Girovlardan xəbər verən yoxdur

Fazil Mustafa: “Biz dərdimizə özümüz çarə tapmalıyıq”
Akif Nağı: “Hardadır ATƏT? Niyə Minsk Qrupunun səsi çıxmır? Hamısını Azərbaycandan qovmaq lazımdır”


Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılarla görüşlərin təşkil edilməsi və onların Azərbaycana qaytarılması məsələsində məsuliyyət birbaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzərinə düşür. Lakin təəssüflər olsun ki, komitənin aktiv və yararlı fəaliyyəti müşahidə olunmur. Xüsusən, Kəlbəcərdə ermənilər tərəfindən qanunsuz olaraq girov götürülmüş üç vətəndaşımız - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov barəsində 10 gündən çoxdur heç bir xəbərin alınmaması komitəyə olan tənqidi münasibətləri daha da artırıb.

Erməni əsirliyindəki şəxslərin başına gətirilən müsibətdən və onların taleyinə olan biganəlikdən ciddi narahatlıq duyan girov yaxınları BQXK-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiyaçılar komitəni qərəzli mövqe sərgiləməkdə, hətta ermənilərə "işləməkdə” günahlandırıblar.

Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə deyib ki, ermənilər tərəfindən girov götürülən şəxslərin ailələri rəsmən komitəyə müraciət ediblər və hazırda komitə məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Qızıl Xaç Komitəsinin yarıtmaz fəaliyyətini dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib ki, istər bu məsələdə, istərsə də Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlara, hegemon dövlətlərə bel bağlamağın mənası yoxdur:

"Dünyanın şərtləri belədir. Fələstindəki vəziyyət də beynəlxalq qurumların "ədalətini” sübut etdi. Kəlbəcərdəki hadisələrdə də eyni xəttin izlənildiyini görürük. Beynəlxalq təşkilatların yanaşması problemlidir. Bu gün ən böyük beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatıdır. Ancaq bu təşkilat "kukla qurum”a çevrilib”. Bu baxımdan, millət vəkili hesab edir ki, Azərbaycan atacağı addımlarını özü müəyyənləşdirməlidir: "Beynəlxalq təşkilatlar nəyə göz yumursa yumsun, biz dərdimizə özümüz çarə tapmalıyıq. Hər tərəfdən bizə təzyiqlər edilir. Artıq nəyəsə ümid etməyin mənası qalmayıb. Ermənistana qarşı müharibə aparmaq istəyiriksə, hazırlıqlı hərbi şəxslərin Ermənistanda müəyyən fəaliyyət göstərməsi, orada vahimə yaratması, torpaqlarımızın geri alınması üçün müəyyən addımların atılmasını təşviq etməliyik. Başqa yolu yoxdur”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da BQXK-si haqqında sərt ifadələr işlədib. QAT sədri deyib ki, komitənin Azərbaycandakı bürosu ermənilərə xidmət edən anti-Azərbaycan yuvasıdır: "Aldıqları pullar hesabına özləri üçün qəşəng şərait düzəldərək yaşayırlar. Amma Azərbaycan naminə, insanlıq naminə heç nə etmirlər. Kimin üçün işlədiklərini, haranın agenti olduqlarını dəqiq deyə bilmərəm, amma fakt budur ki, qurumun bizə zərrə qədər faydası yoxdur”. A.Nağı bildirib ki, soydaşlarımız Kəlbəcərdə əsir düşəndən 5 gün sonra QAT-ın bir neçə nümayəndəsi ilə birgə komitəyə görüşə gediblər: "Uzun təkidlərdən sonra rəhbərliklə görüşdük. Görüşdə açıq şəkildə qurumu ittiham etdim və soruşdum ki, təşkilat olaraq 5 gündə nə etmisiz, kimlərlə danışıq aparmısız? Cavab verdilər ki, heç kimlə. Dedim, belə çıxır, siz ermənilərdən qorxursuz, çəkinirsiz. Axı sizin missiyanız var. Hadisə baş verən günü ermənilərlə əlaqə saxlayıb girovlarla görüşməli idiniz. Əgər bunu etməmisinizsə, deməli ya ermənilərin qarşısında acizsiniz, ya da düşmənlərə işləyirsiniz”.

QAT rəhbəri bəyan edib ki, keçən bu müddət ərzində qurumun baş ofisi qarşısında dəfələrlə aksiya keçiriblər: "Komitə üzvlərinə qarışıqlıq yaratmaq niyyətində olmadığımızı çatdırdıq və dedi ki, insanlığınızı ortaya qoyun. Ancaq saatlarla danışsaq da, xeyri olmadı. Onlar anlamırlar ki, düşmənə Kəlbəcərdə girov götürülən vətəndaşlarımıza işgəncə verərək, zorla boyunlarına nəsə qoymaq üçün vaxt lazımdır. Biz də bu vaxtı düşmənə veririk. Hər zaman olduğu kimi, yenə də fikrimizdə qalırıq. Bizə belə qərəzli təşkilat lazım deyil. Hələlik əsirlərin qohumlarına görə, sakit dayanmışıq. Çünki onlar dövlət qurumlarına inanırlar. Əgər yaxın günlərdə konkret nəticə olmazsa, BQXK-nin binası qarşısında fasiləsiz aksiyalara başlayacağıq. Bu dəfə şüarımız komitənin ölkədən birdəfəlik çıxıb getməsi olacaq. Qoy, rədd olsunlar. İndi belə çıxır, yenə 5 ay gözləməliyik ki, əsirlərimizdən xəbər tutaq. Axı 5 aydan sonra onlardan bir şey qalacaqmı?”.

A.Nağı da vurğulayıb ki, beynəlxalq qurumlara bel bağlamaq olmaz: "Hardadır ATƏT? Niyə Minsk Qrupunun səsi çıxmır? Hamısını Azərbaycandan qovmaq lazımdır. Dövlətimiz ancaq özünə güvənməlidir. Təklif edirik ki, Müdafiə Nazirliyi kəşfiyyatçı qrup göndərərək ermənilərin yüksək rütbəli hərbiçilərini əsir götürsün və onları Kəlbəcərdə girov götürülən şəxslərlə dəyişsin. Ayrı yolu yoxdur, biz dözə bilmirik. Bu, millətimizə qarşı təhqirdir. O gün Ağdamın işğalına etiraz olaraq Ermənistanın bayrağını yandırdıq. Bəzi adamlar dedilər ki, yandırmayın, ermənilər hirslənər, əsirlərimizə işgəncə verərlər. Cəhənnəmə hirslənsinlər, fikir verin, görün biz nə gündəyik. Məni qınayırlar ki, sən ermənilərlə dialoqa getmirsən. A kişi, erməni dialoq qanır? Kəlbəcər hadisəsi də mövqeyimdə haqlı olduğumu göstərdi”.

Millət vəkili Elman Məmmədov da BQXK-nin yarıtmaz fəaliyyətindən narazılıq edib: "Belə bir məsəl var. Eldə, obada deyirlər ki, "filankəsin əlinin duzu yoxdur”. Bax, Azərbaycanın da "əlinin duzu yoxdur”. Bizə qərəzli mövqedə dayanan tək Qırmızı Xaç Komitəsi deyil. Azərbaycanda fəaliyyət göstərən ATƏT-in Bakı ofisi, beynəlxalq qurumlar, xarici səfirliklər, bunların heç biri ölkəmizə qarşı ədalətli mövqe tutmur. Onlar Azərbaycanda oturub dövlətimiz əleyhinə fəaliyyət göstərirlər”. Deputat bir şeyi də vurğulayıb ki, Kəlbəcərdə ermənilər tərəfindən tutulan insanlara əsir demək düzgün deyil. Çünki onlar hərbiçi sayılmır: "Döyüş şəraitində olmayan şəxsləri əsir kimi qələmə verməzlər. Üç nəfər soydaşımız beynəlxalq qayda-qanunların bütün tələblərinə uyğun olaraq, öz ev-eşiklərini, ailə məzarlıqlarını ziyarət ediblər. Onların buna haqqı var. Haqsız ermənilərdi ki, mülki vətəndaşlarımızı heç bir əsas olmadan tutublar. Əgər beynəlxalq hüquq varsa və işləyirsə, girovlarımıza qarşı heç bir işgəncə, ittiham olmamalıdır. BQXK də çoxdan
ermənilərin saxladığı vətəndaşlarımızı azad edərək bizə təhvil verməliydilər. Ancaq təəssüf ki, istədiyimizi ala bilmirik”.

İsmayıl