Azərbaycan ədəbiyyatının Mirzəsi...

Mirzə İbrahimov o taylı-bu taylı Vətənin dərdini ədəbiyyata gətirdi



Vətənpərvər ziyalı Mirzə İbrahimov Azərbaycan mədəniyyətinin tarixində öz səhifəsini yazan nasir, dramaturq, ədəbiyyatşünas, publisist, dilçi, tərcüməçi və ictimai-siyasi xadimlərdən olub. Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var. M.İbrahimov uşaqlıqdan həyatın sərt rüzgarına, taleyin sınaqlarına tuş gəlib. 1920-ci ilin əvvəllərində İranı, eləcə də Güney Azərbaycanı bürüyən aclıq yeddi yaşlı Mirzənin ailəsini də haqlayır. Aclığın ölümsaçan caynaqları öncə anası Zəhra xanımı, sonra isə bacısını ailədən qoparıb alır. Bu itkilərdən qorxuya düşən atası Əjdər İbrahimov sağ qalan iki oğlunu aclıqdan xilas etmək üçün İrandan neft Bakısına pənah gətirir. Əjdər kişi Bakının Zabrat qəsəbəsində neft buruqlarında işləməyə başlayır. Lakin bir il keçməmiş M.İbrahimovun böyük qardaşı da onları əbədi tərk edir. 1919-cu ildə Balaxanı neft quyusunda baş verən fontan balaca Mirzənin atasını da əlindən alır və 8 yaşında ikən kimsəsiz qalır.

Balaca Mirzə Zabratda varlı bir ailədə muzdurluq etməklə yaşamını sürdürməyə başlayır. Sonra fəhlə-kəndli məktəbində oxuyur, eyni zamanda neft buruqlarında fəhləlik edir. İşlə yanaşı Zabrat fəhlələri üçün yaradılan və yazıçı Seyid Hüseynin başçılıq etdiyi ədəbiyyat dərnəyinə yazılır. Yazıçı "Aprel alovları” məcmuəsində dərc edilən "Qazılan buruq” şeiri ilə ədəbi yaradıcılığa başlayır. Az sonra "Zəhra” və "Mələk”, "Həyat üçün” hekayələri ilə yazıçılığa qədəm qoyan gənc neftçinin nasirlik istedadı həmkarlarının diqqətini cəlb edir. 1931-33-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun iki illik hazırlıq kursunu bitirir və Naxçıvanda "Sürət” qəzetinin redaktoru təyin edilir. Ədib məşhur "Həyat” pyesini məhz bu dövrdə Naxçıvanda yazır. "Həyat” pyesi səhnələşdirilərək tamaşaya qoyulur və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. M.İbrahimov 1937-ci ildə Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almağa göndərilir. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını araşdıran ədib "Molla Nəsrəddin” jurnalında xalqın milli intibahı naminə” mövzusunda dissertasiya işi müdafiə edir və filologiya elmləri namizədi -alimlik dərəcəsi alır. 1939-cu ildə "Böyük demokrat” monoqrafiyası nəşr olunur. Bundan sonra M.İbrahimovun karyera yüksəlişi başlayır. Əvvəlcə, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, az sonra Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin rəisi təyin olunur. O, uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq Maarif komissarı, Nazirlər Soveti sədrinin müavini, Asiya və Afrika ölkələri üzrə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan KP MK-nın büro üzvü, Respublika Ali Sovetinin sədri və s. kimi yüksək vəzifələrdə işləyir.

M.İbrahimovun yaddaşını heç zaman Cənubi Azərbaycan mövzusu tərk etməyib. O, bədii yaradıcılığında doğma şəhəri Sərab, Təbriz və ümumilikdə İran xalqlarının həyatından bəhs edib. İranda yaşayan bütün xalqlarla yanaşı, öz xalqının azadlığını, onların sülh və əmin-amanlıq şəraitində yaşamasını arzulayıb. Ədib bacardığı qədər bətnindən qopduğu Güney Azərbaycan xalqının imperiya buxovlarından qurtulmasına, ana dilində məktəblərinin olmasına və doğma türkcədə yazıb-yaratmasına çalışıb və çoxsaylı əsərlərində Güney Azərbaycan mövzusuna dönə-dönə qayıdıb. Bu qayıdış təsadüfi deyildi. Görünür, yeddi yaşında Sərabı tərk edən Mirzənin gördükləri yaddaşında, ruhunda daşlaşıbmış. O, 1941-ci ildə Sovet ordusunun tərkibində Güney Azərbaycana gedəndə də burada baş verən hadisələrin bilavasitə iştirakçısı olur. Qaynar həyatın tam mərkəzindən ictimai-siyasi, ədəbi prosesləri diqqətlə, dərindən müşahidə edir və gələcək ədəbi-bədii fəaliyyəti üçün zəngin həyat materialı toplayır. 1941-42-ci və 1945-46-cı illərdə Təbrizdə yaşayır və burada Sovet ordusunun siyasi işçisi vəzifəsini icra edir. Yazıçı burda "Vətən yolunda” qəzetinin redaktoru təyin olunur. M.İbrahimov xalqın mədəni sıçrayışa nail olmaq, insanlara kömək etmək missiyasını çiyinlərinə götürən görkəmli sənətkarlar Səməd Vurğun, Qılman İlkin, Qulam Məmmədli, Məmməd Rahim, Süleyman Rüstəm, Osman Sarıvəlli ilə çiyin-çiyinə çalışır. M.İbrahimov "Vətən yolunda” qəzetində cəbhə xəbərləri ilə yanaşı, Azərbaycanın tarixindən, xalqın azadlıq uğrunda mübarizə salnaməsindən, bu mübarizənin aparıcı qüvvələri olan mərd Vətən oğullarının həyatından diqqətçəkən məqalələr dərc etdirir.

1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Peşəvərinin başçılığı ilə "21 Azər” inqilabı baş verir və Cənubi Azərbaycanın buludlu səmasında yenidən azadlıq günəşi parlayır. Təbii ki, yenə də xarici mürtəce qüvvələrlə yerli istibdad rejiminin qüvvələri birləşərək inqilabı qan dənizində boğurlar. Amma xalqın azadlıq, istiqlal arzularını boğmaq mümkün olmur. İstiqlal uğrunda mübarizə Güneydə bu gün də davam edir. M.İbrahimov ilk dəfə olaraq məhz "İran qızı” adlı hekayəsini yazmaqla bədii yaradıcılığa Cənubi Azərbaycan mövzusunu gətirir. Güney Azərbaycanda zəhmətkeş təbəqənin faciəsini real lövhələrlə canlandıran yazıçının bu hekayəsi güclü əks-səda doğurur.

Güney Azərbaycan məsələsi M.İbrahimovun gündəlik həyatının, duyğu və düşüncələr aləminin ayrılmaz hissəsi idi. Evdə, işdə, səyahətdə, hətta yuxularında belə doğma Təbriz onunlaydı. Qızı Sevda xanımın xatirələrində də bu məqam var: "O, Cənubla bağlı xatirələrini danışanda həmişə məni qəhər bürüyərdi. Atam Təbrizi çox sevirdi. Biz bağa gedəndə uşaqlıq illərini xatırlayar və niskilli səslə deyərdi, "anam həmişə mənim başımı sığallayardı”. Tez-tez həsrətlə bir sual verərdi, "görəsən, mənə qismət olacaqmı ki, nə vaxtsa sizi Təbrizə aparım”.

Bir çox dillərə tərcümə edilən "Azad” hekayəsinin də daxil olduğu məşhur "Çənub hekayələri”, "Gələcək gün” romanı, "Azad qız” librettosu Təbrizdə yaşadığı həmin keşməkeşli dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin əks-sədası idi. "Çənub hekayələri” silsiləsi "Azad” hekayəsi ilə başlayır. Təbriz və Zəncanda başlayan, lakin getdikcə kütləvi xarakter alan xalq hərəkatından, inqilabçı xalqın döyüş meydanında qazandığı ilk uğurlardan bəhs edən hekayədə M.İbrahimov vətənpərvərlik ruhunun insanların doğulduqları torpağa, xalqına və bir-birinə bağlılıq hisləri gətirdiyini vurğulayır. Onun qəhrəmanı Zəncanda demokratik qüvvələrə qoşularaq vətənin istiqlaliyyəti uğrunda hakim rejimə, mürtəce qüvvələrə qarşı savaş meydanına atılan Azad xalqının səadəti uğrunda mübarizə meydanında şəhid olmağı ən şərəfli iş, həyatının ən zəruri ehtiyacı sayır. Bu ali hisslər, yüksək duyğular, vətənpərvərlik amalı dünyanın bütün xalqları üçün doğmadır. "Azad” hekayəsinin milli sərhədləri adlamasının, müxtəlif xalqların dilinə çevrilərək üfüqdən-üfüqə yayılmasının sirri əsərin güclü azadlıq, istiqlal ruhundan irəli gəlir. M.İbrahimovun "Tonqal başında” hekayəsi ruhən "Azad” və "12 dekabr” əsərlərilə səsləşir. Əsərdə şirin bir təhkiyə üsulu ilə Kərim kişinin dilindən xalqın qəhrəmanlıq səhifələri ilə zəngin tarixindən, vətənin müqəddəsliyindən təqdim etdiyi maraqlı və ibrətamiz hekayələrlə M.İbrahimov tonqal başına toplaşan fədailəri yeni mübarizələrə səsləyir. Kərim kişinin "müasir qanunları, qayda və rejimi buxov, zəncir adlandırması, fədailəri yeni döyüşlərə səsləməsi hekayəyə güclü, müasir ruh verir. Eyni zamanda keçmişə, tarixi köklərə söykənməyin ən doğru yolunu göstərir. "İztirabın sonu” hekayəsində isə milli demokratik hərəkat yatırıldıqdan sonra İran hökumətinin və onun xarici havadarlarının inqilabçı xalqa divan tutmasından, zülm, işgəncə, təqib, təzyiq, sürgün və həbslərin baş alıb getməsindən bəhs edilir. "Gələcək gün” romanı M.İbrahimovun yaradıcılığında mühüm mərhələ təşkil edir. Ədib Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatını romanda parlaq bədii boyalarla əks etdirir. Güney Azərbaycanı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi ədibə bu həyatı və şahlıq rejiminin çoxyönlü siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaradır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansını da verir. Bu möhtəşəm obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri olan alovlu vətənpərvər, prokuror Firudin İbrahimidir. "Gələcək gün” romanı güclü bədii ümumiləşdirmələrinə, real həyatda baş verən hadisələrlə boyaboy səsləşdiyinə görə, bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur. "Gələcək gün”də yazıçı obrazın dili ilə diktə edir ki, xalqın zülm və işgəncədən, əsarət zəncirindən yeganə qurtuluş yolu mübarizəyə qalxmaq, inqilab etməkdir. Xalqın nicatı yalnız milli birlikdə, milli vəhdətdədir. Ömrünün son gününədək Cənubi Azərbaycan mövzusu onun yaradıcılığının aparıcı xəttini təşkil edib. Cənubda gedən ədəbi prosesi yaxından izləyən M.İbrahimov Gəncəli Səbahi, Rəhim Dəqiq, Cavad Heyət, Salamullah Cavid, Sönməz və digər istedadlı qələm sahibləri ilə məktublaşıb. Mərziyə xanım Üskuyi, Əlirza Nabdil Oxtay, Səməd Behrəngi kimi şəhid yazarların əməllərini, mərdliklərini yüksək dəyərləndirib, Şəhriyar, Səhənd,

Savalan, Sahir, H.Tərlan, R.Dəqiq, Y.Şeydanın mübariz poeziyasını təqdir edib. Publisistik yazılarında da həmçinin, Güney Azərbaycanı unutmayan ədib "Təbriz səfəri”, "Onlar da günəşi görəcəklər”, "Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında”, "Firudin İbrahimi”, "Azadlıq mübarizəsi”, "Xalqın səsi” məqalələrində oxucularının diqqətini Güneyə, xalqın həyatına və taleyüklü məsələlərinə, burada ölüm-dirim mübarizəsi aparan iki ideologiyanın çarpışmasına yönəldib. Azərbaycandakı ictimai-siyasi və ədəbi prosesləri müntəzəm surətdə izləyən ədib bu proseslərin əsas hərəkətverici simalarından biri idi. O, proseslərə vaxtında, yubanmadan öz yazıçı, yaxud ədəbiyyatşünas-alim münasibətini bildirirdi. M.İbrahimovun yazıçı, ədəbiyyatşünas, publisist kimi ömrünün sonunadək sadiq qaldığı, yazılarında və ürəyində daim yaşatdığı bir mövzu vardı: - Güney Azərbaycan və burada cərəyan edən ictimai-siyasi hadisələr. M.İbrahimov elmi yaradıcılığında da Cənubi Azərbaycan ədəbiyyatını tədqiqat mövzusuna çevirib. Azərbaycan ədəbiyyat tarixini bütöv şəkildə öyrənməyə çalışan alim zəngin ədəbi irslə bağlı çatışmazlıqları, boşluqları görüb. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, yalnız xalqını, onun taleyüklü məsələlərini düşünən və onları bacardığı qədər həll etməyə çalışan yazıçının bütün fəaliyyətində bu boşluqları doldurmaq cəhdləri aydın görünür.

Əslində M.İbrahimov üçün o taylı bu taylı Azərbaycan yox, vahid Azərbaycan var idi. Vətənimizin cənubunda, Güney Azərbaycan xalqının qucağında dünyaya gəlsə də, taleyinə bölünmüş böyük Vətənin hər iki tayında yaşamaq qisməti yazıldı. Ədib böyük vətənin Quzeyindən bütöv xalqına, dünyada hər şeydən əziz, uca tutduğu varlığa səsləndi. "Böyük dayaq” kimi aktuallığını bu gün də qoruyub saxlayan əsərində ikiyə bölünmüş, parçalanmış xalqına o tay-bu taya ayırmadan, üzərinə hicran kölgəsi salmadan müraciət etdi: "Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız qorxu başımın üstünü alaraq məni ağır fikirlərə saldığı zaman, xoş günün böyük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayanacağım sən olmusan”. Kim bilir, bəlkə Tanrı M.İbrahimova bu qismət payını yazdı ki, tarixən istilalara, talanlara uğradılmış istedadlı bir xalqın, heç olmasa, ədəbiyyatı ikiyə bölünməsin.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb