Savaşa başlamaq olar...

“...Ancaq Rusiyanın bu məsələyə qarışmayacağı barədə təminat olmalıdır”



Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır.

Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu qeyd edən prezident deyib ki, problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, doktor Fərhad Mehdiyev "Şərq”ə açıqlamasında dövlət başçısının bəyanatı ilə bağlı bunları deyib: "İ.Əliyev çatdırıb ki, Avropa İttifaqı başda olmaqla digər beynəlxalq güclər Azərbaycanın mövqeyini dəstəkləməsə, Rusiya Ermənistan vasitəsilə öz təzyiqlərini davam etdirəcək. Dövlət başçısı ona da diqqət çəkib ki, Azərbaycan müstəqilliyindən əl çəkməyəcək. Lakin Rusiya təzyiqini artıra bilər ki, bu da regionda gərginliyin güclənməsinə səbəb olacaq”.

Ekspert hesab edir ki, münaqişənin müharibə yolu ilə həlli hələ ki, mümkün görünmür: "Savaşı başlamaq üçün Rusiyanın qarışmayacağı barədə təminat olmalıdır. Hazırda belə bir təminat yoxdur. Rusiya indiki mövqeyindən dönməyəcəyi halda ölkəmizin müharibə variantına əl atması inandırıcı deyil”.

Ayyət Əhməd