“Kiminsə narazılığı mənim üçün əhəmiyyətli deyil”

Eynulla Fətullayev: “Mən heç vaxt ətrafdakı insanların münasibəti haqqında düşünmürəm”



Bu il Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı ümumilikdə 8 nəfərə və 2 qəzetə verilib. 1-ci dərəcəli mükafat heç kimə nəsib olmasa da, mükafatın 2-ci dərəcəsinə "haqqin.az” və "virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayevlə, "Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı layiq görülüblər.

Mükafatlar laureatlara iyulun 22-də milli mətbuatın yaranmasının 139-cu ildönümü münasibətilə keçirilən tədbirdə təqdim olunub. Ancaq mükafat alan jurnalistlərin həmkarları, xüsusən də, müxalifyönlü mətbuatda çalışan bəzi media nümayəndələri E.Fətullayevlə, A.Camalqızının "Ali Media Mükafatı” almasına birmənalı yanaşmayıblar. Təltifata etiraz edənlər baş redaktorların həmin mükafata layiq olmadığını iddia ediblər. Yaranmış narazılıqla bağlı fikirlərini "Şərq”lə bölüşən "virtualaz.org” saytının rəhbəri E.Fətullayev məsələyə maraqlı yanaşıb: "Aldığım mükafatla bağlı nəsə demək düzgün olmaz. Adam öz-özünü tərifləməz axı. Bu, yaxşı alınmır. Mükafatı verən adamlardan soruşmaq lazımdır ki, niyə görə, onu mənə layiq görüblər”. Həmkarları tərəfindən açıq şəkildə ifadə edilən etirazlara da münasibət bildirən media rəhbəri bildirib ki, kənardakı şəxslərin fikirləri onu qətiyyən narahat etmir: "Mən heç vaxt ətrafdakı insanların münasibəti haqqında düşünmürəm. Kifayət qədər işim var və çalışıram ki, başımı aşağı salıb öz işlərimi görüm. Ona görə də, kiminsə narazılığı mənim üçün əhəmiyyət kəsb etmir”.

İsmayıl