Azərbaycana real qiymət verildi

Jirinovski axır ki, haqq yoluna gəldi



Müstəqilliyin bərpasından sonra Azərbaycan dövləti çoxlu sayda uğurlara imza atıb. Respublikamızın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdəki nüfuzumuzu getdikcə yüksəldib və ölkəmizi dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məntiqli xarici siyasət dövlətimizi beynəlxalq aləmdə söz sahibi edib. Xarici siyasət sahəsində əldə olunan uğurlarımız Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Ölkəmiz bir çox beynəlxalq təşkilatların fəal üzvünə çevrilib.

Azərbaycanla daha da sıx münasibətlər qurmaq istəyən ölkələrin sayı ildən-ilə artır. Əslində Azərbaycanın inkişafının hansı səviyyədə olduğunu geniş təhlil etməyə ehtiyac yoxdur. İqtisadiyyatı dinamik inkişaf edən Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini günbəgün möhkəmləndirir, yeni-yeni təşəbbüsləri gündəmə gətirərək çoxsaylı layihələrin gerçəkləşməsi istiqamətində ciddi səylər göstərir. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atır. Ölkəmiz sabitlik diyarı kimi tanınır və nüfuz qazanır. Hər bir inkişafın əsasında da məhz ölkədə mövcud ictimai-siyasi sabitlik dayanır. Azərbaycanın sürətli inkişafı, xalqın hakimiyyətə birmənalı dəstəyi, xalq-iqtidar birliyinin sarsılmazlığı, ölkəmizdə öz siyasi və iqtisadi maraqlarını reallaşdırmaq istəyən xarici dairələrin də diqqətindən kənarda qalmır. Hər zaman Azərbaycanı haqsız şəkildə ittiham edən əcnəbi ölkələr, beynəlxalq təşkilatlar, siyasətçilər də artıq dövlətimizlə bağlı həqiqətləri görməyə, dərk etməyə başlayıb və bu reallığı qəbul etməyə məcbur olublar. Demək olar ki, Azərbaycanla bağlı hər açıqlaması sensasiya yaradan, bütün fikirləri qərəzli olan, sərsəm bəyanatlarla gündəmdən düşməyən Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, qalmaqallı siyasətçi V.Jirinovski də Azərbaycanın haqlı mövqeyi ilə barışmalı olub. Ötən gün rus telekanalındakı çıxışı zamanı gözlənilmədən Azərbaycanın xeyrinə bir çox fikirlər səsləndirən qalmaqallı siyasətçinin ölkəmizi tərifləməsi hər kəsi müsbət mənada "şoka” salıb. "Rossiya 24” telekanalının canlı yayımında çıxış edən Jirinovski Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib: "Elə Azərbaycanı götürək. Bütün şəhərləri abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilib. Bütün ölkə inkişaf edib”. Çıxışına davam edən rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə, yəni İlham Əliyevi prezident seçməklə izah edib. O, həmçinin mərhum prezident Heydər Əliyevi yüksək qiymətləndirib və onu dahi azərbaycanlı adlandırıb. Jirinovski proqramın lap əvvəlindən Azərbaycan haqqında müsbət fikirlər səsləndirsə də, nədənsə bu, aparıcının ürəyincə olmayıb və o, mövzunu dəyişməyə çalışaraq bildirib ki, bu fikirlər ermənilərin xoşuna gəlməyə bilər. Buna baxmayaraq, Rusiyanın Şərqdə və Qərbdə beynəlxalq ictimai rəyə yetərincə təsir imkanlarının olduğunu söyləyən Jirinovski bir neçə dəqiqə sonra yenidən ölkəmiz barədə danışmağa başlayıb: "Nə vaxt ki, mən bu ölkə haqqında danışıram, nədənsə, sizin xoşunuza gəlmir. İlham Əliyev axı durub bizi nə təyyarəyə, nə də Ukraynaya görə tənqid etməyə başlamadı, halbuki ona təzyiq göstərirlər. Qalanları isə əksinə, dəstəkləyirlər. Moldova ilə Gürcüstan Avropa Birliyi ilə Assosiasiya haqqında razılaşmaları imzalamağa tələsdilər. Bu, müxtəlif sovet respublikalarıdır. Güclü liderlə çiçəklənən Azərbaycan var, çünki onun atası güclü idi. Mən onun atasını şəxsən tanıyırdım, çox gözəl, çox dəyərli insan idi”. Aparıcı Jirinovskini proqramda Azərbaycana çox diqqət ayırmaqda qınayıb və ondan Gömrük Şurasına Azərbaycanı daxil etməyin mümkünlüyü barədə sualı cavablandırmağı xahiş edib. Jirinovskinin müvafiq suala cavabı da müsbət olub: "Perspektivdə, bu, əlbəttə, mümkündür. Hər halda, Rusiya və Azərbaycanın rəhbərlikləri arasında əla münasibətlər var, Xarici İşlər nazirliklərinin başçıları Dövlət Dumasının MDB üzrə komitəsinin rəhbəri Leonid Slutskiyin və Azərbaycanın rəhbərliyinin arasında yaxşı əlaqələr mövcuddur. Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu, yaxşı nəticələr verir”.

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə şovinist çıxışları ilə ad qazanmış, əsasən də Azərbaycana qarşı millətçilik siyasəti yürüdən Jirinovskinin son açıqlamasına münasibət bildirərkən deyib ki, dünya siyasətçiləri zaman-zaman müsbət fikirlər söyləyirlər: "Prezident cənab İlham Əliyevin siyasəti daima təqdir edilir. Azərbaycanın müstəqil siyasəti tək Azərbaycana deyil, regiona və dünyaya da çox lazımdır. Ancaq Jirinovskinin fikirləri xüsusi diqqət tələb edir. Çünki, o bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Dağlıq Qarabağ məsələsində Ermənistanı müdafiə edib. İndi isə o, Azərbaycanın inkişafına, Prezident Əliyevin siyasətinə yüksək qiymət verir”. A.Mirzəzadə əlavə edib ki, Azərbaycanın son 21 ildə Rusiya ilə münasibətlərində pozitiv dinamikanı inkar etmək absurd olardı: "Rusiya və Azərbaycan bir-birinə sıx bağlı olan ölkələrdir. Rusiya dövlətimizi özünün yaxın dostlarından biri kimi görə bilib. Hər iki ölkə bir-birinin milli maraqlarına hörmətlə yanaşırlar və bu, yaxşı nəticələr verir. Bu gün Rusiya və Azərbaycan bir-birlərinə qarşılıqlı surətdə lazımdırlar. Jirinovski axır ki, bunu başa düşdü. Mən ona təşəkkür edə bilmirəm, bir Azərbaycan oğlu kimi onun ölkəmizlə bağlı söylədiklərini unuda bilmirəm. Ancaq nəzərə alıram ki, o da Azərbaycana real qiymət verdi”.

İsmayıl