Birinci sinifə qəbulla bağlı komissiya yaradılıb

Xüsusi istedadlı uşaqların necə seçiləcəyi maraq doğurur



Bakıda yeni tədris ilində birinci sinfə gedəcək şagirdlərin orta məktəblərə qəbulu ilə bağlı komissiya yaradılıb. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üçün yaradılan komissiyalar avqustun 5-dən sentyabrın 10-dək fəaliyyət göstərəcək.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinin icrası haqqında qərar verib.

Qərara əsasən xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə idarənin ümumi sektoru 16 sentyabr - 31 dekabr müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin, habelə ümumtəhsil müəssisələrinin təqdimatlarının müvafiq sənədlərlə birlikdə iyulun 20-dən avqustun 20-dək (bazar və bayram günləri istisna olunmaqla) Bakı şəhəri üzrə Təhsil İdarəsində elektron şəkildə qeydiyyata alınmasını, müsahibələrin aparılması qaydalarının və digər aidiyyəti məlumatların www.bakuedu.az saytında yerləşdirməsini təmin edəcək.

Qeyd edək ki, xüsusi istedada malik uşaqların vaxtından əvvəl BŞTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinə qəbulu ilə əlaqədar müsahibələrin aparılması məqsədilə müvafiq komissiyalar yaradılacaq. Komissiyalar 2014-cü il avqustun 5-dən sentyabrın 10-dək Nəsimi rayonu ərazisindəki 42 nömrəli tam orta məktəbdə fəaliyyət göstərəcək. BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli komissiyaların işinin normal təşkili və müsahibələrin obyektiv keçirilməsi işinə nəzarət edəcək.

Təhsil üzrə ekspert Almaz Həsrət hesab edir ki, təhsil sahəsində dövlət tərəfindən müsbət yöndə aparılan islahatları dəstəkləməliyik: "Təbii ki, bu islahatlar araşdırmalar aparılaraq müəyyən nəticəyə gəlindikdən sonra qərar qəbul olunur. Bu qərarların icrası üçün də müvafiq sənədlər toplusu imzalanır”.

Onun fikrincə, BŞTİ-nin rəisi E.Əliyevin əmrin icrası ilə bağlı görəcəyi işləri kənarda durub, adi qaydada izləməməliyik: "Yəni biz də bu proseslərə qoşulmalıyıq. Həmçinin bu qaydalarda birinci sinfə daxil olan uşaqların hansı tələblərlə orta məktəblərə qəbul ediləcəyi mütləq göstərilib. Müəyyən kriteriyaları olmadan hər hansı işlər görmək olmaz. Ola bilsin, mətbuatda bu, işıqlandırılmayıb”.

Həmsöhbətimiz bir qism dövlətlərdə uşaqların məktəblərə daxil olmasında seçim qoyduğunu da açıqlayıb: "Bu, yaş xüsusiyyəti ilə bağlı olur. 6 yaşı tamam olmuş bəzi uşaqlar məktəbə daxil olarkən birinci sinifdə onların özünü necə aparmağı və dərsi necə qavramağından, davranışından, müəllimin dərsinə mane olmamaqdan ötrü komissiyaların yaradılmasına ehtiyac duyulur. Ona görə ki, bəzən bağçadan gələn uşaqlar kollektivə öyrəşmiş olurlar, nizam-intizam qaydaları ilə bağlı müəyyən bacarıq və vərdişlərə sahib olurlar. Bu uşaqların komissiyadan keçirilməsində heç bir problem yaranmır.

Evdə böyüyən və nənə-baba himayəsində olan uşaqlar isə birinci sinfə gedərkən çətinliklər olur. Məhz bunun üçün də xüsusi istedad və qabiliyyətə malik uşaqların qəbulunda qoyulan şərtlərə uyğun seçim aparılır. Bunları özündə göstərən uşaqlar məktəbə qəbul edilə bilərlər”.

Nabatəli Qulamoğlu isə öncədən fikir söyləməyin çətin olduğunu deyib: "Xüsusi istedada malik uşaqların necə seçiləcəyi ilə bağlı məlumat verilməyib. Uşaqların hansı üsulla qəbul ediləcəyi də açıqlanmayıb. Açıq şəkildə aparılsa, müəyyən fikirlər demək olardı. İndi bizim üçün bu məqam qaranlıqdır”.

Ekspert dünya təcrübəsində xüsusi istedada malik uşaqlar üçün ayrıca məktəblər açıldığını da əlavə edib: "Burada xüsusi istedada malik uşaqları göndərirlər. Birinci sinifdən sonuncu sinfə qədər isə həmin şagirdlər orada təhsil alırlar. Bizdə isə təəssüflər olsun ki, təlimin müxtəlif növləri yoxdur. Məktəblər spesifikasına görə müxtəlif olmur. Pis və yaxşı oxuyan şagirdlər bütün məktəblərdə birlikdə oxuyurlar”.

Vüqar Şahinoğlu