Hərbi geyim qaydalarına dəyişiklikdə ehtiyatlı olmalıyıq

İndi ordunun bir hissəsi kəmərlə, bir hissəsi kəmərsiz, digərləri NATO formasında olacaq





Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklər edilir. Müdafiə Nazirliyi dəyişikliklərlə bağlı təklifləri artıq hökumətə təqdim edib.

Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub.

MN-in mətbuat sözçüsü Vaqif Dərgahlı "Şərq”ə deyib ki, yeniliklər təklifin Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra açıqlanacaq.

O, bir müddət öncə müdafiə nazirinin müvafiq əmri ilə döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay

(qış) və istiləşdirilmiş gödəkçələrində bel kəmərlərinin daşınmamasına icazə verilməsinə də münasibət bildirib: "Belə hallarda bel kəmərlərinin daşınmaması geyim formasında heç bir problem yaratmır”.

Hərbi ekspert Üzeyir Cəfərov bu addımı alqışlayır: "Dəyişiklik etmək lazımdır. Ancaq hərbi geyim qaydalarını dəyişdirməklə bərabər, eyni zamanda hərbi geyimlərin təkmilləşdirilməsinə də ehtiyac var. Mən də əsgərlərimizin ən müasir geyim formalarının olmasını istərdim. Çünki onların çətin xidmətlərini nəzərə alaraq müəyyən rahatlıq yaratmaq üçün uyğun olan parçadan hazırlanan geyimlərdən istifadə edilsin. Məsələn, biz şəhər şəraitində sərinkeş altında belə tamam rahat ola bilmirik. Ancaq xüsusi hərbi səhra geyimində olan əsgərlərimiz, zabit və gizirlərimiz Haramı düzündə, Naxçıvanda, Kürdəmirdə, Yevlaxda, Ucarda belə isti hava şəraitində xidmət edirlər”.

Ü.Cəfərov dünyanın aparıcı dövlətlərindən biri olan ABŞ ordusunun hərbi formasından da danışıb: "Bu dövlətin İraqda, Əfqanıstanda və digər ölkələrdə olan hərbi birləşmələrində olan əsgər və zabitləri səhra geyimində özlərini rahat hiss edirlər. Hər dəfə çıxışlarımda söyləmişəm ki, dünya dövlətlərinin ordularında olan müasir hərbi üsul və qaydaları ordumuzda da tətbiq etməliyik. Azərbaycanın maliyyə büdcəsi buna imkan verir ki, əsgərlərimiz üçün tam rahat şərait yaradaq.

O, hərbi formada bel kəmərlərinin daşınmaması məsələsində son dərəcə diqqətli olmağı tövsiyə edib: "Bu fikri Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra da söyləmişəm. Formada kəmər təsadüfən taxılmır. Hərbi kəmər tarixən təyinatı üzrə istifadə edilən elementdir. Bu kəmər, necə deyərlər, qarnın sallanmasına imkan vermir. Çünki fiziki və tibbi nöqteyi-nəzərdən sanki barometr rolunu oynayır. Yəni kiminsə fiziki olaraq bədən quruluşunda problem olanda göstərə bilir. Digər başqa məqsədi xüsusən mühəndis istehkam "lapatka”larının, su ehtiyatlarının, əl qumbaralarının, güllə daraqlarının, döyüş sursatlarının daşınması və gəzdirilməsidir. İndi isə təsəvvür edin, qarışıq bir sistem yaranıb. İstəməzdim belə olsun. Çünki indi verilən əmrə əsasən postda olan əsgər kəmər taxmalıdır. Arxa cəbhədə olanlar isə kəmərsiz hərəkət edə bilərlər. Orduda hər şey bir qayda üzrə tənzimlənməlidir. Ordu ona görə ordudur ki, kənardan baxanda hamı bir-birinə oxşayır və birlikdə addımlayır. Hətta öz doğma övladını da hərbi sırada tanıya bilmirsən. Ona görə ki, hamı eyni geyimdə olur. Ancaq indi ordunun bir hissəsi kəmərlə, bir hissəsi kəmərsiz, digərləri NATO formasında olacaq. Belə etmək lazım deyil.

Ümumiyyətlə, bütün dünya ölkələrində hər bir nüansın üzərində böyük elmi-tədqiqat institutları, laboratoriyalarda tədqiqat işləri aparılıb özünü sübut etdikdən sonra tətbiqinə başlayırlar. Lakin bizdə müdafiə naziri deyir taksofon qurulmalıdır, əvəzində əmrə tabe olmaq prinsipi ilə "baş üstə” deyib razılaşırlar. Ancaq sonradan taksofonun nə qədər problemləri ortaya çıxıb. Daha sonra bu hərbi geyimdə kəmər daşınmamalıdır deyir, əvəzində yenə razılıq verilir. Bəs sabah həyəcan siqnalı verilən zaman əsgər kəməri haradan tapacaq? Bu zaman hər saniyənin də öz hökmü var. Məsələn, hərbi hissədə qəfildən həyəcan siqnalı çalındığı zaman mən yuxarı qeyd etdiyim hərbi silah-sursatlar və digər ləvazimatları haraya yerləşdirəcəm? Belə halda əsgərin hər şeyi üzərində olaraq günün 24 saatı döyüş vəziyyətinə hazırlıqlı olmalıdır”.

Vüqar Şahinoğlu