Bu balla ali məktəblərə qəbul dayandırılmalıdır

Əjdər Ağayev: “Ali məktəbə 150 balla qəbul olunan tələbəyə gərək yenidən əlifba öyrədək”
Almaz Həsrət: “Arxivdə qalan sualı imtahana salmaq olmaz. Bu uşaq neyləsin? Belə olan halda nəticələr aşağı olur”


Məlahət Mürşüdlü:

"Tələbənin alt yapısı və ya bazası yoxdursa, o tələbə çökməyə məhkumdur”


Etibar Əliyev: "Tələbə kontingenti 30-40 faiz aşağı düşən kimi ali məktəblərdə müəllim ixtisarı başlayacaq”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il də keçid ballarını aşağı salıb. Getdikcə küt və savadsız tələbə ordusuna geniş meydan verilir. Bunun ölkə təhsilinə hansı uğur və effekti vəd edəcəyini söyləmək elə də çətin deyil. Çünki ballar o səviyyəyə endirilib ki, orta məktəblərin buraxılış imtahanlarında qeyri-kafi qiymət alanlar da ali təhsil ocaqlarına asanlıqla qəbul olunacaqlar.

Əksər təhsil ekspertləri də əlaqədar qurumun bu istiqamətdə fəaliyyətini pisləyir. Belə addımların ölkənin təhsil həyatını uçuruma apardığını iddia edənlər də var. Bununla belə, TQDK-nın arzuolunmaz ənənəsini təqdir edənlər də mövcuddur. Onlar bu işləri gənclərimizin özəl xarici universitetlərə üz tutması tendensiyasının qarşısının alınması baxımından əhəmiyyətli sayırlar. Məlumat üçün bildirək ki, II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrinə əsasən, keçid balları aşağı salınıb. II qrup üzrə ödənişli ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Lakin dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. III qrup üzrə ödənişli ixtisas seçimində ümumi balı 200-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər qatıla bilər. Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edəcəklər. Maraqlıdır, görəsən, 150 bal toplayan tələbəni ali təhsil ocaqlarına cəlb etməklə intellektual kadr potensialı formalaşdırmaq mümkün ola bilərmi?

Balların endirilməsinə narazılıq edən təhsil üzrə ekspert Məlahət Mürşüdlü "Şərq”ə açıqlamasında qeyd edib ki, 150 bal orta məktəb meyarları ilə götürülsə, 2 qiyməti deməkdi. Onun sözlərinə görə, bu, orta məktəblərdə təhsil səviyyəsinin aşağı olmasının göstəricisidir: "Təhsilin keyfiyyətində getdikcə geriləmə müşahidə olunur. Bu, orta məktəblərin gündəmində duran başlıca məsələlərdən birinə çevrilib. Hər bir imtahandan sonra açıqlanan nəticələr əsasında biz də təhlillər aparırıq. Son illər qəbul imtahanlarında test sualları məntiqə söykənən suallardır. Şagirdlərimiz isə belə sualları cavablandırmaqda çətinlik çəkirlər. Orta məktəblərdə məntiqi təfəkkürün inkişafı istiqamətində işlər zəif aparılır. Dərsliklərin məzmununda bununla bağlı heç nə yoxdur. Bunun nəticəsidir ki, təhsilin keyfiyyəti ildən-ilə aşağı düşür. Təşkilat da vəziyyətdən çıxış yolu kimi balları aşağı salmaqla humanitar bir addım atır. Amma artıq daha ciddi addımlara ehtiyac var. Orta məktəblərdə nəinki yuxarı siniflərdə, hətta aşağı siniflərdə də məntiq bir fənn kimi tədris edilməlidir. Orta məktəblərdə təlimin məzmunu bu istiqamətdə qurulması, müəllimlər buna hazırlıqlı olmalıdır. Dünya təlimin keyfiyyətini məhz bu istiqamətdə qurur. Müəllimlər üçün keçirilən təlimlər müxtəlif metodlardan istifadə edərək uşaqlarda məntiqi düşüncənin inkişafına yönəldilməlidir. Təəssüf ki, bu gün müəllimlər keçirilən təlimlərdə aldıqları nəzəri bilikləri tətbiq etmirlər”.

M.Mürşüdlü hesab edir ki, bu səviyyəli balla universitetlərə qəbul prosesini mütləq dayandırmaq lazımdır: "Gələcəkdə kadr potensialına mənfi təsir edən bir haldır. 150 balla daxil olan tələbə universiteti müxtəlif yollarla bitirib, istehsalata gəlir. Belə kadrlar ölkənin təhsilinə, səhiyyəsinə və istehsalatına necə fayda verə bilər? Bu heç kəsi düşündürmür. Valideynlər də düşünmür. Deyirlər ki, neçə bal olur olsun, övladım ali məktəbə daxil olsun. Universitet də qəbul edir. Baxın, 150 balla qəbul olunmuşlar universitet materiallarını dərk edə biləcəkmi? Əlbəttə, yox. Məlumdur ki, bünövrəsi zəif olan, ya da heç olmayan binalar tez çökür. Tələbənin alt yapısı və ya bazası yoxdursa, o tələbə çökməyə məhkumdur. Dövlət univeristetlərinə bu balla qəbul dayandırılmalıdır”.

M.Mürşüdlü "TQDK balları salmasa, gənclərimiz xarici özəl universitetlərə üz tutacaqlar” deyərək qurumun addımlarına bəraət qazandıranlara da cavab verib: "Bu yanaşma doğru deyil. Prosesin sonunu düşünmək lazımdır. Axı 150 bal toplayan tələbə hansı ölkədə təhsilini davam etdirə bilər? Bir məsələni anlamaq lazımdır ki, cəmiyyətə fayda verə bilməyən tələbə ordusu yetişdirmək heç kimə lazım deyil”.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib ki, balların aşağı salınması plan yerlərinin dolması üçün edilir: "Ali məktəblərin ixtisaslar üzrə tələbə sayının normal olması vacib şərtlərdən biridir. Bunun müəllimlərin əməkhaqqına və universitetin nüfuzuna təsiri var. Ona görə də bəri başdan keçid balını endirirlər. Təbii ki, 250 bal yığıb keçə bilməyən abituriyent keçid balı 150-yə endiriləndə qəbul olunur. O yerlərin dolması təmin olunur. Bunun başqa heç bir elmi, praktiki və keyfiyyət baxımından əhəmiyyəti yoxdur. Əgər imtahan verəndən sonra abituriyentin bilik keyfiyyəti 500-600 bala müvafiq olsa, demək bu, keyfiyyətli bilikdir. Həmin biliklə ali məktəbə qəbul olubsa, onun oxuması da həmin baza üzərində olacaq. Amma ali məktəbə 150 balla qəbul olunan tələbəyə gərək yenidən əlifba öyrədək. Bu sahənin bir mütəxəssisi kimi qəbul ballarının aşağı endirilməsini məqbul hesab etmirəm. Bu, artıq ilk addımdan keyfiyyətsizliyin cığırını açır. Bu cür səviyyə axıracan da gedəcək. Ali məktəbdə də o tələbəyə nisbi qiymət veriləcək. Beləcə o, məktəbi başa vuracaq. Bu başlanğıc son nöqtədə də keyfiyyətsiz, formal qiymətləndirməyə gətirib çıxaracaq”.

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət düşünür ki, bununla TQDK tərtib etdiyi sualların uyğunsuzluğunu ört-basdır etdirir: "Balları salmaqla qiymətləndirmələrinin səhv olduğunu bildirirlər. Şagirdlər məktəbin son illərində buraxılış imtahanı verirlər. Maraqlısı odur ki, buraxılış imtahanlarında yüksək nəticə göstərənlər TQDK-nın imtahanında aşağı bal yığırlar. Burda böyük bir təzad ortaya çıxır. Aidiyyəti qurum balların salınması əvəzinə öz üzərində çalışmalıdır. A.Həsrət diqqətə çatdırıb ki, müvafiq orqanın bu addımı peşə məktəblərinin də fəaliyyətinə zərbə vurur: "Şagirdlər düşünürlər ki, 150 balla peşə məktəbi oxumaqdansa, bu balla universitet diplomu almaq daha yaxşıdır. Əslində, itirən elə şagirdlərin özləri və valideynləridir. 150 balla universitet oxuyub, heç bir peşəyə yiyələnməməkdənsə, peşə məktəbində oxuyub bir sahəni mükəmməl öyrənmək daha üstündür”.

Mütəxəssisin sözlərinə görə, TQDK sualları keçirilən mövzulara uyğun tərtib etməlidir: "Arxivdə qalan sualı imtahana salmaq olmaz. Bu uşaq neyləsin? Belə olan halda nəticələr aşağı olur. Zənnimcə, qurum bu işləri gənclərin xarici universitetlərə axınının qarşısını almaq üçün edir. Onlar çalışırlar ki, gənclərimiz xaricə dağılmasın”.

A.Həsrət bəyan edib ki, TQDK fəaliyyətini dayandırmalıdır. Şagirdlər ali məktəblərə buraxılış imtahanlarının nəticəsinə uyğun olaraq qəbul olunmalıdır: "Universitetlər özlərindəki vakant yerlərə uyğun qəbul aparsalar, daha keyfiyyətli kadrlar hazırlanar. Hər bir ali məktəb nazirliyə müraciət edərək hansı sahə üzrə mütəxəssisə ehtiyacı duyulduğunu bildirməlidir. Məhz o sahəyə uyğun imtahanlar təşkil olunmalıdır. Bütün bunları buraxılış imtahanı ilə də müyyənləşdirmək mümkündür”.

Təhsil eksperti Etibar Əliyevin sözlərinə görə, aşağı bal toplayan şəxslərin tələbə adını qazanması düzgün deyil: "Balların aşağı salınması ali məktəblərə qəbul planlarının dolmasına xidmət göstərən bir addımdır. Qəbul planı dolmursa, müəllimlər ixtisar oluna bilər, yaxud Azərbaycan dünyada min nəfərə düşən tələbələrin sayına görə sonuncu yerlərdən birini tutar. Yəni tələbə kontingenti 30-40 faiz aşağı düşən kimi ali məktəblərdə müəllim ixtisarı başlayacaq. Ali məktəbə verilən vəsaitlərin miqdarı azalacaq, ali məktəbin nüfuzu aşağı düşəcək. Amma bunun nəticələrinin yaradacağı fəsadlar düşünülmür. Halbuki bu səbəblərin heç biri ali məktəblərin savadsız tələbələrlə doldurulmasına haqq vermir. Savadsız kadr istehsal etməyin dövlətə heç bir xeyri yoxdur. 150 bal toplayan abituriyent necə yaxşı tələbə və mütəxəssis ola bilər? Təsəvvür edin, 150 bal toplayan abituriyent 0-700 bal şkalası ilə identik olan orta məktəb qiymətləndirməsinin "1” və "2” qiymətinə uyğundur. Ana dili, riyaziyyat fənləri üzrə götürsək, cümlə təhlil edə bilməyən, riyazi tənlik həll edə bilməyənlər ali təhsili necə alacaqlar? Bu həm də bir tərəfdən orta məktəblərdə təhsilin şiddətli dərəcədə aşağı düşməsinin göstəricisidir. Bəlkə də hesab edirlər ki, indiki maddi-texniki baza şəraitində təhsil almağa ehtiyac da yoxdur. Sadəcə, diplomlu vətəndaşları saymaq lazımdır. Təəssüf ki, bunun özü də bir tendensiya kimi hökm sürür. Buna görə də qəbul yerlərinin aşağı bal toplayan tələbələrlə doldurulmasındansa, 30-40 faiz tələbə çatışmazlığı yaşanması daha yaxşıdır”.

Gənc müəllim Günel Məmmədova bildirib ki, belə rüsvayçı ballardansa, universitetlərə avropadakı kimi imtahansız qəbul olsa daha məntiqli olar: "Bunun üçün ali məktəblərdə dərslər sərtləşdirilməli və yalnız biliyə üstünlük verilməlidi. Belə olan təqdirdə universitetlərdə əsl bilikli tələbələr qalacaq və heç kim bacara bilmədiyi fakültəyə yaxın belə düşməyəcək. TQDK-nın utancverici imtahanları nəyə lazımdı? Kimi aldadırıq? Ola bilər ki, 700 bal toplayan gənc universiteti 150 bal toplayandan daha zəif bitirsin, bal bilik göstəricisi deyil”.

Gənc müəllim onu da əlavə edib ki, test üsulunu ləğv etmək lazımdı: "Bu, gəncliyimizi uçuruma aparır. Universitetə testlə qəbulun aparılması təhsil sisteminin kreativ olmaması ilə əlaqədardır. Testi sıradan çıxarmaq istəmirlər. Çünki başqa maraqları var. Rüşvəti testə uyğunlaşdırıblar. Yeni yollar tapmaq çətindir”.

Ayyət Əhməd