Nağıllarımız uşaqlara rüşvəti öyrədir?

Ekspertlər isə vəziyyətdən çıxmaq üçün müəllimlərdən ustalıq tələb edir



Orta məktəb dərsliklərindəki problemlər barədə uzun müddətdir ki, ciddi müzakirələr aparılır. Bununla belə, dərsliklərdəki nöqsanların islahı müşahidə olunmur. Əksinə, bu sahədəki vəziyyət getdikcə ağırlaşır. Elə bu günlərdə ibtidai sinif şagirdləri üçün tətbiq olunan dərsliklərə dair rüsvayçı halların üstünə biri də əlavə olunub.

"Feysbuk” sosial şəbəkəsinin başlıca müzakirə predmetinə çevrilən məsələdə "Ana sözü - 1” kitabındakı "Qurd və keçi haqda” nağıl istifadəçilərin tənqidinə tuş gəlib. Mətndə I sinif şagirdlərinə çox aydın şəkildə rüşvət verməyin "qaydası” aşılanır. Yazıya görə, balasını qurd yemiş keçi qazıya müraciət edir. Öncə qazı keçinin müraciətinə elə də önəm vermir. Çünki günahlarını ört-basdır etmək üçün qurd keçidən əvvəl qazıya sovqat aparır. Bunu eşidən keçi də bir kasa qatıq çalıb, bir dəstərxan yağlı çörək bişirərək qazıya sovqat verir. Keçinin "şiriniyyini” açıb baxan qazı xoşhal olur. Və nəticədə işi rüşvətin "yağlı”sını verənin, yəni keçinin xeyrinə həll edir. Həqiqətən də bu nağılda birmənalı olaraq şagirdlərin rüşvətə alışdırılması məsələsindən

bəhs olunur. Nağılın məqsədi sanki, uşaqlara rüşvət alma və vermənin sirrini öyrətməyə yönəlib. Bu cür nağıllar rüşvət məsələsini şagirdlərin təfəkkürünə və ya alt şüuruna hopdudur. Əslində isə rüşvətə qarşı mübarizə elə insanların təfəkküründə aparılmalıdır. Məxsusi olaraq, beyinləri kağız kimi ağ, düşüncələri göz yaşı qədər təmiz olan körpələrə bu cür ucuz hekayə və nağılların öyrədilməsi onların sağlam gələcəyinin şübhə altına alınması deməkdir. Ona görə də belə mətnlər ibrətamiz və ya şagirdlərə vətənpərvərlik ruhunu aşılayan nağıllarla əvəzlənməlidir.

Məlumat üçün bildirək ki, bu kitab Ümumtəhsil məktəbləri üçün Təhsil Nazirliyinin 705 saylı əmri ilə sinifdənxaric dərs vəsaiti kimi təsdiq edilib.

Maraqlıdır, bu cür biabırçı mətnlər dərsliklərə niyə salınır?

Mətn seçimində diqqətli olmağın zəruriliyini vurğulayan Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət "Şərq”ə bildirib ki, şagirdlərə vətənpərvərlik meyarları aşılanmalıdır: "Dərsliklərimizə vətənpərvərliyi təlqin edən mətnlər, hekayələr və şeirlər salınmalıdır. Buna xüsusi diqqət yetirmək lazımdır”.

Ekspert hesab edir ki, bu məsələlərdə müəllimlər daha diqqətli olmalıdır: "Yaradıcı və bilikli müəllim oxuduğu hər bir mətni doğru yola yönləndirə bilməlidir. Yazıda rüşvətə meyillilik məsələsinə toxunulursa, müəllim onu rüşvətin səbəb olduğu fəsadlardan danışmalıdır. Uşaqlara o yolun yolçusu olmamaları üçün keyfiyyətli nümunələr gətirməlidir. Rüşvətin və ya neqativ vərdişlərin ziyanlarını açıb, ortaya qoymalıdır. Bu cür vəziyyətlərdən çıxmaq müəllimdən böyük ustalıq tələb edir”.

Dərsliklərlə bağlı problemin çox olduğunu söyləyən təhsil eksperti Nabatəli Qulamoğlu deyib ki, bu nağıla birmənalı yanaşmaq düzgün deyil: "Baxın, müəllifin mövzu barədə müəllifini öyrənsək, deyəcək ki, rüşvəti lağa qoymuşam. Düzünü deyim ki, bu yazıda korrupsiya və rüşvət halları tənqid olunub. Amma görünür, cəmiyyətimizdə çaşqınlıq yaratmaq istəyən insanlar var. Məsələni dramatikləşdirmək yaxşı hal deyil. Ölkədə elə mühit formalaşdırmaq lazımdır ki, rüşvət sözü anlaşılmaz olsun. Belə sfera yaratmamış bir nağılı əlində bayraq etmək yanlış yanaşmadır”.

Ayyət Əhməd