Qantəmir təxəllüslü azərbaycançı...

Qafur Qantəmir qələmi ilə hər zaman milli ideyamızı təbliğ edib




Onu çoxlarımız, bəlkə də, yaxşı tanımırıq, çünki haqqında az yazılıb və sonralar da, nə üçünsə yaradıcılığına münasibətdə olduqca ehtiyatlı davranılıb. Amma Q.Qantəmirin Azərbaycan ədəbiyyatı və xalqı qarşısında xidmətləri heç də o dövrdəki şair və yazıçılarımızdan az olmayıb. O, ötən əsrin 20-30-cu illər ədəbiyyatımızın realist yazıçılarından biri idi və yazdığı kiçik, satirik ruhlu hekayələri ilə, belə demək mümkünsə, sovetlərin iç üzünü ifşa edirdi. Təsadüfi deyil ki, o dövrün tanınmış tənqidçilərindən biri hesab edilən Mustafa Quliyev: "Qantəmirin yazdığı hekayələrdəki hər cümlə sovet rejiminin əleyhinə çevrilib. O, çəkinmədən yazdığı hər cümlə, hər sözlə sovet hökumətinə atəş açır, özünü sovet hökumətinin qatı düşməni kimi aparır”,- deyə yazırdı. Əslində həmin dövrdə Qantəmirin sovet hökumətinə qarşı qələmi ilə apardığı mübarizə Əhməd Cavad, Salman Mümtaz, Hüseyn Cavid, Mükayıl Müşfiq və digərlərinin rejimə qarşı açdıqları savaşın bir səhifəsi idi. O, bu mübarizədə başına nələrin gələcəyini öncədən hiss etmiş və ona görə də, özünə Qantəmir ədəbi təxəllüsünü götürmüşdü. Yazdığı ifşaedici hekayələri ilə bu müqəddəs vətənin səadəti üçün insanları rejimə qarşı yeni azadlıq savaşlarına hazırlamaq istəyirdi. Elə bu yolda da gözlərini belə qırpmadan ölümə getdi.

Azadlıq savaşına aparan yol

Qafur Sədrəddin oğlu Əfəndiyev 1888-ci ildə Azərbaycan milli istiqlalına onlarla qəhrəman bəxş etmiş Göyçay mahalında anadan olub. Həmin dövrdə Qafurun atası Sədrəddin Əfəndi dövrünün tanınmış maarifpərvər ziyalılarından biri hesab edilirdi. O, mədrəsədə dərs deməsinə baxmayaraq, o dövrdə çox insanların zehinlərində kök salan dini fanatizmdən uzaq, mövcud reallığa obyektiv yanaşmağı bacaran açıqgözlü, Zərdabi ruhlu bir ziyalı idi. Çarizmin müstəmləkəçilik siyasətini yaxşı başa düşən və Sədi Salis təxəllüsü ilə şeirlər yazan Sədrəddin Əfəndi mədrəsədə dərs dediyi uşaqlara vətən sevgisini, istiqlalı, savaş ruhunu aşılayır və onların əsl vətənpərvər kimi yetişməsi üçün əlindən gələni edirdi. O, mədrəsədə dərs dediyi oğlu Qafura da uşaq yaşlarından vətən sevgisi aşılayır və tədricən onu gələcək savaşlara hazırlayırdı. Hələ kiçik yaşlarından atasının təsiri altında klassik şərq şairlərinin əsərləri ilə yaxından tanış olan Qafur gecə-gündüz mütaliə edir, gizlicə şeirlər yazardı. Amma atası onun ədəbiyyata və şeirə marağını hiss edirdi . Ona görə də, oğluna mükəmməl təhsil vermək niyyətində idi. Sədrəddin Əfəndi 1905-ci ildə artıq 17 yaşında olan oğlu Qafuru Göyçaya gətirərək, o dövrün açıqfikirli, dünyagörüşlü, tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbə qoydu. Bu məktəbdə oxuduğu illər Qafurun həyatında yeni səhifələr açaraq, onun gələcək həyat yolunu müəyyən etməsində mühüm rol oynadı. İbrahim Həqqi yeni üsulda açdığı məktəbdə həm avropatipli, həm də Şərq ruhuna uyğun gələn bir təhsil verməyi qarşısına əsas məqsəd kimi qoyurdu. Bu məqsədlə də o, Qərb və Şərq təhsilini sintez edərək yeni bir mükəmməl dərs sistemi yaratdı. O, uşaqları çox sevir və onların simasında gələcəkdə özünün də dediyi kimi, Azərbaycanı dünyada tanıdacaq ziyalılar, rəhbərlər görürdü. İbrahim Həqqi ilk gündən Qafurun simasında arzularını reallaşdıra biləcək bir gənc tapdığını anladı və onunla xüsusi məşğul olmağa başladı. Göyçayda sevimli müəllimi İbrahim Həqqinin məktəbində təhsilini başa vuran Qafur Əfəndiyev bir müddət "İqbal” məktəbində müəllimlik etdi. Bu məktəbdə o da şagirdlərə yeni üsulla dərs deyir və onların açıq, savaş ruhlu savadlı gənclər kimi yetişməsi üçün yorulmadan çalışırdı. "İqbal” məktəbində müəllimlik etdiyi dövrdə Qafur Əfəndiyevin həyatında daha bir önəmli hadisə baş verdi. O, həmin dövrün tanınmış ədəbi simaları olan Abbas Səhhət və Mirzə Ələkbər Sabirlə tanış oldu. Bu da gənc Qafurun ədəbi dünyagörüşündə silinməz izlər buraxaraq, onu bədii yaradıcılıqla məşğul olmağa həvəsləndirdi. Sonralar özünün də etiraf etdiyi kimi, uzun müddət Sabirin şeirlərinin təsiri altında qaldı. Hətta özünü ona bənzətmək, onun kimi yazmaq fikrinə də düşdü. Ancaq sonra hiss elədi ki, Sabir kimi, hətta Səhhət kimi belə, yaza bilməyəcək və olsa-olsa onları zəif şəkildə təqlid edəcək. Ona görə bu fikrindən vaz keçərək, özü bildiyi və qələminin gücü çatdığı kimi yazmağa çalışdı. Bu məqsədlə də kiçik hekayələr yazdı. Sonralar Q.Əfəndiyevin yaradıcılığını tədqiq edən araşdırmaçılardan biri: "Qantəmirin yazdığı kiçik hekayələrdə Sabir ruhu aydın nəzərə çarpır. O, yaradıcılığının ilk dövrlərində Sabirdən bəhrələndiyini və onun satirasını hekayəyə gətirmək istədiyini gizlətmirdi”. Bir az irəliyə gedərək onu da deyək ki, Sabirin satirasının ruhu Qafurun sonralar yazdığı hekayələrinin də ana xəttinə çevrildi: "Sabir öz şeirlərində millətinin maariflənməsini, ayıq olmasını nə qədər çox istəyirdisə, eləcə də qansızları, millət düşmənlərini, çar məmurlarını satira atəşinə tuturdusa, Qantəmir də hekayələrində bu ideyanı özünəməxsus şəkildə qabardırdı”.

Mühacirət həyatı...

Qafur hiss edirdi ki, onun həyatında nə isə çatışmır. O, Azərbaycandan kənara çıxmaq, heç olmasa, qonşu ölkələrlə yaxından tanış olmaq, təhsilini daha da artırmaq niyyətində idi. Xüsusilə qardaş Türkiyənin ədəbi mühiti onu maqnit kimi özünə cəzb edirdi. Bu məqsədlə də 1911-ci ildə Qafur həm təhsilini davam etdirmək, həm də İstanbulun simasında sivil dünyanı daha yaxından duymaq məqsədi ilə Türkiyəyə getdi. O, İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olaraq, burada oxumağa başladı. Həqiqətən də, İstanbul mühiti Qafurun dünyagörüşünün yeni istiqamətdə formalaşmasında, ədəbi baxımdan zənginləşməsində və siyasi baxımdan əsl vətənpərvər kimi yetişməsində xüsusi bir rol oynadı. İstanbul ədəbi mühiti ilə yaxından tanışlıq isə onu yazmağa daha çox ruhlandırdı. Həmin dövrdən başlayaraq yazdığı hekayələrini Qantəmir imzası ilə dərc etdirməyə başladı. Qafur da Hüseyn Cavid kimi İstanbul ədəbi mühitinə xas olan ədəbi üslub və dəyərləri Azərbaycan ədəbiyyatına gətirərək, onu məzmunca zənginləşdirdi, formaca təkmilləşdirdi. O da Cavid kimi İstanbul ədəbi mühitindən bəhrələnərək, ədəbi ləhcəmizə yeni özəllik gətirdi və beləliklə, Azərbaycanda, belə demək mümkünsə, İstanbul ədəbi dilinin ruzigarları əsməyə başladı. İstanbul ruzigarı Qantəmir yaradıcılığındakı Sabir satirasına xas olan özünəməxsusluqla və Mirzə Cəlil tərəfindən əsası qoyulan "Molla Nəsrəddin” məktəbinə xas olan ifşaedici məzmunla qovuşaraq, ədibin yaradıcılığını daha da zənginləşdirdi. Əslində Qantəmir də həmin dövrdəki Sabir və Mirzə Cəlil satirik məktəbinin nümayəndələrindən olan vətənpərvər yazıçı idi. O, həmin dövrdə Azərbaycan ədəbi mühitində xüsusi hörmətə və çəkiyə malik olan Abdulla Şaiq və Hüseyn Cavidlə səmimi dost idi. Bu əlaqələr isə, öz növbəsində, onların yazdığı əsərlərdəki ideya birliyində, əqidə həmrəyliyində özünü göstərməkdə idi. Qafur İstanbulda hekayələr yazıb. Ancaq təəssüflər olsun ki, onları çap etdirə bilməyib. Ürək ağrısı ilə qeyd edək ki, repressiya dövründə sürgündə öləndən və bəraət alandan sonra belə onun İstanbulda yazdığı hekayələr çap edilməyib. Niyə? Bu sualın cavabını, görünür, yenə də sovet rejiminin Türkiyə və İstanbul adı gələndə ehtiyat etməsində axtarmaq lazım gələcək.

"Bu məmləkətdə kim qalacaq?”

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ruh yüksəkliyi ilə pedaqoji fəaliyyətini davam etdirən Qantəmir həm dərs deməklə məşğul olur, həm də kiçik hekayələr yazırdı. O dövrdə yazdığı məqalələrindən birində yazır: "Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib. Biz onların axıtdıqları qanların hədər getməsinə yol verməməli, müstəqilliyimizin qorunub saxlanılması üçün hər birimiz şirin canımızdan keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan keçir”. Ona görə də, bolşeviklər tərəfindən müstəqil cümhuriyyətimizin devrilməsi yazıçıda böyük kədər hissləri

doğurdu. Sovetlər tərəfindən müstəqilliyimizin əldə edilməsində xidmətləri olan insanların sorğu-sualsız güllələnməsi yazıçının bir müddət özünə qapılmasına və vəziyyətdən çıxış yolu axtarmasına səbəb oldu. Əvvəlcə, Bakını tərk edərək xarici ölkələrdən birinə, daha doğrusu, qardaş Türkiyəyə getmək fikrinə düşdü. Ancaq sonra anladı ki, bu heç də düzgün çıxış yolu deyil. Həmin vaxt dostlarından birinə: "Hamı bu ölkəni tərk etməyə cəhd göstərir. Belə getsə, məmləkətdə kim qalacaq? Bu məmləkət bizə babalarımızdan yadigar qalıb. Onu qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq, bu yolda mübarizələr aparmaq müqəddəs vəzifələrimizdən biri olmalıdır” - deyə yazırdı.

Repressiya, sürgün həyatı və son...

Qantəmir bir çox vətənpərvər yazıçı və şairlərimiz kimi xaricə getməyərək Azərbaycanda qalmağı və müstəmləkə rejiminə qarşı mübarizəsini davam etdirməyi qərara aldı. Bu məqsədlə də, o, bolşevik rejiminin ilk illərində maarifçilik fəaliyyətini davam etdirdi. Həmin dövrdə o, doğma Göyçayda müəllim kadrları hazırlamaq üçün açılan qısamüddətli pedaqoji kursların işində fəal iştirak edirdi. Sonra isə Bakıya qayıdaraq, Ali Pedaqoji İnstitutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına İkinci Dərəcəli Nümunə Məktəbində direktor vəzifəsində çalışdı. Müəllimlik fəaliyyəti ilə yanaşı, tibb sahəsi də Qantəmiri özünə cəlb edirdi. Çünki əhali arasında tibbi kadrlar çatışmırdı. Bunu nəzərə alaraq, Qantəmir 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil oldu. O eyni zamanda müəllimlik fəaliyyətini də davam etdirdi. Həm müəllim, həm də tibb işçisi kimi mənsub olduğu xalqa xidmət edən Qantəmir bununla da daha geniş əhali kütləsi ilə yaxından tanış olmağa imkan tapdı. Bu da ona hər gün təmasda olduğu çoxsaylı kütləyə ehtiyatla da olsa, müstəqillik ideyalarını təbliğ etməyə, onları mübarizələrə səsləməyə imkan verirdi. Qantəmir dövri mətbuatda kiçik hekayələrlə görünürdü. Onun bu hekayələrində bolşevik rejiminin iç üzü çox ustalıqla ifşa edilirdi. Ötən əsrin 20-ci illərinin ikinci yarısında Qantəmir yazdığı ifşaedici hekayələrdən ibarət "Ağıl dəryası” və "Şarlatanlar” adlı kitablarını dərc etdirdi. Bu hekayələrdə mövcud rejimə qarşı olan etirazlar və üsyankarlıq xüsusi xidmət orqanlarının diqqətini çəkirdi. Bu məqsədlə ədəbiyyatda sapı özümüzdən olan baltaların köməyi ilə Qantəmir yarğılanmağa başlandı. Rejimin nökərlərindən Ə Hidayət imzalı birisi Qantəmirə böhtan atmaqda hamını kölgədə qoyurdu. Bu başabəla "tənqidçi”, daha doğrusu, iftira ustası Ə.Hidayət "Kommunist” qəzetinin 3 fevral 1936-cı il tarixli sayında "Boş və mənasız hırıltıya qarşı” məqaləsində Qantəmir haqqında yazırdı: "Qantəmiri biz hələ bu günə qədər xırda hekayələr müəllifi kimi tanıyırıq. Bu, həqiqətən, belədir. Qantəmir bizim nəsrimizə özünün haman xırda hekayələri ilə girib. Onun yaradıcılıq bioqrafiyasını da həmin xırda hekayələr təşkil edir. Qantəmir bizdə, demək olar ki, 1926-27-ci illərdən aktiv yazmağa və çap edilməyə başlayıb. Onun firqəmizin aprel qərarına qədər yazmış olduğu hekayələr "Ağıl dəryası” və "Şarlatanlar” kitabçasında toplanıb. Qantəmirin yazıçılıq yolu çox qısadır. Bu yaradıcılıq dərin və mürəkkəb bədii axtarış yolları ilə deyil, çox primitiv xətlərlə gedir. O, bizim ədəbiyyatımıza özünəməxsus yol ilə gəlib. Lakin bu yolda mahiyyət etibarilə heç bir orijinallıq yoxdur. Buna görə də, Qantəmirin yazıçılıq yolu bizim ədəbi-bədii inkişafımız üçün deyil, bəlkə, onun özü üçün daha xarakterikdir. Onun əsərlərində bizim ictimai varlığımızı qalib sosializm quruluşu pozisiyalarından görən və qiymətləndirən gənc şura yazıçısının ədası yoxdur. O, öz hekayələrinin süjetini inkişaf etdirərək, hadisələrin ancaq zahiri fonu ilə kifayətlənir. Bizim ictimai varlığımızdakı hadisələrin hər birində bir məna, hər bir hərəkətdə bir istiqamət axtarmır”. Üzləşdiyi çoxsaylı böhtanlar və ittihamlar sayəsində 1939-cu ildə həbs olunan Qantəmir Orta Asiyaya sürgün edilib. Ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişib.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb