Həmsədrlər prezidentləri görüşdürmək istəyirlər

Elman Nəsirli: “Ortaq nöqtəyə gəlinməyib. Şübhəsiz ki, buna səbəb Ermənistan tərəfinin düzgün mövqe sərgiləməməsidir”
Qabil Hüseynli: “Görüşə mütləq hazır təkliflərlə və ideyalarla getmək lazımdır. Hələ ki, ortada belə bir şey müşahidə etmirik”


Bir neçə gün öncə ATƏT-in Minsk Qrupunun həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrı-ayrılıqda görüşüblər. Ermənistan mətbuatının məlumatına görə, vasitəçilər faktiki olaraq Məmmədyarovla-Nalbandyanın görüşünü təşkil edə bilməyiblər. Məlumdur ki, uzun müddətdir Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın Parisdə görüşməsi təklif olunur.

İyulun 23-də yayılan xəbərdə qeyd edilir ki, həmsədrlərin xarici işlər nazirləri ilə ayrılıqda görüşü zamanı dövlət başçılarının görüşünün mümkünlüyü və iki prezidentin birbaşa əlaqəsinin vacibliyi də vurğulanıb. Digər məlumata görə, Brüsseldə hətta prezidentlərin Nyu-Yorkda, BMT Baş Assambleyasında görüşünün mümkünlüyü də müzakirə olunub. Bu səbəbdən qeyd edilir ki, əgər İlham Əliyevlə Serj Sarkisyanın Parisdə görüşməsi təşkil oluna bilməsə, ümid onların Nyu-Yorkda bir araya gəlməsinə qalır.

Ekspertlər isə bildirirlər ki, prezidentlərin görüşü vacib amillərdən sayılır. Lakin əksəriyyətin qənaəti belədir ki, ölkə başçıları Parisdə və ya Nyu-Yorkda görüşsələr də, hansısa müsbət nəticənin əldə olunacağı inandırıcı deyil. Bunu da deməyə Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu qərəzli mövqedir. Sülhün əldə olunmasını istəməyən rəsmi İrəvan, qeyri-konstruktiv mövqe sərgiləyərək konfliktin həllini ləngidir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli deyir ki, həmsədrlər həmişə prezidentlər səviyyəsində görüşün keçirilməsində maraqlı olublar: "Həmçinin Vyana danışıqlarında razılaşma əldə edilmişdi ki, qarşıdakı aylarda prezidentlərin görüşü keçirilsin. Həmsədrlər çox yaxşı anlayırlar ki, belə görüşlər keçirilməsə, böyük pauzalar yaransa, bu, atəşkəs rejiminin kəskin şəkildə pozulmasına, hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər. Onlar öz fəaliyyətlərində bir məqam haqqında çox yüksək fikir səsləndirirlər. Gördükləri işləri qiymətləndirdikdə vurğulayırlar ki, onların 22 illik fəaliyyətləri olmasaydı, atəşkəs rejimi qorunub saxlanmaz, müharibə qarşısıalınmaz olardı. Onların hər zaman verdikləri bəyanatlardan belə çıxır ki, həmsədrlər üçün ən aktual məsələ heç də münaqişənin həlli deyil. Onlar sadəcə hadisələrin müharibə ssenarisi üzrə inkişaf etməməsinə çalışırlar. Ona görə də Minsk Qrupu üzvləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsini istəyir”. Bununla yanaşı, ekspert vurğulayıb ki, Ermənistan tərəfinin son dövrdə verdiyi bəyanatların xronikasını hazırlasaq görərik ki, münaqişənin həlli ilə bağlı heç bir pozitiv, konstruktiv mövqe yoxdur: "Bir çox hallarda hətta geriçəkilmə müşahidə olunur. Belə olan təqdirdə prezidentlər səviyyəsində görüş keçirilsə belə, irəliyə doğru hər hansı addım atılacağına ümid yoxdur”. E.Nəsirli hesab edir ki, görüşdə müsbət nəticənin olmayacağını düşünmək üçün digər əsaslar da var: "Dünyadakı erməni lobbisi və

diasporunun son dövrlər verdiyi bəyanatlara fikir versək, 2014 və 2015-ci ili münaqişənin həlli üçün uğursuz hesab etmək olar. Əslində, onlar uğursuz ifadəsini işlətmirlər. Deyirlər ki, bu iki ildə Ermənistanın hansısa güzəştə getməyə mənəvi haqqı çatmır. Çünki bu il Birinci Dünya müharibəsinin başlamasının 100 ili tamam olur və guya, həmin müharibə zamanı qondarma erməni soyqırımı baş verib. 2015-ci ildə isə o qondarma soyqırımın 100 illiyidir. Bildirilir ki, güzəşt olarsa, guya, qətlə yetirilmiş milyon yarım insanın ruhuna hörmətsizlik olar. Hesab edirəm ki, həmsədrlər hazırda sırf hərbi əməliyyatların başlamaması üçün canfəşanlıq edirlər. Son sözü prezidentlər söylədiyindən, istəyirlər ki, onların görüşü baş tutsun. Həmsədrlər XİN başçıları ilə tez-tez görüşürlərsə, bunun ardınca prezidentlərin görüşü keçirilmirsə, deməli, ortaq nöqtəyə gəlinməyib. Şübhəsiz ki, buna səbəb Ermənistan tərəfinin düzgün mövqe sərgiləməməsidir”.

Politoloq Qabil Hüseynli də prezidentlərin növbəti görüşü təşkil olunacağı təqdirdə pozitiv addım müşahidə edilməyəcəyini vurğulayıb: "Prezidentlərin görüşü təşkil olunursa, onların stolunun üstünə hazır kağız qoymaq lazımdır. Çünki biz görüş xətrinə görüş keçirmirik. Ölkə başçıları hazırlanmış nəyi isə müzakirə etməlidirlər, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparmalı, konsensusa gəlməyə çalışmalıdırlar. Amma ortada yeni ola biləcək hansısa sənəd olmalıdır. Bu da yoxdur. Faktiki olaraq olan danışıqlar da köhnə prinsiplərlə aparılır”.

Q.Hüseynli hesab edir ki, referendum, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi, Dağlıq Qarabağın statusu, Azərbaycanın ərazi bütövlüyü - bu məsələlərdən heç olmasa birində və ya ikisində konsensusa nail olunmazsa, prezidentlərin istənilən görüşü, danışıqları nəticəsiz bitəcək: "Görüşə mütləq hazır təkliflərlə və ideyalarla getmək lazımdır. Hələ ki, ortada belə bir şey müşahidə etmirik. Nə mətbuata, nə də müəyyən dairələrə hazır təkliflərin olduğu haqda məlumat sızdırılmayıb. Ona görə də mən prezidentlərin görüşünün pozitiv sonluğa varacağına inanmıram. Həmsədrlər də sadəcə bölgədə müharibənin yaranmasının qarşısını almaq üçün bu görüşü təşkil etmək fikrindədirlər. Deməli, görüş sırf çözüm üçün deyil, bölgədə atəşkəs rejiminin və mövcud status-kvonun qorunub saxlanmasına xidmət edəcək.

Minsk Qrupu Azərbaycan rəsmilərinin bəyanatlarından, səsləndirdiyi fikirlərdən anlayır ki, vəziyyət hər an nəzarətdən çıxa bilər. Bu isə onları qorxudur”.

Anar Bayramoğlu