“Sağ qalan girovları da güllələyəcəklər...”

Aqil Abbas: “Nə olar, qoy öldürsünlər”




Kəlbəcərdə erməni hərbiçilər tərəfindən girov götürülən Həsən Həsənovun öldürüldüyünə şübhə qalmayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin uzun tənqidlərdən sonra birtəhər ələ keçirdiyi fotolar vasitəsilə H.Həsənovun ölüm faktı təsdiqlənib. Şəkillərə baxan ailə üzvləri də acı xəbəri doğrulayıb. Digər iki nəfər - Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında isə hələlik heç bir məlumat yoxdur.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin verdiyi son açıqlama da D.Əsgərovun Rusiya vasitəsi ilə xilas edilmək şansını sıfıra endirib. Səfir Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya vətəndaşının olmadığını bəyan edərək Moskvaya ümid etməyin mənasız olduğunu ifadə edib. D.Əsgərovun ailəsi isə onun Rusiya vətəndaşlığı alıb-almamasından xəbərsiz olduqlarını bildiriblər.

Vətəndaşlarımızın Kəlbəcərə getmələrinə, əsir düşmələrinə, bununla bağlı ictimaiyyətdəki narahatlığa və fərqli fikirlərə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, tanınmış yazar Aqil Abbas həmin şəxslərin qınanmasına kəskin etirazını bildirib: "Niyə onları qınayaq? Öz evlərinə, dədələrinin, nənələrinin qəbri üstünə ziyarətə gediblər də. Gedəndə də ölümlərini gözlərinin qabağına alıb gediblər. Bəyəm onlar dəfələrlə işğal olunmuş ərazilərimizə keçəndə nə vaxtsa əsir düşəcəklərini və ya öldürüləcəklərini bilmirdilər? Əlbəttə bilirdilər. Nəyə əsasən onları tənqid edək? Mənim bir romanım var - "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”. O romanın axırında əsərin qəhrəmanı olan bir müəllim deyir ki, "çadırda ölməkdənsə, gedib öz doğma torpağımda ölüm” və çıxıb gedir işğal altında olan kəndinə. Elə orda da ölür. İndi mənim o müəllimi qınamağa haqqım yoxdur axı.. Öz Vətəninə gedir də, deyim getmə!

- Girov götürülənlərdən biri artıq öldürülüb. Digərlərinin salamat olub-olmaması isə bilinmir..

- Çox güman ki, onları da güllələyəcəklər. Nə olar, qoy öldürsünlər. Belə zəlil gündə, ağrı-acı içində, Vətəndən uzaqda yaşamaqdansa, qoy elə öz dədə-baba yurdlarında ermənilər tərəfindən şəhid edilsinlər. Yəni öz evlərində ölmək istəyiblərsə, kimin ixtiyarı var ki, onlara qarışsın. 1970-ci ildə Çin zülmündən qaçıb Azərbaycana gələn uyğurlar var idi. Onlarla ünsiyyətdə olan şair Şahmar Əkbərzadə danışırdı ki, 77 yaşlı uyğur öz vətəninə qayıtmaq istəyirmiş və hər dəfə də deyirmiş ki, yaşamaq yox, ölmək üçün Vətənə dönmək niyyətindədir. Vətən sevgisi hər insanın təbii haqqıdır. Hazırda problemi kökündən həll etməyin yeganə yolu savaşmaqdır. Onsuz da, əvvəl-axır müharibə edib torpaqlarımızı təmizləyəcəyik. Ermənilər də uzaq başı əsir vətəndaşlarımızı güllələyəcək. Ruhları sağ olsun. Nə etmək olar? Düşmən vəhşidir, onların insafı, ədaləti yoxdur.

- Dövlətin öz vətəndaşlarını əsirlikdən sağ-salamat qurtarmağa çalışmasına ehtiyac görmürsüz?

- Onsuz da, hökumət əlindən gələni edir. Ciddi səy göstərir. Beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır və s. Dövlət daha neyləməlidi? Bir yol qalıb, gərək müharibə edə.

- Son məlumata görə, ermənilər girov götürülən üç nəfərə əsassız ittihamlarla cinayət işi açıblar..

- Ermənilərin əlindən başqa nə gəlir ki. Əlbəttə, "fürsət”dən istifadə edib əsirlərə cinayət işi açacaqlar. Hələ boyunlarına əlavə günahlar da yükləyəcəklər. Deyirlər "diversant” tutmuşuq. Elə "diversant” olur? Hansı "kəşfiyyatçı” özü ilə köhnə ov tüfəngi götürər? Özü də onlar ilk dəfə getmirlər. Dəfələrlə gediblər və hər gedəndə videolar, fotolar çəkiblər. Elə çəkdikləri videogörüntülərə baxanda ora nə üçün getdikləri aydın olur. Kişilər oturub kabab yeyir, bulaq suyu içirlər. Sonra da qayıdıb gəlirlər. İndi hadisədir olub da, tutulublar.

- Beynəlxalq təşkilatların, məsələn, BQXK-nin qərəzli mövqe sərgiləməsi ilə bağlı nə deyə bilərsiz?

- Ədalətli beynəlxalq qurum var ki? Hamısı eyni zibildi. Bəs, bilmirsiz, Beynəlxalq Millətlər Təşkilatı (BMT) "beynəlxalq millətlər çayxanası”dır. Mənim qəzetimdə elə yazılır. Qurumun rəhbəri Pan Gi Mun da baş çayçıdır. Qəzzada, İraqda, Suriyada salamat adam qalmayıb. 80 faizi qırılıb qurtarıb. İndiyə kimi beynəlxalq qurumlar nə qələt ediblər ki, indi də nəsə etsinlər.

- Dilqəm Əsgərovun rus vətəndaşı olması iddiası çoxlarında ümid yaratmışdı ki, Kreml məsələyə qarışacaq və öz vətəndaşını əsirlikdən xilas edəcək. Amma..

- Boş şeydi, a kişi. Milliyəti azərbaycanlı olan vətəndaş Moskvanın nəyinə lazımdır? Rusiyada 3 milyon azərbaycanlı yaşayır. Olmasın biri, ikisi. Bu, nağıldı. Niyə belə nağıllardan ötrü özünüzü yorursuz?

- D.Əsgərov hər videoçəkiliş aparanda soydaşlarımızı da işğal altında olan torpaqlara səsləyir. Bu çağırışa münasibətiniz necədir?

- Bu sualın cavabı mənim "Dolu” filmimdə var. Xahiş edirəm, filmin axırına bir də baxın. Görəcəksiz ki, sonda hamı bir nəfər kimi işğal olunmuş torpaqlara keçir. Mən bu məsələnin romanını yazıb, filmini çəkmişəm.

İsmayıl