“Azərbaycan deyəndə” öyünən şair

Hələ sovet dönəmində millətçilikdə günahlandırılan Tofiq Bayram şeiriyyətinin mayası türkçülüklə yoğrulub




1930-cu illərin Stalin repressiyaları nəticəsində minlərlə milli düşüncəli ziyalımız, o cümlədən Hüseyn Cavid, Əhməd Cavad, Y.V.Çəmənzəminli, Mikayıl Müşfiq, Tağı Şahbazi, Seyid Hüseyn kimi vətənpərvər yazıçı və şairlərimiz məhv edildi. Bu repressiya millətimizə, milli şüurumuza və milli hərəkatımıza böyük bir zərbə oldu. Ancaq II Dünya Müharibəsindən sonra xalqımız milli düşüncəli ziyalılar, o cümlədən Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Şıxəli Qurbanov, Xəlil Rza Ulutürk kimi milli dəyərlərimiz uğrunda mübarizə aparan yazıçı və şairlər nəsli yetişdirdi. Belə vətənpərvər şəxsiyyətlərdən biri də millətsevər şair Tofiq Bayram idi. Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakının Əmircan kəndində doğulub. Əlbəttə, belə millətçi şəxsiyyətlərin harada doğulması çox xırda məsələdir. Çünki, onlar bir kəndə, bir şəhərə, bir bölgəyə sığacaq şəxsiyyətlər deyillər. T.Bayramın doğulduğu yer ilk növbədə Azərbaycan idi.

Lakin onun Bakıda doğulmasını vurğulamağımız bir məsələyə görə çox önəmlidir. "Kommunust beynəlmiləlçiliyi”nin (əslində rus şovinizminin) hökm sürdüyü, rus dilinin və rusdillilərin at oynatdığı, ruscanın nəinki rəsmi və elm-tədris dilinə, hətta ümumişlək bir dilə çevrildiyi, bu dili

bilməyənlərin "geridə qalmış şəxs” kimi qəbul olunduğu bir mühitdə göz açıb böyüməklə bərabər bu mühitin təsirinə düşmədən milli hisslərə sahib olmaq, millətçi şair kimi yetişmək qeyri-adi hadisədir. Bunun üçün insanda anadangəlmə bir böyüklük, iradə gərəkdir. Sovet dövründə bölgələrimizin milli mühitində böyüyüb birdən-birə Bakının qeyri-milli mühitinə düşən insanlarda isə milli hisslərin oyanması adi, təbii hal kimi qəbul oluna bilərdi. Ona görə də, T.Bayramın məhz Bakı mühitindən çıxaraq millətçi şair və mübariz ziyalı kimi formalaşması bu şəxsiyyətin dəyərini daha da artırır. T.Bayram Azərbaycanın rəsmi müstəqilliyinin elanından bir neçə ay öncə, 1991-ci il aprelin 18-də, 57 yaşında dünyasını dəyişdi. Vaxtsız ölüm T.Bayrama Azərbaycanın rəsmi müstəqilliyini görməyə imkan vermədisə də, onun qəlbində və qəlbinin aynası olan şeirlərində Azərbaycan artıq çoxdan müstəqil və bütöv idi. Bəzilərinin sovet dövlətinin "ortaq vətən” olmasından, sosializmin ədalətindən, partiyanın müqəddəsliyindən yazdığı vaxtlarda T.Bayramın yaradıcılığında yalnız Azərbaycan vətəni və Azərbaycan xalqı olub. Onun vətən haqqında yazdığı şeirlərinin sovet dövründə yazıldığını təsəvvür etmək olmur. Sanki şeirlər müstəqillikdən neçə illər keçəndən sonra yazılıb.

Təəssüf ki, bu günədək T.Bayramın yaradıcılığı və şəxsiyyəti lazımınca araşdırılmayıb və xalqımıza tanıdılmayıb. Halbuki, əminliklə demək olar ki, T.Bayram sovet dövründə millətçi və vətənpərvər ruhda ən güclü şeirləri yazmış şairlər sırasındadır. Şair bu mövzuda sözünü birbaşa deyən, "baltanı kökündən vuran” şairlərdən idi.

T.Bayramın nə dərəcədə vətənpərvər və millətçi bir şair olduğunu bilmək üçün onun bu gün aşağı sinif şagirdlərinin dilində əzbər olan yalnız iki şeiri - məşhur "Azərbaycan deyəndə” və "Ana dilim” şeirləri ilə tanış olmaq yetərlidir. 1970-ci illərin əvvəllərində yazılmış "Azərbaycan deyəndə” şeirində qorxmaz şair duyğularını hayqırır:

Vətən mənim bu günüm,

Sabahkı toy-düyünüm.

Haqqım var ki, öyünüm

Azərbaycan deyəndə.

Ürəklərdə döyünüm,

Azərbaycan deyəndə.

Göründüyü kimi, bu şeirdə nə "ortaq sovet vətəni”, nə "15 qardaş”, nə partiya, nə sosialist ideyaları var. Yalnız və yalnız Azərbaycana, onun tarixinə və mədəniyyətinə çox böyük bir eşq atəşi var. T.Bayram özünü dünyaya sovet vətəndaşı kimi yox, Azərbaycan oğlu kimi təqdim edir və yalnız öz vətəni ilə qürur duyduğunu söyləyir. Şair üçün öz vətəni o qədər müqəddəsdir ki, onun adı çəkildikdə hətta cansız əşyaların da təsirlənəcəyini təsəvvür edir. Hətta aciz körpələr də Azərbaycan övladı olmaqdan güc alıb pələngə, şirə dönə bilər:

Azərbaycan deyəndə,

Anaların bətnində,

Qara gözlü körpələr

Pələngləşir şirləşir.

Azərbaycan deyəndə,

Müdrik qocalar kimi

Dağlar da fikirləşir...

Vətənin və xalqın bütövlüyü birbaşa qeyrət məsələsidir. Bu gün ağrısını çəkdiyimiz yerliçilik, bölgəçilik problemi hər zaman ağrılı yerimiz olub. Vətənin bütövlüyünü arzulayan şair üçün ayrıseçkilik dözülməz dərd idi:

Azərbaycan deyəndə

"Haralısan?” sualı,

Verənlərə ar olsun.

Qeyrətlilər birləşsin,

Qeyrətsizlər xar olsun...

Şeirin sonunda Azərbaycanın bölünmüş olması probleminə də toxunulur. Vətəni bölən sərhəd məftilləri şairin gözünə qəmli musiqinin çalındığı simlər kimi görünür:

Azərbaycan deyəndə!

İşıq sütunu kimi

Sabaha ucalaram,

Azərbaycan deyəndə!

Körpüləri, sədləri

Sinəmlə parçalaram.

Sərhəd məftillərində,

Bu kobud əllərimlə

Bir muğamat çalaram..

Millətçi düşüncənin yüksək səviyyədə ifadə olunduğu "Ana dilim” şeirində şair doğma Azərbaycan dilini bilməyənlərə nankor və nacins deyir. Həqiqətən, öz ana dilini bilməyən nankordur, yəni millət və vətən qarşısındakı borcunu yerinə yetirməyən, ata-babalarının əməyini itirəndir. Dilini bilməyən nacinsdir, yəni cinsi olmayan, qeyri-müəyyən bir varlıqdır! Şair necə də gözəl deyir:

Bu dil şirinlikdə şərbət kimidir,

Saflığı qorunan sərhəd kimidir,

Anamız Vətən də qürbət kimidir

Öz ana dilini bilməyənlərə!

İnsan üçün öz ana dili şirindir. Onun saflığını çox həssaslıqla, əsgər sərhədi qoruduğu kimi qorumaq lazımdır. Ana dilini bilməyənlərə bu vətən qürbətdir və onlar bu vətəndə qəribdir. Bu fikirlər o dövrdə deyilib ki, həmin dövrdə Bakıda əksinə, rus dilini bilməyənlər və həmin dildə danışmayanlar yad, gəlmə kimi qəbul olunurdu. "Yersiz gəldi, yerli qaç” prinsipi hökm sürürdü.

Şair öz dilini bilməyənlərin ana öyüdündən, daha geniş mənasında milli adət-ənənələrimizdən uzaq olduğunu göstərir. Həmin şəxslərin əsilsiz-soysuz, eyni zamanda küt olduğunu deyir. Halbuki, o dövrdə rusdillilik az qala bir ziyalılıq meyarı kimi qəbul olunurdu. T.Bayrama görə isə, soyundan, milli adət-ənənələrdən uzaqlaşan, millətini sevməyən şəxslər nə qədər oxumuş olsalar da, millətə xidmət etməzlər. Şair bu fikirləri sovet dövründə deyib. Təəssüflər olsun ki, müstəqillik dövründə bəzi "ziyalılar” uşaqlara və gənclərə məsləhət görürlər ki, iş tapmaq üçün əsas xarici dil öyrənməkdir. Öz dilinizi onsuz da, pis-yaxşı öyrənəcəksiniz. Daha demirlər ki, dilimizin mövqeyini və milli sənayemizi elə inkişaf etdirək ki, xarici dil öyrənməyə ehtiyac olmasın. Nəhayət, T.Bayram doğma dilini bilməyənlərə ana südünü də haram bilir. Şair ana dilini azad, vətənini o taylı, bu taylı bütöv görür.

Dilini bilməyənlərin yaşlı nəslə, ata-babalarımıza ögeyləşdiyini göstərir:

Bu gün azad dilli Azərbaycanam,

O taylı, bu taylı vahid bir canam,

Baxır ögey kimi ağbirçək anam

Öz ana dilini bilməyənlərə!

Haramdır Vətənin halal çörəyi

Öz ana dilini bilməyənlərə!

Dilini unudanlar, soyundan dönənlər nə qədər yüksəlsələr də, var-dövlət qazansalar da, vətənə və xalqa xeyirləri dəyməz deyir şair. T.Bayramın sovet vaxtı qələmə aldığı bu əsər bu gün də milli

hisslərdən məhrum olan şəxslərin gözlərinə ox kimi batmağa layiq şeirdir. Vətənpərvər şair gözəl lirik şeirlər də yazıb. Onun "Qadın ürəyi”, "Ay gecikən məhəbbətim”, "Vağzalı çalınır” və b. lirik şeirləri bu gün də dillər əzbəridir. T.Bayramın şeirləri həzin, axıcı olmaqla, aydın dildə yazılmaqla, bədii təsvir vasitələrindən yerli-yerində istifadə olunmaqla bahəm, həm də insan hisslərinə güclü təsir göstərməyi ilə seçilir.

T.Bayram haqqında danışılan xatirələr də çox maraqlıdır. Bu xatirələr onun həyatda necə ləyaqətli bir şəxsiyyət olduğunu göstərir. Şair bu gün də bəlalarımızdan olan sənətkarın yaltaqlığına, haqsızlığa göz yummasına qarşı daim mübariz mövqedə dayanıb. Deyilənə görə, T.Bayram Türkiyə dövləti və ədəbiyyatı ilə çox maraqlanırmış. Bir gün ondan soruşublar ki, nə çox bu Türkiyə ilə maraqlanırsan? T.Bayram cavabını aşağıdakı misralarla verib:

Canı canımdandır, qanı qanımdan

Lisanın ayırmam öz lisanımdan...

Hətta bu gün də Azərbaycan və Türkiyə türkcələrini ayrı-ayrı dillər kimi qəbul edən "ziyalılar” az deyil. T.Bayram isə hələ sovet dövründən dilimizi vahid görürdü. O, ömrünün son çağlarında xəstə yatıb. Cəbhə bölgəsində xidmət edən oğlu ona baş çəkməyə gələrkən atasına deyib ki, səni də burda xəstə qoyub gedə bilmirəm, oranı da qoyub gələ bilmirəm. T.Bayram isə oğluna deyib: "Sən nə danışırsan, mən kiməm ki? Birinci vətəndir, get, vətənə xidmət elə”.

Ümid edirik ki, T.Bayram yaradıcılığı və şəxsiyyəti gələcəkdə layiq olduğu səviyyədə araşdırılacaq və xalqımıza, xüsusən də gənc nəslə bir örnək kimi tanıtdırılacaq.

İsmayıl