“İnciyənlərə “çox sağ ol” demək istəyirəm”

Nəvai Mətin: “Akif Səməd haqqında onların sözləri var, amma zaman məhdud idi”




İki gün öncə Azərbaycanın tanınmış mərhum şairi Akif Səmədin 55 illik yubileyi münasibətilə Bakıda böyük bir tədbir keçirildi. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan yubiley yığıncağı Uluslararası Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə ölkənin bir sıra tanınmış şəxsləri, şairlər, Akif Səmədin dostları iştirak edib, mərhum şairlə bağlı fikirlərini səsləndiriblər.

Bununla yanaşı, tədbirlə bağlı müəyyən narazılıqlar da olub. Belə ki, tədbirdə çıxış edə bilməyənlər, müəyyən qədər təşkilatçıları günahlandırıblar. Tədbirin təşkilatçısı olan Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycandakı təmsilçisi Nəvai Mətin tədbirlə bağlı fikirlərini "Şərq”lə bölüşüb. N.Mətin həmçinin narazı qalan şəxslərin incikliklərini də anladığını söyləyib...

- Əvvəla, bu tədbir ideyasının qaynağından danışmaq istərdim. Uluslararası Aktivist Sənətçilər Birliyi daxilində Türkiyədə Akif Səməd haqqında çox söhbətlərimiz olub. Mənim özümün müstəqil şəkildə yaratdığım "Akif Səməd Mükafatı” var. Bu mükafatı da birliyin tərkibinə salmaq üçün Türkiyədə bir çox görüşlərim, söhbətlərim baş tutdu. Artıq həmin mükafat da birliyin adından verilir. Orada belə bir qərara gəldik ki, Akif Səmədin 55 illik yubileyini Bakıda elə həmin təşkilatın adından həyata keçirək. Mən birliyin təmsilçisi olduğum üçün məsələni qaldırdım. Bu da yetkililər tərəfindən çox müsbət qarşılandı.

Təbii ki, Akif Səməd kimi böyük bir şairin yubileyi yüksək səviyyədə keçirilməli idi. Həmçinin maraqlı məqamlardan biri də odur ki, yubiley tədbiri birliyin Azərbaycanda keçirdiyi ilk böyük tədbir idi. Tədbirin gedişatı, insanların münasibəti göstərdi ki, yubiley yığıncağı möhtəşəm oldu. Ora toplaşan insanların sayını nəzərə alsaq, çıxışçıların fikirlərinə baxsaq görərik ki, bu tədbir baş tutub. Məncə, zəhmətimiz hədər getmədi.

- Bu tədbirlərin davamı olacaqmı?

- Təbii ki, davamı olacaq. Bu, başlanğıc idi. Akif Səməd bildiyimiz kimi, həm də türkçü insan idi, türklüyü dərk edən, sevən şair idi. Bu cür şairi Türkiyədə tanıtmaq, təbliğ etmək lazımdır. Bu işlərin görülməsi məqsədlərimiz sırasındadır. Ona görə də fəaliyyətimizdə bu işləri zaman-zaman həyata keçirməyi düşünürük.

- Şairin kitablarının Türkiyədə çapı da nəzərdə tutulubmu?

- Bunun üzərində iş gedir. Akif Səmədin Azərbaycanda çap olunmuş bir sıra kitabları var. Biz həmin kitabların Türkiyə türkcəsində çapını da planlaşdırmışıq. Hazırda bir cildlik kitabı İzmirdə çap mərhələsindədir. Onu da deyim ki, mən dəfələrlə Akif Səmədin şeirlərini tərcümə edərək Türkiyə qəzetlərində, ədəbi dərgilərdə çap etdirmişəm.

- Yubiley tədbiri ilə bağlı müəyyən narazılıqlar oldu. Məsələn, tədbir iştirakçılarından bəziləri bildirirlər ki, çıxış etmək istəsələr də, onlara söz verilməyib. Təşkilatçı olaraq bu narazılıqları necə qarşılayırsız?

- Əslində mənim istədiyim məhz bu idi. İstəyirdim tədbirə adamlar o qədər çox gəlsin ki, zalda oturmağa yer tapa bilməsinlər. Tədbirə o qədər çox adam gəlmişdi ki, biz nəzərdə tutduğumuz çıxışçılarda dəyişiklik etmək məcburiyyətində qaldıq. Nəzərdə tutduğumuzdan 5 qat artıq insan Akif Səməd haqqında söz demək istəyini bildirdi. Bu da təbii ki, gözəl şairimizə sevgidən irəli gəlir. Əgər çıxış etmək imkanı tapmayanlar oldusa, bu, normal qarşılanmalıdır. Hər halda zaman məhdudiyyəti ilə bağlı idi. Mən də düşünürəm ki, Akiflə bağlı danışmaq haqqı olan insanların çoxusuna söz imkanı tanınmadı. Bu da yenə deyirəm, həmin insanlara qarşı ayrı-seçkilikdən yox, vaxt məsələsindən irəli gəldi. Yenə də deyirəm, inciyənləri anlayıram. Amma gərək onlar da anlayış göstərib bizdən inciməsinlər. Adətən bu cür tədbirlərə iki və yaxud iki saat yarım vaxt gedir. Amma Akif Səmədin yubiley tədbiri üç saat yarım çəkdi. Bu müddətdə çıxış etmək istəyənlərə şərait yaradıla bilinməyibsə, bizi günahlandırmaq düzgün deyil. Nə qədər imkan var idi, biz şərait yaratdıq, sözlərini dedilər. İnanırsız, mənim ciblərim kağızlarla dolu idi. Yazırdılar ki, çıxış etmək, söz demək istəyirik. Yenə deyirəm, imkan daxilində şərait yaradıldı.

- Tədbirdən sonra və yaxud da tədbirin gedişində sizə irad bildirildimi çıxış edə bilməyənlər tərəfindən?

- Düzünü deyim ki, birbaşa mənə hansısa irad, narazılıq bildirilmədi. Amma dolayısı ilə eşidirəm ki, narazılıqlar olub.

- Həmin adamlara nə sözünüz var?

- Onlara elə inciməklərinə görə "çox sağ ol” demək istəyirəm. Demək, Akif haqqında onların sözləri var ki, danışmaq istəyirdilər. Amma bu sözləri bir başqa tədbir keçirib demək də mümkündür. Məsələn, hansısa kitabxanada yığışıb Akif haqqında danışa, xatirələrimizi birlikdə bölüşə bilərik. Burada nə problem var ki? Onu da deyim ki, yubiley tədbirindən iki gün qabaq Akif Səmədlə bağlı xüsusi buraxılış çap etdirdik. Orada bir çox insanlar şairlə bağlı fikirlərini yazmışdılar. İndi danışmaq istəyənlər jurnallarda, qəzetlərdə də çıxış edə bilərlər. Məsələn, mən Akiflə uzun illər dostluq etmişəm, kiçik qardaşı kimi olmuşam. Ona görə mənim Akif haqqında daha çox sözüm vardı. Lakin özüm də çıxış etmək imkanı tapıb sözlərimi deyə bilmədim. Sadəcə, təşkilatçı birliyin adından qonaqları salamladım. Bundan incimirəm. Çünki bu bizim tədbirimiz idi. Öz tədbirimizdən inciməkmi olar? Bunu anlaya bilmirəm.

- Bir narahatedici məqam da Xalq şairi Sabir Rüstəmxanlının çıxışı zamanı sözünün yarıda kəsilməsi ilə bağlıdır. Bildirilir ki, Xalq şairi çıxışını tam başa vura bilməyib. Bu nə dərəcədə düzgün yanaşmadır?

- Məncə, Sabir bəy öz sözünü sonacan dedi. Akif haqqında Sabir bəyin söylədikləri də yetərincə maraqla qarşılandı. Düzdü, səsləndirdiyi fikirlərə replikalar da atıldı. Yəni müsbət mənada replikalar verildi. Amma bizim hörmətli şairimizin sözü yarıda kəsilmədi. Mən bunun şahidi olmadım.

Anar Bayramoğlu