“Qara qutu”nun oxunması sirrin üstünü açmayacaq

Ədalət Əliyev: “Artıq uşaqlara da aydındır ki, təyyarəni vuran ya Rusiyadır, ya da rusların dəstəklədiyi separatçılar”



Donetsk separatçıları bir neçə gün əvvəl müəmmalı şəkildə vurulan "Boinq-777” təyyarəsinin "qara qutusu”nu malayziyalı ekspertlərə təhvil veriblər. Təhvil-təslim mərasimi xarici və yerli jurnalistlərin iştirakı ilə baş tutub. Separatçı Donetsk Xalq Respublikasının baş naziri Aleksandr Boroday çıxışı zamanı təyyarənin Ukrayna tərəfindən vurulduğunu iddia edib. Məlumat üçün bildirək ki, "qara qutu”nun şifrələri London laboratoriyasında oxunacaq. Təyyarə vurulandan hadisənin əsas günahkarı kimi Rusiya ittiham olunur.

Ancaq ötən gün ABŞ kəşfiyyatının yaydığı məlumat günlərdir müzakirə olunan məsələni bir qədər də qəlizləşdirib. Sərnişin təyyarəsinin "SA-11” raketi ilə vurulduğunu bildirən kəşfiyyat idarəsinin məlumatına görə, Ukraynada qəzaya uğrayan təyyarənin Rusiya tərəfindən vurulmasına dair birbaşa sübutlar yoxdur. Demək olar ki, artıq bütün ümidlər "qara qutu”ya qalıb. Hadisəyə münasibət bildirən "AZAL”ın sabiq prezidenti Ədalət Əliyev Ukrayna hava məkanında qəzaya uğrayan təyyarənin Rusiya tərəfindən vurulmasına yüz faiz əmindir. Amma Ə.Əliyevin sözlərinə görə, "qara qutu”nun oxunması bu sirrin üstünü açmayacaq: "Təyyarə Ukraynanın Qərb hissəsindən Cənub hissəsinə gedirmiş. Necə olur ki, təyyarə bütün Ukrayna ərazisini təhlükəsiz qət edir, amma Rusiya ilə sərhədə yaxınlaşan kimi vurulur? Ukrayna ordusu vururdusa, elə öz nəzarət etdikləri ərazinin üzərində vurardılar, daha niyə sərhədi keçənə kimi gözləyirdilər ki? Artıq uşaqlara da aydındır ki, təyyarəni vuran ya Rusiyadır, ya da rusların dəstəklədiyi separatçılar”. Ə.Əliyev deyib ki, "qara qutu”nun şifrələri çözülərsə, ən yaxşı halda təyyarənin texniki qəza törətmədiyi və qəsdən vurulduğu faktı ortaya çıxa bilər: "Lakin təyyarəni hansı qüvvələrin vurduğunu qutu vasitəsilə öyrənmək mümkün olmayacaq. Çünki qutu sadəcə təyyarə ekipajının bir-biri ilə danışığını əks etdirir. Əgər təyyarədə texniki nasazlıq baş veribsə və bu səbəbdən qəza törənibsə, əsas və yardımçı pilot arasında keçən dialoq vasitəsilə bunu müəyyən etmək olur. Ancaq təyyarə qəfildən raketlə vurulubsa, onda ola bilsin, ekipaj üzvləri heç ağızlarını açıb nəsə danışmağa belə macal tapmayıblar”.

İsmayıl