ABŞ kəşfiyyatçısının versiyası doğrudur

İŞİD-in fəaliyyəti islam dünyasının bütövlükdə maraqlarına ziddir



ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden "İraq Şam İslam Dövləti” adlı terror qruplaşması ilə bağlı ilginc məlumatlar açıqlayıb. Snouden bildirib ki, İraq və Suriyada müxtəlif cinayətlər törədən İŞİD qruplaşması ABŞ, İngiltərə və İsrail kəşfiyyat xdimətlərinin məhsuludur.

Kəşfiyyatçı əlavə edib ki, İŞİD-çilərin himayəsində məqsəd İsrail rejiminin təhlükəsizliyini təmin etməkdir: "İsraili qorumaq üçün yeganə üsul Orta Şərqdəki silahlı qruplaşmaları nəzarətdə saxlamaqdır. Bundan əlavə İslama qarşı yeni düşmənlər yaratmaq da planın tərkib hissəsinə daxildir. MOSSAD terrorçuların lideri Əbu Bəkr Əl-Bağdadiyə bir il ərzində hərbi, din və dil kursları keçib”. Məlumat üçün bildirək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda informasiyalar sızdırıb. İŞİD-lə bağlı iddiaları dəyərləndirən milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər deyib ki, Snoudenin əlində kifayət qədər əsas var. Çünki o, xüsusi xidmət orqanında işləyib və gizli məlumatlara giriş izni olub: "İstənilən terror təşkilatları müəyyən iddiası olan güclü dövlətlərin maraq dairəsində olur. ABŞ, İsrail və başqa qərb ölkələrinin maraqlarını güdən kəşfiyyatçılar İŞİD kimi qruplaşmaların tərkibinə sızaraq, öz məqsədlərinə nail olmağa çalışırlar. Nəzərə alsaq ki, bu, həm də xüsusi xidmət orqanlarının vəzifəsi hesab olunur, onda qərb dövlətlərinin İŞİD-in tərkibinə sızmağa çalışmasını təbii qarşılamaq lazımdır. Eyni zamanda region dövlətlərinin də həmin radikal qruplaşmaya maraq göstərdiyi, müəyyən mənada öz mənfəətləri üçün faydalandıqları istisna edilmir. Amma informasiyanı konkret təsdiq etmək üçün əldə kifayət qədər sübutlar olmalıdır. Bu sübutları da ancaq xüsusi xidmət orqanları toplaya bilər. Hər hansı ekspertin bu barədə dəqiq fikir söyləməsi çətindir”.

S.Əkbərin sözlərinə görə, İŞİD-in fəaliyyəti islam dünyasının bütövlükdə maraqlarına ziddir: "Bu qruplaşmanın üzvləri həqiqi islamı gözdən salır və dünyada islama nifrət formalaşdırmağa çalışırlar. Eyni zamanda da fikir verirsizsə, İŞİD konkret olaraq islam dövlətlərinin ərazi bütövlüyünü təhlükə altında qoyur. Bir tərəfdən İraqı, o biri tərəfdən isə Suriyanı daim təhdid altında saxlayır. Gələcəkdə başqa müsəlman dövlətini hədəf alacaqları da iddia edilir. Bütün bu faktlar ABŞ kəşfiyyatçısının versiyasını doğrulayır”.

İsmayıl