Moskvanın Qafqazla bağlı yeni planı var

Rusiya təhlükəsizlik qüvvələri adlı yeni ordu yaradır




Rusiya hökuməti özəl təhlükəsizlik qüvvələrinin yaradılması planı üzərində işləyir. Çox güman ki, bu, dövlətüstü strukturlardan siyasi həssas situasiyalarda istifadə olunacaq. Alman nəşrlərinin birində dərc olunan məqalədə yazılıb ki, Rusiya qanunvericiləri və hərbçiləri ölkəyə qonşu olan dövlətlərdə narahatlıq doğuran bir qanunverici akt üzərində işləyirlər.

Müvafiq işçi qrup təhlükəsizlik məsələləri ilə məşğul olacaq özəl müəssisənin yaradılması üçün zəmin hazırlayır. Sənəd müəllifləri bu özəl qurum əməkdaşlarının ilk növbədə hara göndəriləcəyini gizlətmirlər. Rusiyanın özəl qüvvələrinin potensial tətbiq yeri Qafqaz və Ukrayna olacaq; söhbət həm də rəngli inqilabları önləməyə yönəlik hazırlıqlardan gedir.

Şübhə yox ki, Putin rejiminin yaratmaq istədiyi və "Blackwater”in analoqu olacaq bir hərbi qurum daha qorxulu şəkildə zühur edəcək. Azərbaycan xalqının milli maraqlarının da bundan zərər görəcəyi istisna deyil.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Ukraynada baş verənlərdən sonra Rusiya siyasi rəhbərliyi bir çox variantlar üzərində baş sındırır. Atdığı addımların da əksəriyyəti məntiqdən kənardır: "Hesab edirəm ki, hazırkı situasiyada kimisə ittiham etmək əvəzinə, Kreml sahibi elədiyi hərəkətlərə düzgün qiymət versə, ən azı bircə dəfə dünya tərəfindən normal qarşılanacaq bir addım atmış olar”.

Ekspertin sözlərinə görə, Rusiyanın yaratmaq istədiyi özəl təhlükəsizlik qüvvələri faktiki olaraq, Rusiyada fəaliyyət göstərən Federal Təhlükəsizlik Xidmətinin bir növ rəsmiləşdirilmiş formasıdır. Həmin qüvvələrdə fəaliyyət göstərəcək güclər də faktiki olaraq, Ukraynada separatçılıqla məşğul olan insanların leqallaşdırılmış forması olacaq. Bu günə qədər Rusiya həmin separatçıları öz vətəndaşları olaraq qəbul etmirdi, amma Krım olaylarından sonra birdən-birə Donetsk və Luqanskdakı ruslara arxa çıxdı. Kreml rəhbəri əvvəlcə həmin o "yaşıl adam”larla (Zelenoe lyod) heç bir əlaqəsi olmadığını dilə gətirsə də, Krımın ilhaqından sonra həmin separatçıların Rusiya hərbiçiləri olduğunu açıq şəkildə etiraf etdi. İndi də analoji yolla getmək istəyirlər. Amma hələ ki, Rusiya siyasi rəhbərliyi bu yolun yanlış olduğunun fərqində deyil. Yaradılacağı təqdirdə özəl təhlükəsizlik qüvvələri gündən-günə dünyadan təcrid olunma təhlükəsi artan Rusiyanın iflasına gətirib çıxaracaq”.

Həssas situasiyalarda istifadə olunacaq özəl qüvvələrin potensial tətbiq yerinin əsasən Gürcüstan və Azərbaycan olma ehtimalını doğrulayan Ü.Cəfərovun sözlərinə görə, bu özəl qüvvələrin yaradılması Qafqaz üçün əlavə başağrısından başqa heç nə vəd eləmir: "Qafqaz ölkələrindən olan Gürcüstan Rusiyaya meydan oxuyur, Kremlin tapşırıqları ilə oturub-durmur. Azərbaycan da Rusiya üçün qaranlıq məqam olaraq qalmaqdadır. Bu iki ölkə arasındakı münasibətlərin nə vaxt necə olacağı bəlli deyil. Münasibətlər hər an gərginləşə və stabilləşə bilir. Rusiya da Qafqazla bağlı çirkin məqsədlərini həyata keçirə bilmək, Qafqazdakı qüvvələrin fiziki cəhətdən neytrallaşdırılması, təxribat xarakterli əməllərin həyata keçirilməsi üçün belə bir layihə üzərində düşünür. Ancaq bu cür layihələrlə Kreml siyasi rəhbərliyi Rusiyanı çıxılmaz vəziyyətdə qoyduğunun fərqində belə deyil. Malayziya təyyarəsi ilə bağlı baş verənlərdən sonra Rusiya bütün xətləri keçib. Rusiyaya qarşı olan iqtisadi-maliyyə sanksiyalardan əlavə hərbi sanksiyalar da tətbiq olunmağa başlayıb. Bu qədər sanksiyalar fonunda dövlətüstü strukturlardan siyasi həssas situasiyalarda istifadə olunacaq özəl qüvvələr yaratmaq kimi bir addım atmaq çox zərərlidir. Bu an etibarı ilə Rusiyanın durumu hər an partlamaq təhlükəsi olan bir qumbaraya bənzəyir. Tam məsuliyyətlə deyə bilərəm ki, Rusiya siyasi rəhbərliyi çox çaşqın bir vəziyyətdədir. Qəribə olsa da, belədir. Sırf çaşqın olduqları üçün bu cür özəl qüvvələr yaradırlar ki, sabahı günü imtina etmək asan olsun. Yaradılacaq qüvvələrlə bağlı bir problem yaranacağı halda Rusiya hökuməti bəyanat yayacaq ki, bu qüvvələrin bizə aidiyyəti yoxdu, ayrı-ayrı şirkətlərin himayəsindədi. Yəni, Kreml, yaradacağı təhlükəsizlik qüvvələrinin önünə "özəl” sözünü əlavə etməklə məsuliyyəti boynundan atmaq məqsədi güdür”.

Şəymən