Neft Şirkətində 30 min işçi qalacaq

İdarə rəisləri ixtisara düşməklərinə baxmayaraq işsiz qalmayacaq



Dövlət Neft Şirkəti kütləvi ixtisarların növbəti mərhələsinə başlayıb. Bir müddət öncə ştat vahidlərinin azaldılması istiqamətində kütləvi ixtisarlar başlasa da, sonradan dayandırıldı. Axar.az-ın verdiyi məlumata görə, ARDNŞ-nin Təhlükəsizlik İdarəsi və Nəqliyyat Departamentinin artıq bir-iki həftə öncə imtahan verərək yaxşı nəticə göstərmiş şəxslərilə bərabər, digər rəhbər və adi işçilərinə bildirişlər paylanılıb.

Bildirişdə onlara iki ay müddətinə özlərinə iş tapmaqları xahiş olunur və bağlanmış müqavilələrinin ləğv ediləcəyi qeyd edilib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Şərq”ə idarə rəislərinin ixtisara düşməyinə baxmayaraq onların işsiz qalmayacağını bildirib: "Bunlar əsasən "Azəriqaz”ın idarə rəislərinə aiddir. Çünki özlərinə iş tapacaqlar”.

M.Qəhrəmanlı həmçinin ilin sonuna kimi aparılan ixtisarlar nəticəsində Dövlət Neft Şirkətində 30000 işçinin qalacağını açıqlayıb: "ARDNŞ-də əslində 5000-10000 arası insan çalışmalıdır. Lakin bizdə hələ istehsalat tam avtomatlaşdırılmayıb, əl əməyi əsasında həyata keçirilir. Çünki neft hasilatı olduqca aşağı düşüb. Hazırda bir ildə 7 milyon ton neft çıxarılır. Neft hasilatının azalmasında ARDNŞ günahkardır. Zamanında peşəkar işçiləri təqaüdçü adından işdən çıxarmasaydı, hasilat bu qədər azalmazdı”.

O, fikirlərinin sonunda təklif edib ki, ARDNŞ və digər dövlət strukturları Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın işə qəbul prosedurlarından istifadə etsin və ya bu komissiyanın səlahiyyətləri genişləndirilsin: "O zaman işçi seçimlərinin, işdən azad etmələrin və ya işə qəbulların, attestasiyaların ədalətli həyata keçirilməsinə inanardım. Çünki bu ölkədə iki dövlət qurumu çox şəffaf və obyektiv fəaliyyət göstərir. Bunlar "Asan” Xidmət və DQMK-dir. Kommunal sahələrlə bağlı dövlət qurumlarına vəzifəyə xüsusi test üsulu ilə qəbul aparılsın. Çünki sonradan vəzifəyə təyin edilən şəxslər ehtiyat bazadakı peşəkar kadrların əməyindən istifadə etmirlər. Bu da əhali arasında narazılıqlara səbəb olur”.

Vüqar Şahinoğlu