Yazıçıların internet televiziyasına ehtiyacı var?

Elnur Astanbəyli: “Belə keyfiyyətsiz qurumdan heç bir ədəbi müzakirə və təbliğat gözləmək olmaz”
Qan Turalı: “Bu TV ölkə ədəbiyyatının təbliğində əlavə bir rupor olacaq”



Azərbaycan Yazıçılar Birliyi yeni internet televiziya təsis etmək fikrindədir. Teleməkanın "Ayb.TV” adı ilə fəaliyyətə başlayacağı bildirilir. Qurum sözçüsü Xəyal Rzanın mətbuata verdiyi məlumata görə, onlayn televiziya çox maraqlı layihə kimi nəzərdə tutulub. Onun sözlərinə görə, bunun ideya olmasına baxmayaraq, reallaşması o qədər də uzaqda deyil:

"Hələ ki fikir olaraq qalır. Həyata keçirə bilsək, çox maraqlı layihə olacaq. Onlayn televiziyada ədəbi proqramlara və ədəbi gündəmə aid olan buraxılışlara üstünlük veriləcək”.

Qurumun təşəbbüsünü dəyərləndirən şair, publisist Elnur Astanbəyli "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, teleməkanda bir neçə nəfərin atası və övladlarının yeni təbliğat tribunası kimi

nəzərdə tutulub: "Ədəbi müzakirələrə qarşı olan qurumda hansı ədəbi disskusiya və polemikadan söhbət gedə bilər? Tənqidi fikir söyləyənlər ordan qovulur. Birliyin sonuncu qurultayında Məmməd İsmayılın sadə bir tənqidi yanaşması top-tüfənglə qarşılandı. Bunu hamımız yaxşı gördük. Birliyin səlahiyyətlilərindən biri də çıxıb deyir ki, M.İsmayılın üzünə ölkəmizdə çox qapılar bağlanıb. Bundan sonra AYB-nin də qapısı bağlandı. Tənqidi mülahizələrinə görə, qurumdan çoxlu sayda insanları uzaqlaşdırıblar. Hesab edirəm ki, belə keyfiyyətsiz qurumdan heç bir ədəbi müzakirə və təbliğat gözləmək olmaz. Orada təmsil olunanlar ölkə ədəbiyyatının deyil, özlərinin təbliği ilə məşğul olacaqlar”.

E.Astanbəylinin qənaətincə, Ayb. TV ölkə ədəbi mühiti üçün müsbət heç nə vəd etmir: "Ədəbiyyat” qəzetinin hansı ədəbi təsir imkanı var ki, indi də internet TV nəyəsə yarasın. 1600 üzvü olan bir birliyin ədəbi jurnalları 500 tirajdan artıq çap olunmur. Onun əksəriyyəti geri qayıdır. Jurnalların 200-300-ü sifarişlə satılırsa, internet TV-nin aqibətinin necə olması qabaqcadan məlumdur”.

Şairin fikrincə, qurumun varlığı artıq heç bir məna ifadə etmir: "Orda oturanlar 30-cu illərin yanaşmasında qaldıqlarına görə, internet TV açmaları və ya müasir texnologiyadan istifadə etmələrinin özü çox ironikdir”.

Birliyin "Natəvan” klubundan söz açan gənc şair deyib ki, həmin klub heç bir funksionallıq daşımır: "Şəhərin mərkəzində 5 mərtəbəli təmtəraqlı ofisləri var. Amma fəaliyyəti sıfırın altındadır. Birlik əlində olan imkanları ədəbiyyata qarşı çevirir. Ədəbi orqanlar və adıçəkilən klubun aqibəti necədirsə, TV-ləri də həmin günə düşəcək”.

E.Astanbəyli bəyan edib ki, AYB-dən ədəbiyyat adına faydalı nəsə gözləmək ən yumşaq halda sadəlövhlükdür: "Çünki qurumun mahiyyəti ədəbiyyata xidmət deyil, ədəbiyyata qarşı çıxmaqdır. Ədəbiyyatı gözdən salmaqla və çürük, qartımış dəyərlərin arxasınca aparmaqla məşğuldur. Hər azad ədəbi fikrə və meylə qarşı olan qurumdur. İnternet TV yaradırıq deyə gurultu yaratmaq lazım deyil. Əvvəlcə, ordakıların özləri müasirləşməlidir”.

TV-nin fəaliyyətinə uğurlar arzulayan gənc yazar Qan Turalı bildirib ki, bu TV ölkə ədəbiyyatının təbliğində əlavə bir rupor olacaq: "Ədəbiyyatımızın təbliğində və tanınmasında mühüm rol oynayacaq”.

Bu ideyanı yüksək dəyərləndirən şair Qəşəm Nəcəfzadə bunu ədəbiyyat üçüb vacib sayır: "AYB kimi böyük bir təşkilatın internet televiziyasının olması çox vacibdir. İnanıram ki, həmin TV vasitəsi ilə öz fikirlərimizi ifadə edəcəyik”.

Qurumu sözün qaynadığı məkan adlandıran qocaman yazıçı Seyran Səxavət təşəbbüsü təqdir edib: "Bu televiziyanı açmağa ən çox AYB-nin haqqı var. Burda ədəbiyyat və cəmiyyətimizin problemləri müzakirəyə qoyula bilər. Bu, təşkilatın 80 illik tarixində ilk addımdır. Çox yüksək qiymətləndirirəm. Təklif kimdən gəlibsə, çox yaxşıdır. Zəruri layihədir”.

Ayyət Əhməd