Girov azərbaycanlının ölüm xəbəri təsdiqlənib

Həsən Həsənovun atasının vəziyyəti pisləşdi



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcərdə girov götürülənlərlə bağlı məlumat yayıb. Yayılan məlumatda ermənilər tərəfindən girov götürülən Cəbrayıllı Həsən Həsənovun ölüm xəbəri təsdiqlənib. "Qaçqınkom” bəyan edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bir neçə fotolar əldə edilib və həmin fotolarda girov götürülmüş şəxslərdən biri, ermənilər tərəfindən öldürüldüyü ehtimal olunan Həsən Həsənov da olub.

Daha doğrusu, H.Həsənovun cəsədi olub. Bununla əlaqədar olaraq ailə üzvləri, qohumları həmin şəkillərlə tanış olub və cəsədin H.Həsənov olduğunu təsdiq ediblər. Bundan sonra BQXK tərəfindən cəsədin qaytarılması ilə bağlı danışıqlar aparılıb. Lakin onlara bildiriblər ki, cəsədin həmin şəxsə aid olduğunu dəqiqləşdirmək üçün əlavə kömək edici identifikasiya materiallarına ehtiyac var. Komitə onu da vurğulayıb ki, girovların və H.Həsənovun cəsədinin qaytarılması ilə bağlı görülən işlər gündəlik ölkə prezidenti cənab İlham Əliyevin nəzarətindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova da bildirib ki, mediada öldürüldüyü barədə məlumat yayılan şəxsin meyiti komitənin Dağlıq Qarabağdakı nümayəndəsinə göstərilib: "Həmin meyitin fotosu

ailə üzvlərinə də göstərilib və ailə üzvləri onu tanıyıblar”. İ.Hüseynova onu da söyləyib ki, BQXK neytral vasitəçi olaraq həmin meyitin ailəsinə qaytarılmasını təklif edib. Hazırda saxlanılan şəxslərə baş çəkmək və meyiti qaytarmaqla bağlı müzakirələr davam etdirilir.

Erməni separatçıları girov azərbaycanlıları İrəvan sakinləri Abramyanı və Davtyanı güllələməkdə ittiham ediblər. Ermənilər bildirib ki, şəxsiyyəti müəyyənləşdirilməmiş üçüncü şəxs müqavimət göstərərkən güllələnib. Sonradan o şəxsin H.Həsənov olduğu müəyyənləşib.

H.Həsənovun qardaşı Nail Həsənov qardaşının öldürülməsi ilə bağlı danışarkən deyib ki, qardaşının fotosuna iki-üç gün bundan qabaq baxıblar: "Ailə üzvləri ilə bərabər BQXK-də qardaşımın şəkillərinə baxdıq. Fotoya baxanda qardaşımın meyiti olduğu aydınlaşdı. Lakin orda bəzi qaranlıq məsələlər var və həmin məsələlər meyit Azərbaycana təhvil veriləndən sonra keçiriləcək ekspertizadan sonra dəqiq məlum olacaq”.

Kəlbəcərdə ermənilərin girov götürdüyü H.Həsənovun ölüm xəbəri "Qaçqınkom” tərəfindən yayılan məlumatda təsdiqləndikdən sonra onun atası Fərman Həsənovun vəziyyəti pisləşib. Bu barədə onun yaxınları məlumat veriblər. Məlumatda bildirilib ki, həkimlər F.Həsənovun tam sakit şəkildə saxlanılmasını məsləhət görüblər. Ailə üzvləri isə Həsənlə bağlı danışmaq istəmir və onun hələ də sağ olduğuna dair ümidlərini itirmirlər.

İsmayıl