Bir sutkada 111 dəfə atəşkəs pozulub

Müharibə başlaya bilər, hər varianta hazır olmalıyıq





Artıq 4 gündür ki, cəbhədə vəziyyət yenidən kritik hal alıb. Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində hələ ötən sutka ərzində atəşkəs rejimi ümumilikdə 111 dəfə pozulub.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vazaşen, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəm, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Ağdam rayonunun da demək olar ki, bütün kəndləri sutka ərzində atəş altında saxlanılıb.

Qeyd edək ki, ermənilər atəşkəsi intensiv şəkildə pozmağa iyulun 24-dən başlayıblar. Düşmən cavab atəşi ilə susdurulsa da, iki azərbaycanlı mülki şəxs güllə yarası alıb.

Cəbhədəki vəziyyətin bu cür davam etməsi isə müharibə riskini artıran amil sayılır.

Əksər müşahidəçilər vəziyyətin kifayət qədər kritik olduğu və savaş anonslarının əvvəlkilərə bənzəmədiyi qənaətindədirlər. Xüsusilə də bölgədə yaşanan proseslər, Azərbaycan ətrafında cərəyan edən hadisələr cəbhədə irimiqyaslı əməliyyatlara istənilən an start verilməsi ehtimalını yaradır. Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların heç bir nəticə verməməsi, Ermənistanın həyasızlığının pik həddə çatması, İrəvanın işğal olunmuş əraziləri geri qaytarmaq niyyətində olmadığı barədə bəyanatları rəsmi Bakı üçün alternativ qoymur.

Ekspertlər atəşkəsin pozulması hallarının hər zaman baş verdiyini desələr də, bunun irimiqyaslı əməliyyatlara keçə biləcəyini istisna etmirlər.

"Biz hər bir varianta hazır olmalıyıq”

"Xəzər” Araşdırmalar Fondunun rəhbəri, politoloq Vəfa Quluzadə bildirir ki, ABŞ və Avropa Cənubi Qafqazda fəsadların olmamasında maraqlıdır: "Məsələ belədir ki, Amerika və Avropa Qarabağ müharibəsinin yenidən alovlanmasını istəmirlər. Amma münaqişənin alovlanması mümkündür. Çünki ortada işğal faktı var, sülh müqaviləsi yoxdur. Sadəcə atəşkəs rejimidir ki, bu da çox kövrək bir atəşkəsdir. Hər gün də atəşkəs pozulur. Bir gün atəşkəs böyük şəkildə pozula bilər ki, bunun da arxasında Rusiya duracaq. Rusiya da çox maraqlıdır ki, təqsiri Azərbaycanın üstünə qoyaraq müharibəni başlamaqla öz istəklərini Ermənistanın əli ilə həyata keçirsin. Qərb isə bunu istəmir. Sadəcə, Qərb təcavüz faktını dilə gətirməkdən çəkinməməlidir. Avropada bildirirlər ki, onlar sülh prosesinə təsir etməmək üçün təcavüzkarı öz adı ilə çağırmırlar. Guya, bu halda ermənilər sülh prosesindən imtina edə bilər. Bu tamamilə gülünc mövqedir. Ona görə də mən Qərbin mövqeyini qənaətbəxş saymıram”.

Politoloq hesab edir ki, Rusiya cəbhədə vəziyyətin gərgin olmasında maraqlıdır: "Rusiya bizi müharibə ilə qorxudub Gömrük İttifaqına sürükləmək istəyir. Guya, bizim bir neçə rayonumuzu işğaldan azad edə bilər, o şərtlə ki, əraziyə Rusiyanın sülhməramlı qüvvələri yeridilsin. Bu isə çox təhlükəlidir. Bizim region çox gərgindir və burada ayıq siyasət yürütmək lazımdır ki, heç bir xəta baş verməsin, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məncə alternativ yoxdur. Bu sülh nə vaxt olacaq, demək çətindir. Çünki bu, Qərblə Rusiyanın münasibətlərindən asılıdır”.

Keçmiş dövlət müşaviri bütün hallarda müharibənin alovlanmasını istisna etmir: "Biz hər bir varianta hazır olmalıyıq. Rusiya müharibəni alovlandırsa, biz müharibə etməliyik. Bizim buna görə hazırlıqlarımız yerindədir və düzgündür”.

"Müharibə hər an başlaya bilər”

Hərbi ekspert Azad İsazadə də vəziyyətin kifayət qədər kritik olduğu qənaətindədir: "Müharibə hər an başlaya bilər. Ümumiyyətlə, ötən 20 ildə hər dəqiqə atəşkəs haqqında saziş müharibəyə çevrilə bilərdi. Bəzən müharibə riski maksimuma çatır, bəzən də minimuma düşür. İndi savaş riski maksimuma çatmayıb, amma çox ciddidir. Bu, regionda, konkretləşdirsək, əsasən də Yaxın Şərq, Ukraynada gedən ciddi siyasi proseslərin nəticəsidir. Sözsüz ki, bu proseslərin mərkəzində Azərbaycan dayanır. Çünki Azərbaycan Rusiya, Qərb, Türkiyənin maraq dairəsində olan ölkədir. Burada hərbi, siyasi, iqtisadi maraqlar hamısı Azərbaycanın üzərinə cəmlənib”. Ekspertin fikrincə, Azərbaycandan fərqli olaraq Ermənistan tam siyasi dalana düşüb: "Ermənilər atəşkəsi pozmaqla "burda biz də varıq, bizsiz hansısa razılığa gəlsəniz, bu stabilliyi pozacağıq, bizi də sayın” demək istəyir. Yəni bu, rəsmi İrəvan tərəfdən hərbi-siyasi şantajdır. Bu gün biz Rusiya tərəfindən Azərbaycana dəstək bəyanatlarını eşidirik. Təbii ki, Gömrük İttifaqı, Avrasiya Birliyi şərtləri ilə. Amma Azərbaycanın maraqlarını güdmək istəyən Qərb də, Rusiya da real iş görmək istəyir. Bu isə Azərbaycanın xeyrinədir, Ermənistan da bu situasiyadan faydalanmaq istədiyindən şantaja keçib. Ona görə də cəbhədən güllə səsləri gəlməkdədir”.

"Müharibə ilə Qarabağın həlli mümkün deyil” - deyən Minsk Qrupu susur”

Ehtiyatda olan zabit Üzeyir Cəfərov isə deyib ki, 1994-cü ildən üzü bu yana ermənilərin pozduğu atəşkəsin sayı-hesabı yoxdur. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri üçün təmas xəttində atəşkəsi pozmaq artıq bir vərdişə çevrilib: "Görünən odur ki, onlar hələ atəşkəsi çox pozacaqlar. Məsələ ondadır ki, müharibəyə başlamaq üçün ermənilərin iqtisadi imkanları sıfır səviyyədədir. Məsələn, onlar hərbi təlimlər keçirirlər, mütəmadi olaraq silahlarını nümayiş etdirirlər. Amma ermənilərin bölgədə keçirdiyi hərbi təlim ölkənin hansısa bölgəsinin, yəni bir neçə rayonun büdcəsini yemək deməkdir. Çünki Ermənistan büdcəsində hərbi təlimlər keçirmək üçün əlavə vəsait yoxdur. Onlar ölkə xərclərini güclə təmin edirlər. Sadəcə, ermənilər qeyri-qanuni yollarla əldə etdikləri silahlardan cəbhə bölgəsində istifadə edirlər, təlim keçirirlər, atəşkəsi pozurlar. Bununla da Azərbaycana "əzələ” nümayiş etdirib, olmayan güclərini göstərməyə çalışırlar. Halbuki ermənilərin Azərbaycan ordusuna qarşı hər hansı ciddi həmləsini proqnozlaşdırmaq mümkün deyil. Sadəcə, ermənilərin atəşkəsi pozması lokal xarakter alıb və nə qədər ki, ATƏT-in fəaliyyətdə olan həmsədrləri öz vəzifələrindən sui-istifadə edəcək, o vaxta qədər də ermənilər atəşkəsi pozacaq. Ən acınacaqlısı odur ki, ermənilərin atdığı güllə ilə mülki şəxslər yaralanır, həlak olur. Amma münaqişənin dinc yolla həllini istəyən, "müharibə ilə Qarabağın həlli mümkün deyil” - deyən Minsk Qrupu susur”. Müharibə ehtimalını mümkün saymayan ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi ölkə daxilində bu qədər ağır ictimai-siyasi vəziyyət hökm sürdüyü bir zamanda Azərbaycan ordusuna hücum edə bilməz: "Amma onlar öz çirkin əməllərindən də əl çəkməyəcəklər. Bir sözlə, biz hələ Ermənistanın atəşkəsi pozmasından və bu zaman verdiyimiz itkilərdən çox danışacağıq. Təmas xəttində mövqelərimizin atəşə tutulması nəticəsində zaman-zaman yüzlərlə Azərbaycan əsgəri, zabitlər dünyasını dəyişib, əlil olub. Həmçinin də mülki əhaliyə ziyan dəyib. Bundan sonra da itkilərimiz olacaq. Çünki şiddətli döyüşlər getməsə də, müharibə hələ bitməyib”.

Anar Bayramoğlu