Həbsxanalarda işsizlikdir...

Nə qədər konsertə, şeirə qulaq asmaq olar?





Cəzaçəkmə müəssisələrində intellektual oyunların keçirilməsinə başlanılıb. İlk belə oyun 2 saylı cəzaçəkmə müəssisəsində baş tutub. "Azərbaycan” İntellektual Oyunlar Klubu ilə Penitensiar Xidmətin birgə təşkilatçılığı ilə keçirilmiş oyun "Nə, Harada, Nə zaman” formatında təşkil edilib. 16 düzgün cavabla "Qartal” komandası birincilik əldə edib. Klubun rəhbərliyi bildirib ki, məhbuslar arasında bu tip yarışların populyarlaşması üçün səy göstərəcəklər.

Hüquq müdafiəçiləri də belə intellektual yarışların keçirilməsini müsbət qarşılayır. Penitensiar Xidmətə bəlli olan ekspertlər hesab edirlər ki, konsertlərdən, tamaşalardansa intellektual oyunlar, idman yarışları daha yaxşıdır.

Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov "Şərq”ə açıqlamasında bildirib ki, sovet dövrünə nisbətən hazırda məhkumların məşğulluğu ən böyük problem olaraq qalır:

- Bilirsiz, sovet vaxtı məhkumlar həbsxana daxilində işləyirdilər, başları qarışırdı. İstehsalat sahələri vardı, məhkumlar özləri kimdənsə müxtəlif əl sənəti öyrənirdilər, əşyalar düzəldirdilər və onlar da satılırdı. Məhkumlara əmək haqqı verilirdi. Bu günsə ən böyük problem işsizlikdir. Sovet vaxtı həbsxanalarda olan istehsalat sahələri də dağılıb, dəzgahlar da. Məhkumların məşğuliyyəti yoxdur. Həbsxanaya bir aktyor, müğənni gələndə, bir konsert təşkil olunanda, məhkumlar üçün əsl bayram olur. Belə intellektual oyunların, yarışların keçirilməsi isə daha da yaxşıdır. Bir var, oturub konsertə qulaq asasan, bir də var, özün oyunda iştirak edəsən, yarışın üzvü olasan. Bu, məhkumlara daha böyük həvəs və stimul verər, məncə. Məhkum da insandır. Məhkumların arasında ali təhsillilər, bilikli adamlar da var. Belə adamlar üçün əlbəttə, intellektual oyunlarda iştirak etmək çox maraqlıdır. Digər məhkumlar da oyunlara qatılır, bilmədiklərini öyrənirlər, komanda formalaşdırır, komandalarının qalib gəlməsinə çalışırlar. Yəni, burada bir həvəs, canlanma, məhkumun özünə güvənci məsələsi var. Həm də belə oyunlar tərbiyəvi xarakter daşıyır. Nə qədər konsertə qulaq asmaq olar?! O da lazımdır, bu da. Amma intellektual oyunlar əlbəttə, daha maraqlı və cəlbedicidir. Belə yarışlar məhkumların savadlanması baxımından da xeyirlidir. Məhkum bilsə ki, yarışda iştirak edəcək, kitab oxuyacaq, bilmədiyini öyrənməyə çalışacaq, savadlanacaq.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı da cəzaçəkmə müəssisələrində intellektual oyunların keçirilməsini müsbət qarşıladığını bildirdi:

- Cəzaçəkmə müəssisələrində keçirilən hər bir tədbir məhbuslar üçün oksigen effekti daşıyır. Aylarla, illərlə qapalı mühitdə saxlanan insan üçün belə tədbirlər nə qədər çox keçirilsə, bir o qədər yaxşıdır. Müxtəlif səpkili tədbirlər olmalıdır. Konsert də olmalıdır, tamaşa da, intellektual oyunlar, idman yarışları da. Çünki həbsxanalarda kontingent də fərqlidir. Yaşlı məhkumlar, qadınlar daha çox konserti, şeir dinləməyi sevir. Nisbətən cavanlar idman yarışlarına qatılır, savadlılar intellektual oyunlara. Həbsxanalarda təşkil olunan tədbirlərin müxtəlifliyinə diqqət edilməlidir. Hazırda məhkumlar üçün işsizlik böyük problem olduğundan bu tip tədbirlər onların asudə vaxtının maraqlı keçirilməsinə kömək edir. Son illər məhkumlar arasında ixtisasa yiyələnmə halları artıb. Hətta məhkumlara sertifikatlar da verilir. Azadlığa çıxanda müəyyən sahələrdə işləmək imkanları yaranır. Məhkumların təhsillərini davam etdirmə imkanları da var. Neçə nəfər tanıyıram ki, peşə ixtisasına yiyələnib. Bununla belə işsizlik məhkumlar üçün yenə də bir nömrəli problemdir. Sovet dövrü ilə müqayisədə indi vəziyyət fərqlidir. Lap məhkumlar nəsə istehsal etsələr də, satışa çıxarmaq imkanları yoxdur. Sovet vaxtı məhkumların əməyi planlaşdırılmışdı. Məhkumlar şagird partası, stol, stul düzəldirdilər və bunlar da konkret ünvanlara verilirdi, əvəzində məhkumlar əmək haqqı alırdılar. Elə adamlar olurdu, həbsxanadan əsl usta kimi çıxırdı. Bu işləri indi də yoluna qoymaq olar. Amma bunun üçün konkret təkliflər hazırlanmalı və dövlət-qeyri-dövlət müəssisələri ilə müqavilələr bağlanmalıdır. Hələliksə, məşğuliyyəti olmayan məhkumları intellektual oyunlara, bilik və idman yarışlarına cəlb etmək ən doğru yoldur.

Məlahət Rzayeva