“Girov erməni olsaydı...”

Esmira Orucova: “...İndi rus səfirliyi aləmi bir-birinə qatmışdı”




Kəlbəcərdə ermənilər tərəfindən əsir götürülmüş azərbaycanlıların geri qaytarılması istiqamətində Azərbaycanın dövlət qurumları ilə yanaşı, bir neçə vətəndaş cəmiyyətləri də aktiv fəaliyyət göstərirlər. Vətəndaşlarımızın doğma torpağında girov götürüldüyü andan bu günə qədər durmadan səmimi canfəşanlıq edən qeyri hökumət təşkilatlarından biri də "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyidir. Qurum rəhbəri Esmira Orucovanın şəxsi təşəbbüsü ilə görülən müsbət işlər Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən üç azərbaycanlı ilə bağlı çoxlu həqiqətləri üzə çıxarıb.

Ötən gün Rusiyanın Azərbaycandakı səfiri Doroxinin "əsirlər arasında rus vətəndaşı yoxdur” açıqlamasına ilk reaksiyanı verən məhz bu QHT olub. Təşkilat rəhbəri E.Orucova Dilqəm Əsgərovun Rusiya vətəndaşı olduğunu rəsmən sübut edərək, səfirin yalan danışdığını isbatlayıb. Kəlbəcərdə qanunsuz olaraq girov götürülən vətəndaşlarımızla bağlı "Şərq”in suallarını cavablandıran "Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin rəhbəri E.Orucova görülən işlər barədə ətraflı məlumat verib. QHT sədri əvvəlcə bir məsələyə diqqət çəkib: "Mən mətbuatı izləyirəm. Təəssüflər olsun ki, bəzi media qurumlarında "vətəndaşlarımız Kəlbəcərdə əsir düşdü” ifadəsini yazırlar. Çox xahiş edirəm, o cür yazmasınlar. İnsan öz yurdunda "əsir düşə” bilməz axı. Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ermənilər tərəfindən öz doğma torpaqlarında zorla girov götürülüblər. Onlar Ermənistana keçməyiblər ki? Hansı sərhəd pozuntusundan danışılır? Mən Azərbaycanda yeganə əsir, girov və ya itkin düşmüş hesab olunan insanların hüquq müdafiəçisiyəm. Əgər girov götürülən şəxslərin ailə üzvləri mənə müraciət edirsə, mən onlara hüquqi yardım edirəm. Ərizələrin və müraciətlərin yazılmasında onlara köməklik göstərirəm. Bu insanlar haqqında erməni mətbuatında informasiya yayılandan sonra həmin üç nəfər girovun ailə üzvləri bizim ictimai birliyə gələrək məndən yardım istədilər. Biz də bütün gücümüzlə onların yanında olacağımızı bəyan etdik. Bilirsiz, o insanlar elə yaşdadılar ki, artıq onların ürəyi Vətən həsrətinə, dədə-baba ayrılığına dözmür. Açıqlamamda qeyd etmişdim. Şahbaz Quliyev ana tərəfdən Kəlbəcərin Ağdaban kəndindəndir. Erməni vəhşiliyinin ən təhlükəli qırğınlarından biri məhz elə bu kənddə olub. Şahbazın ailə üzvləri mənimlə danışanda dedilər ki, o, hər gün Kəlbəcərə getmək arzusunu dilə gətirirmiş...

- Onları bu addımlarından dolayı qınayanlara münasibətiniz necədir?

- Həmin adamlara deməyə söz tapmıram. Hərənin öz tərbiyəsi, öz düşüncə tərzi var. Bilirsiz, hazırda Azərbaycan cəmiyyətində ermənipərəst adamlar çoxdur. Həmin şəxslər utanmadan ermənilərlə ortaq layihələr həyata keçirirlər. Yəqin bu kimi insanlar qınayıcı açıqlamalar verməklə ermənilər qarşısında öz vəzifə borclarını, öhdəliklərini yerinə yetirirlər.

- Sizcə, Rusiya səfirinin yalan açıqlama verməsi nəyə xidmət edir?

- Doroxin utanmadan telekanallara müsahibə verəndən dərhal sonra mən internet portallarına Dilqəm Əsgərovun Rusiya dövlətindən aldığı pasportun surətini göndərdim. Saytlar da bunu yaydılar. Ayın 21-də D.Əsgərovun ailə üzvləri məndən xahiş etdilər ki, Rusiya səfirliyinə onların adından bir məktub yazım və səfirlikdən öz vətəndaşlarının taleyi ilə maraqlanmalarını tələb edim. Mən məktubu yazdım və içinə D.Əsgərovun rus pasportunun surətini qoydum. Onlar da məktubu aparıb verdilər səfirliyinə. Ancaq səfirlikdə məktubu qəbul etmədilər. Girovun ailə üzvləri mənə zəng edib bu barədə deyəndə, onlara məsləhət gördüm ki, məktubu poçt vasitəsilə ilə göndərsinlər. Onlar da belə etdi. Doroxin yalandan açıqlama verəndə artıq iki gün idi ki, məktub Rusiya səfirliyində idi. Hesab edirəm, Dilqəm rus vətəndaşı olsa da, azərbaycanlı olduğu üçün Rusiya onun taleyinə biganə yanaşır. Əgər bəhs edilən şəxs erməni olsaydı, indi rus səfirliyi aləmi bir-birinə qatmışdı.

- Girov götürülən üç nəfərdən biri, Həsən Həsənovun öldürüldüyü təsdiqləndi. Ailəsi onun fotolarına baxaraq...

- Çox təəssüf edirəm. Belə bir hadisənin baş verməsi bizə olduqca pis təsir etdi. Ermənidən bundan artıq nə gözləmək olar? Dünyada ermənilərdən vəhşi, azğın, vandal ikinci millət yoxdur. Həsənin ölümü erməni vəhşiliyinin növbəti acı nümunəsi idi.

- Digər iki nəfərin həyatı ilə bağlı konkret məlumatlar əldə etmək mümkün olmur...

- Biz məlumatı kimdən almalıyıq ki? Bilirsiz, müharibə və münaqişə vaxtı hər iki tərəflə əlaqələndirici beynəlxalq humanitar təşkilat fəaliyyət göstərir. Bu təşkilat da Beynəlxalq Qırmızı Xaç Komitəsidir. Ermənistan 1993-cü ildən Cenevrə Konvensiyalarına qoşulub. Amma buna baxmayaraq, bu günə qədər heç bir beynəlxalq müddəaya, şərtə əməl etməyib. BQXK üzərinə götürdüyü missiyanın öhdəsindən gələ bilmir. Bu komitənin Azərbaycan nümayəndəliyi isə ancaq poçtolyon missiyasını yerinə yetirir. Son hadisələrdə gördük ki, onlar heç düz-əməlli poçtolyon vəzifəsini də həyata keçirə bilmirlər. Heç bir işə qarışmayan komitə çox uğursuz fəaliyyət göstərir. İttiham edəndə də o saat deyirlər ki, filan şey onların mandatına uyğun deyil. Görəsən, onların mandatına uyğun olan nədir? Bu qurum konkret olaraq Azərbaycan tərəfinin nümayəndələrinə biganəlik göstərirlər. Necə olur ki, bir nəfər erməni könüllü surətdə Azərbaycana keçəndə komitə əldən-ayaqdan gedir, amma azərbaycanlı əsirlə bağlı gözlərini yumur.

- Sizcə, BQXK-nin bu biganəliyinə, qərəzli mövqe sərgiləməsinə səbəb nədir? Çoxları qurumun ermənilərə işlədiyini iddia edir..

- Mən QHT təsis etməmişdən əvvəl tədqiqat aparmışdım. Tədqiqat zamanı çox faktlara, sənədlərə rast gəldim. Aydın oldu ki, BQXK erməni əsirliyində olan şəxslərin ad və soyadlarını gətirib dövlət komitəsinə təhvil versələr də, bu günə kimin onların geri qaytarılması istiqamətində heç bir iş görməyiblər. Bəyəm bu, açıq-aşkar qərəzli mövqe deyil?

- Həm dövlət, həm də vətəndaş cəmiyyəti olaraq indiki məsələ ilə bağlı səfərbər ola, həmrəylik nümayiş etdirə bilmişikmi?

- 22-23 ildir ki, Ermənistanda və işğal altında olan ərazilərimizdə çoxsaylı, hardasa 1000 nəfərə yaxın əsirimiz, 4000-dən çox itkin düşmüş vətəndaşımız var. Amma onların taleyindən xəbərimiz yoxdur. Mən bu gün Azərbaycan cəmiyyətini bu işdə çox passiv görürəm.

- Bəs, passivliyin səbəbi nədir?

- Onu deyə bilmərəm. Hərə özünə cavabdehdir. Amma bilirəm ki, cəmiyyət bu işə çox biganə yanaşır.

İsmayıl