdəsindən gəlsin



Məşhur Qobustan təcridxanasına yeni rəis təyin edilib. Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədəd Quliyevin əmri ilə Qobustan qapalı təcridxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova tapşırılıb. Qeyd edək ki, bu təyinatdan öncə F.Qafarov 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsini icra edirdi.

Qobustan təcridxanasında bundan əvvəl Şahin Osmanov rəis idi. O da bir başqasını - Kazım Abdullayevi əvəzləmişdi. Məhbuslar K.Abdullayevin əlindən "dad” eləyirdilər. Ş.Osmanov onu əvəzləyəndə ilk vaxtlar hamı onu təriflədi. Amma bir müddət keçdikdən sonra Ş.Osmanovdan da şikayətlər gəlməyə başladı. Məhbuslar da, valideynləri də Ş.Osmanovun özbaşınalıqlarından narazılıqlarını dilə gətirirdilər. Nəhayət, Ş.Osmanov təqaüdə göndərildi. PX-nin rəisinin əmrində Ş.Osmanovun yaş həddi ilə bağlı vəzifədən alındığı bildirilir. Bəs görəsən, yeni rəislə məhbusların və valideynlərin münasibətləri necə olacaq. Nəzərə alsaq ki, Qobustan qapalı təcridxanasının əsas məhbus kontingenti "ömürlüklər”dir, təzə iş yerində yeni rəis üçün heç də asan keçməyəcəyini təxmin etmək olar.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov "Şərq”ə açıqlamasında Qobustan qapalı təcridxanasının həqiqətən də çətin məkan olduğunu dedi:

- Bilirsiz ki, "Qobustan”da ömürlük məhbuslar saxlanılır. Qobustan ağır həbsxanadır. Orada işləmək çox çətindi. Mən ədliyyə naziri yanında İctimai Nəzarət Şurasının üzvü olmuşam, həbsxanalara getmişəm, məhbuslarla görüşmüşəm və bilirəm ki, çətin idarə olunan cəzaçəkmə müəssisələri var. Onlardan biri də Qobustan qapalı təcridxanasıdır. Ömürlük məhbusla müəyyən müddətə azadlıqdan məhrum edilmiş məhbus arasında fərq var. Azadlıqdan məhrum edilmiş şəxslər bir müddət sonra azadlığa çıxacaqlarını bilirlər. Bu hiss onlara öz davranışlarına, hərəkətlərinə diqqət etməyə sövq edir. Amma "ömürlük” məhbus artıq hər şeyini itirmiş, gələcəyə heç bir ümidi qalmayan adamdı. Buna görə də onlar bəzi hallarda heç nəyə fikir vermədən istəklərinin, tələblərinin yerinə yetirilməsini tələb edirlər. Bunun üçün heç nədən çəkinmirlər. Ora rəis təyin ediləndə çalışırlar ki, həmin şəxs vəzifəsinin öhdəsindən gələ bilən adam olsun. Mədəd Quliyev işində peşəkardır, düzgün təyinatlar edir. Mən Fikrət Qafarovu tanıyıram. İşini biləndir, məhkumları incidən rəis deyil. Fikrət Qafarov bir neçə həbsxanada rəis işləyib; 11, 13, 1 saylıda. 1 saylı cəzaçəkmə müəssisəsi də ağır həbsxana sayılır. Əgər o, 1 saylıda işləyə bilibsə, deməli, Qobustanda da işləyəcək.

E.Behbudov cəzaçəkmə müəssisələrindəki durumun rəislərin fəaliyyətindən birbaşa asılı olduğunu da bildirdi:

- Cəzaçəkmə müəssisəsində hər şey rəisin fəaliyyətindən asılıdır. Həbsxana rəisi peşəkardırsa, öz işini biləndirsə, məhkumlarla dil tapıb işləyəcək, yox peşəkar deyilsə, işləyə bilməz. Rəis gərək məhkumları incitməsin. Məhkumlarla yola getməyən rəisi heç yerdə sevmirlər. Mən həbsxana, istintaq təcridxanası, polis bölməsi rəislərinin tez-tez dəyişdirilməsinə də müsbət baxıram. Birincisi, yaxşı kadr təyin olunduğu hər bir yerdə stabilliyi qorumalıdır, ikincisi də, bir nəfər uzun müddət eyni yerdə rəis qalanda problemlər çoxalır, özündən arxayınlıq hissi yaranır, bu da iş prosesinə mənfi təsir edir. Həbsxana, təcridxana, polis rəislərinin əvəzlənmələri işin xeyrinədir.

Məlahət Rzayeva