Akif Səməd anıldı

Türk dünyasının böyük şairinin 55 illik yubiley tədbiri keçirildi





22 iyul Azərbaycanın mərhum tanınmış şair, publisisti və yaxın tariximizin görkəmli ziyalılarından olan Akif Səmədin doğum günüdür. 1959-cu ildə Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açan qələm ustası yaşasaydı, indi doğmaları, dostları onun 55 yaşını qeyd edəcəkdi. Təəssüflər olsun ki, cəmiyyətimizin dəyərli aydınlarından sayılan şair 2004-cü ilin 6 iyulunda 45 yaşında həyata əlvida dedi.

Lakin görkəmli poeziya incilərindən olan mütəfəkkirin yaddaşlarda buraxdığı iz onu unudulmaz şəxsiyyətə çevirib. Belə ki, bu günlərdə özünəməxsus poetik ruhu ilə seçilən və ədəbiyyatımızın gələcəyinə güzgü tutan dahinin Bakıda Rəşid Behbudov adına Mahnı Teatrında 55 illik yubileyi münasibətilə xatirə tədbiri keçirilib. Mərasimdə millət vəkili Sabir Rüstəmxanlı, Müsavat Divanının üzvü Vurğun Əyyub, Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədli, Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, deputat Nizami Cəfərov, "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, və başqaları iştirak ediblər. Yığıncaq Uluslararası Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbir başlamazdan öncə Akif Səmədin öz dilində şeirləri səsləndirilib. Natəvan Dəmirçioğlunun aparıcılığı ilə reallaşan toplantı ədəbiyyatşünas alim Arif Əmrahoğlu və Adil Mirseyidin, o cümlədən şəhidlərimizin ruhuna 1 dəqiqəlik sayğı duruşu ilə başlayıb. N.Dəmirçioğlu ilk olaraq, iştirakçılara tədbirin mahiyyəti, A.Səmədin keçdiyi həyat yolu barədə qısa məlumat verib: "O, son dövr ədəbiyyatımızın ən parlaq simalarından biri olub. O cəmi 45 il ömür sürüb. Bu müddət ərzində yaradıcılığı ilə qəlbimizə hakim olub. Onun haqqında nə qədər danışsaq, azdır”.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan da çıxış edib. Tədbirə qatılanları salamlayan müşavir qeyd edib ki, Türkiyə və Azərbaycan sənətçilərinin birgə şəkildə belə gözəl tədbir düzənləməsi sevindirici haldır: "Birliyimiz bir daha özünü büruzə verir. A.Səməd təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tanınmış şairlərindən biridir. Allah ona rəhmət eləsin”.

Sonra, Aşıq Nemət Akif Səmədin şeirlərini saz havası üstündə ifa edib.

Tələbə yoldaşı professor Nizami Cəfərov A.Səməd haqqında xatirələrindən danışıb: "Onun haqqında nə qədər danışsam, azdır. Çünki ömrümüzün bir hissəsi birlikdə keçib. Onun poeziyası milyonların qəlbinə yol açıb. A.Səməd şair olmaqla yanaşı, eyni zamanda gözəl dost idi. Yataqxanada qaldığımız illər ən gözəl çağlarımız idi. Şairlik insanın xarakteridir. Akif öz şairliyi ilə insanlığını sübut edib. Elə vaxtlar olub ki, onun zarafatları ilə nəfəs almışıq. Çox illər, əsrlər keçəcək, amma onun şəxsiyyəti və yaradıcılığı heç zaman unudulmayacaq. Hər kəsə tədbirə gəldiyinə görə, gözəl yubiley təşkilatçılığına görə təşəkkürümü bildirirəm”.

N.Cəfərovdan sonra söz Aşıq İlham Astanbəyliyə verilib. İ.Astanbəyli şairin şeirlərini saz üstündə ifa edib.

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Akif Səmədin ölmədiyini, daim qəlblərdə yaşadığını bildirib: "O, ölməyib. Aramızdadır. Yubileyini belə təmtəraqla qeyd ediriksə, demək yaşayır. Bu gün Azərbaycan mətbuatının yarandığı gündür. Jurnalistlər daim öz peşələrini şərəflə yerinə yetirirlər. Onların bayramıdır. Bütün media nümayəndələrini təbrik edirəm. Onlardan biri də A.Səməddir. Biz onu daim xatırlayacağıq. Mən onu böyük məhəbbətlə xatırlayıram. Ömrünün sonuna yaxın onunla tez-tez görüşürdüm. Akif haqq dünyasına qovuşub. Çox şükürlər olsun ki, bu gün onun haqqında danışmaq mənə qismət oldu. Akifin sözləri çox sadə idi. Bu baxımdan o, xoşbəxtdir ki, hamı tərəfindən anlaşılır. O, daim aramızdadır”.

Uluslararası Aktivist Sənətçilər Birliyinin hazırda Türkiyədə olan başqanı Ümit Yaşar Ümidhanın təbriki iştirakçılara oxunub. Ardınca Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Babanlı danışıb. O da A.Səmədin ədəbiyyatımıza verdiyi töhfələrdən, gördüyü işlərdən bəhs edib. Tədbirin sonuna yaxın şairin oğlu Ulucay Akif atası barədə xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Gənc şairlər A.Səmədə həsr etdikləri şeirlərini söyləyiblər. Böyük şairin şeirləri də sıx-sıx dinlənilib.

Ayyət Əhməd