Leyla Yunus 3 ay müddətinə həbs edilib

Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alınıb





Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi L. Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, L. Yunusa qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunusa qarşı isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178-ci (dələduzluq) maddələri ilə ittiham elan olunub.
İstintaq orqanı tərəfindən A. Yunusdan başqa yerə getməməklə bağlı iltizam alınıb.
***
18.57
Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub.
Bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.
Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.
Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.
Arif Yunus Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında jurnalistlərə bildirib ki, idarədə həkim nəzarətindən keçib: "Səhhətimdə problem olduğu üçün barəmdə həbs qətimkan tədbiri seçilmir. Lakin polisin nəzarətində olacağam və məndən başqa yerə getməməklə bağlı iltizam alınıb”.