Küçələrdə gecələyən Qarabağ döyüşçüsü: "3 gündür yemək yemirəm"





Axşam şəhərdən evə qayıdanda Paytaxtın mərkəzi yerlərindən sayılan Nizami küçəsində orta yaşlı bir kişinin səkidə uzandığını gördük. Nəbzini yoxlayana qədər öldüyünü zənn edirdik...
Bir qədər sonra həyatda olduğunu anladıq. Maraqlısı o idi ki, hər zaman gördüyümüz küçədə gecələyən insanlardan fərqli olaraq qəhrəmanımızdan spirt iyi gəlmirdi.
Elə həmin dəqiqə 103 təcili Tibbi Yardım xidmətinə zəng edib məlumat və ünvanı verdik. Bir neçə dəqiqə sonra qəhrəmanımızı oyatmağa nail olduq. Güc-bəla ilə danışan bu adamdan birtəhər də olsa 2-3 söz qoparda bildik:

Acam… Çay verin

Maraqlısı odur ki, 3 sözlə həm ac olduğundan yeməyə bir şey verməyimizi xahiş etdi, həm də çay içmək istədiyini bildirə bildi.
Qəhrəmanımızın adı Elçindir. 45 yaşı var. Küçədə gecələyən digər insanlardan fərqli olaraq nə içki düşkünüdür, nə də bomj.
Qarnını doyurduqdan sonra onunla daha rahat söhbət edə bildik.
Dediyinə görə, 1993-cü ildə Beyləqan rayonunda yerləşən evlərinə qrad düşməsi nəticəsində ailə üzvlərini itirib. Həmin vaxt Laçında döyüşçü olan Elçin vuruşmağa könüllü getdiyini deyir:
"Beyləqandakı evimiz ermənilərin atdığı qradla dağıdılıb. Bütün yaxınlarımı da elə o vaxt itirmişəm. İçki içmirəm, pis işlərlə məşğul deyiləm. Sadəcə, sağlamlığım sıradan çıxıb. 3 gündür ki, heç nə yemirəm”.

Varsa, siqaret də verin

Bir qədər yedikdən sonra dayandı:
"Daha yeyə bilmirəm. Qalsın, acan kimi yeyəcəm. Varsa, siqaret də verin”.
Siqaretini yandırıb söhbətimizə davam edirik. Siqaretdən qullab ala-ala suallarımıza cavab verirdi. Həmin vaxtı yanımızda olan həkim dostumuzun dediyinə görə, verdiyimiz suallara normal cavablar verirdi. Hətta siqaretini çəkib bitirdikdən sonra kötüyünü yerə tullamamaq üçün bir xeyli çabalayırdı. Gözləri zibil qutusunu gəzirdi. Dediyinə görə, Bakıya Türkiyədən gəlib. Orda da yaşayışı üçün heç nə edə bilməyib və birtəhər ölkəyə qayıdıb.
Bir qədər sonra çağırdığımız Təcili Tibbi yardım maşını da gəlib çatdı. Şifahi bir neçə şey soruşduqdan sonra onların görəcəyi bir şey olmadığını və Elçinə qalmağa yer gərəkdiyini bildirdikdən sonra çıxıb getdilər.
Elçinə yoğran döşəyi əvəz edəcək bir yorğan tapıb sağollaşırıq.
İnanırıq ki, bu yazıdan sonra Elçinə sahib çıxacaq dövlət qurumları olacaq və keçmiş döyüşçünün küçələrdə xəstələnib ölməsinə imkan verməyəcəklər./axar.az/