Sarkisyanın sonu...

Ermənistan təşvişə düşüb





Rusiya prezidenti Vladimir Putinin Milli Təhlükəsizlik Şurasında çıxışı İrəvanda böyük narahatlığa səbəb olub. Erməni mətbuatı Rusiya prezidentinin suverenlik və milli təhlükəsizlik barədə çıxışında bir sıra "qəribə bəyanatlar” aşkarlayıb. Konkret olaraq, Putinin Rusiyanın suverenliyinin əsasında "heç bir alyansa daxil olmaması”nın durduğunu söyləməsi erməniləri narahat edib. Rusiya prezidenti deyib ki, hər hansı alyansa daxil olan istənilən ölkə öz suverenliyinin bir hissəsini verir və bu, heç də həmişə ölkənin maraqlarını əks etdirmir.

Erməni şərhçi Naira Ayrumyan isə xatırladır ki, Rusiya ən azı iki alyansın - Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür: "Qəfildən Putin bəyan edir ki, Rusiya alyansların üzvü deyil. Ya Putin tamamilə başını itirib, ya da ki, KTMT-nin ləğvi barədə fərman verməyə hazırlaşır”.

Bizim bəzi ekspertlər bildirirlər ki, əslində, normal məntiqi olan Ermənistan vətəndaşı bundan qorxmalıdır. Çünki bütün Ermənistan, o cümlədən prezident Serj Sarkisyan təhlükəsizliklə bağlı bütün ümidlərini KTMT-yə bağlayıblar. Təsadüfi deyil ki, Argentinada səfəri zamanı yerli mətbuata müsahibəsində Sarkisyanı çox narahat edən bir sual vermişdilər ki, ermənilərin Qarabağı işğal etməsinə cavab olaraq Azərbaycan İrəvanı tutarsa, nə edərsiniz? Ermənistan prezidenti yetərincə ciddi mətbu orqana cavab olaraq Azərbaycana mane ola biləcəklərini iddia etməmişdi. Sadəcə, əsas ümidlərini KTMT üzrə əsas tərəfdaşları Rusiyanın müdafiəsinə bağladıqlarını demişdi: "İnanıram ki, strateji tərəfdaşımız bizim belə vəziyyətə düşməyimizə imkan verməz”.

İndi isə Putinin bu cür bəyanat səsləndirməsi, KTMT-nin ləğvinə işarə vuran sözlər səsləndirməsi İrəvanı son dərəcə narahat edir.

Əksər analitiklərin qənaətincə, KTMT adlı bir qurum ümumiyyətlə imitasiya xarakterli təşkilatdır. Bununla yanaşı, adıçəkilən koalisiya heç zaman güclü ola bilməyib, qarşıya qoyulan məqsədləri yerinə yetirəcək səviyyədə görünməyib. Bu təşkilat Rusiyanın yenidən güc mərkəzinə çevrilməsi və bir blokun lideri olmaq ambisiyaları üçün yaradılıb. Rusiya təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müqavilələrə malikdir. Hər bir üzvün Rusiya ilə təhlükəsizlik sahəsində ikitərəfli münasibətləri var, ancaq bir-biri ilə yoxdur. Sanki mərkəzi Moskva olan, Moskvanın ətrafında dönən bir çarxdan söhbət gedir.

Sadəcə, Rusiya KTMT üzvlərinə maya dəyərinə ucuz silah verir. Bu qiymətlərə silah satmaqdan rusiyalı istehsalçılar heç nə udmur. Yeganə cəlbedicilik də elə bundadır. ?Rusiya və təşkilat üzvləri qurumun NATO, o cümlədən ABŞ tərəfindən tanınmasını illərdir ki, istəyirlər. Ancaq heç bir Qərb dövləti onları blok olaraq qəbul etmir. Yəni, bu qurum heç legitim bir beynəlxalq təşkilat statusuna da malik deyil. Üstəlik, təşkilatın üzvləri birtərəfli qaydada NATO ilə münasibətlərin qurulmasında maraqlıdırlar ki, NATO da bu cəhdləri dəstəkləyir. Özbəkistan NATO qoşunlarının Əfqanıstandan çıxacağını bildiyindən, sonrakı dövrdə regionda təhlükəsizliyin qorunması üçün Rusiyadan müəyyən gözləntiləri var idi. Görəndə ki, bu gözləntilər doğrulmur, birbaşa NATO ilə danışıqlar aparmaq və öz suverenliyi ilə bağlı təzyiqlərlə üzləşməmək üçün təşkilatdan hələ iki il öncə çıxdı.

Qazaxıstan, Belarus və Ermənistan burada təmsil olunur ki, ilk iki dövlətin, ümumiyyətlə KTMT-yə arxayın olub hansısa bəyanatını görmədik. Yerdə qalır Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan. Separatçı dövlət hər fürsətdə KTMT-yə arxayınlıq ifadə edib. İndi isə bu təşkilatın ləğvi gündəmə gəlib.

Azərbaycanlı politoloqlar bildirirlər ki, KTMT onsuz da heç kəsə lazım olmayan bir quruma çevrilib.

Hərbi-ekspert Üzeyir Cəfərov hesab edir ki, bu koalisiyanın lazımsızlığını elə İrəvanın özü də anlayır: "Sadəcə mütəmadi olaraq bəyanatlar verirlər ki, KTMT Ermənistanı qoruyacaq. Bu da Ermənistanın sadəcə arzularıdır. Birincisi, sabah Azərbaycan işğal altında olan ərazilərini

terrorçulardan təmizləmək qərarı verərsə, buna KTMT-nin müdaxiləsi ola bilməz. Çünki təşkilatın nizamnaməsində, yalnız üzv dövlətlərin ərazilərinə müdaxilə olarsa, o zaman bu qurum hansısa hərəkətə keçə bilər. Qarabağ Ermənistan ərazisi olmadığından, separatçılar tərəfindən işğalda olduğuna görə KTMT bu məsələyə müdaxilə edə bilməz. Həm də ki, koalisiyaya üzv olan ölkələr dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağla bağlı hərbi münaqişələrdə iştirak etməyəcəklər. Çünki Dağlıq Qarabağ beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan ərazisi kimi qəbul olunub. Düşünmürəm ki, hər hansısa qırğız, qazax və ya belarus əsgəri gəlib bu ərazilərdə ermənilərin əvəzinə müharibədə iştirak etsin. Həm də ümumiyyətlə, bu təşkilat üzvləri olan dövlətlərin aktivliyini müşahidə etmirik. Ola bilsin ki, Putin artıq dərk edib ki, NATO-ya alternativ ola bilməyən KTMT-nin saxlanılmasına ehtiyac yoxdur. Əslində İrəvanın da bundan itirəcəyi nəsə mövcud deyil. Sadəcə, təşkilat buraxılarsa, erməni səlahiyyətliləri bir təhdid elementindən daha danışa bilməyəcəklər”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə bildirib ki, NATO-ya qarşı olmaq istəyən KTMT ən sadə vəziyyətlərdə belə kollektiv hərəkət etmək qabiliyyətini ortaya qoya bilmir. Ümumiyyətlə, NATO ilə müqayisədə KTMT çox zəif hərbi qurumdur.

O qeyd edib ki, Rusiyanın moderatorluğu ilə fəaliyyət göstərən KTMT yalnız Ermənistan hakimiyyəti üçün sərf edir: "Çünki Ermənistan KTMT-yə üzvlüyü ilə bölgə dövlətlərini, o cümlədən Azərbaycanı şantaj edir və işğalçılıq siyasətini davam etdirir. Əslində isə bu təşkilatın heç bir funksiyası yoxdur. Ona görə də KTMT ləğv olunsa da, olunmasa da, burada Azərbaycanı əndişələndirən bir durum yoxdur”.

Anar