Gənclər indi də İŞİD-ə axışır

Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycanda dinlə bağlı təbliğat düzgün formada aparılmır




Gənclərimizin "Cihad” adı ilə aldadılaraq Suriyaya aparılması prosesinin qarşısı alınmamış başqa bir üzücü tendensiya ortaya çıxdı. Vətəndaşlarımız indi də İŞİD terror təşkilatına axışmağa başlayıblar. Düzdü, bu axına müxtəlif səbəblər göstərilir.

Məsələni dini boşluqlarla izah edən ictimai xadimlər hesab edirlər ki, boşluqlar doldurulmasa, gənclərimizin radikal terror təşkilatlarının ovuna çevrilməsi meyli aradan qalxmayacaq. Amma fakt odur ki, ölkəmizdə gənclərin itkisi prosesi gedir. İnsanlarımız özlərini terror dəstələrinə qurban verirlər. Ən pisi də odur ki, bunun qarşısını almaq müşkülə çevrilib. Nə ictimai qınaq, nə də hökumət tədbirləri səmərə verir. Terror təşkilatlarının tərkibində döyüşən soydaşlarımızdan ən azı hər gün birinin qara xəbərini alırıq. Belə ki, ötən günlərdə İraqda İŞİD sıralarına qatılan Sumqayıt sakini "Əbu Abdullah” ləqəbli Eminin döyüşlərdə öldürüldüyü bildirilir. Bu barədə İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri məlumat yayıblar. "Silahdaşları” onun fotosunu da yayıb.

Gənclərimizin terror qruplaşmalarına qatılma "sevdasının” səbəblərindən danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında qeyd edib ki, bu təşkilatların arxasında böyük dövlətlər dayanır. Onun sözlərinə görə, həmin birləşmələr pulla idarə olunur: "Bu qruplaşmlara təkcə müsəlmanlar deyil, avropalılar qoşulur. Fransa, İtaliya və başqa Avropa ölkələrindən də kifayət qədər insanlar var. Amma kasıb ölkələrə də axın daha çoxdu. Qısa müddətdə böyük miqdarda pul qazanmaq istəyirlər”.

Təşkilat sədrinin qənaətincə, hazırkı prosesdə dini inancla bağlı heç bir məsələ yoxdur: "Qurani-Kərim” insan öldürməyi birmənalı şəkildə cinayət hesab edir. Hətta Quran Peyğəmbərə insanların zorla dinə gətirilməsini qadağan edir. İndi kimsə əlinə silah alıb insanları dinə gətirməyə çalışır. Allah bunu buyurmursa, insan kimdir ki, belə addım atır? Hamısı din adı altında siyasi spekulyasiyadır. Bunun arxasında islam dünyasında qarşıdurma yaratmaq istəyən dövlətlər dayanır. Məqsəd işkişaf etməkdə olan islam dövlətlərini çökdürməkdi”.

Ölkəmizdə bu "tendensiyanın” qarşısının alınmasına gəlincə, siyasətçi bildirib ki, Azərbaycanda dinlə bağlı təbliğat düzgün formada aparılmır: "Orucluq ayıdır, amma gecə barlarda 17-18 yaşlı qızlar əxlaqsızlıq edirlər. Baxın, bu ayda bir televiziyada azan verilmir. Dini söhbətlər getmir. Orta məktəblərdə dini dərsliklər tədris olunmur. İnsanların mənəvi tərbiyəsi ilə məşğul olan yoxdur. Dini savadsızlıq hökmranlıq edir. Ona görə də gənclər radikal qüvvələrin toruna düşür”. S.Cəlaloğlu gənclərimizin belə çirkin yollara düşməsini ölkəmizdə dini siyasətin yanlışlığı ilə əlaqələndirib: "Qafqaz Müsləmanları İdarəsinin bu yöndə fəaliyyəti sıfırın altındadır. Ölkədə dinə münasibət dəyişməyənə qədər belə təhlükəli tendensiyalar olacaq”.

Ayyət Əhməd