Azərbaycanlı iş adamının qatili axtarılır

Rusiyanın Volsk şəhərində hadisə ilə bağlı cinayət işi açılıb




Bir neçə gün öncə Rusiyanın Volsk şəhərində azərbaycanlı biznesmen vəhşicəsinə qətlə yetirilib. Rusiya Daxili İşlər Nazirliyi meyitin üzərində işgəncə və zorakılıq əlamətləri olduğunu açıqlayıb: "Meyitə baxış keçirilib. Ədilxan Sərdarovun yaxınları onu tanıyıblar.

Tibbi ekspertizadan sonra məlum olub ki, onun ölümünə başının sağ tərəfindən odlu silah vasitəsilə güllələnmə səbəb olub. Onun bədənində əzik izləri də müşahidə olunub”.

Məlumat üçün bildirək ki, Volskdakı Azərbaycan diasporu sədrinin müavinin qardaşı olan Ə.Sərdarov aprel ayının 25-də özünün "VAZ 2106” markalı maşını ilə ofisindən çıxıb və o vaxtdan itkin düşüb. Tanınmış iş adamı 55 yaşlı Ədilxan Sərdarovun cəsədi avtomobilinin içində Volsk çayı sahilində tapılıb. Ə.Sərdarov Volskda fəaliyyət göstərən imkanlı iş adamlarından biri olub. Ailəlidir, bir oğlu, bir qızı və bir nəvəsi var.

Hadisə ilə bağlı məlumat almaq üçün Ümumrusiya Azərbaycanlıları Konqresinin şöbə müdiri İlqar Hacıyevlə əlaqə saxladıq. O bildirdi ki, hazırda bununla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir: "Adətən belə halların çoxu soydaşlarımız arasında şəxsi zəmində və digər məqsədlərə görə baş verir”.

Vüqar Şahinoğlu