Sərhədlərimizi möhkəmlətməliyik

İŞİD bütün islam ölkələri üçün təhlükəlidir





İslam dinini gözdən salan, günahsız müsəlmanlara qarşı qəddarlığı və rüsvayçı fətvaları ilə gündəmdən düşməyən "İraq-Şam İslam Dövləti” (İŞİD) qruplaşması fəaliyyətini daha da genişləndirməkdədir. Bəzi böyük güclərin əlində özünün də xəbəri olmadan siyasi alətə çevrilən bu terrorçu qruplaşma ciddi müqavimətlə üzləşmədiyindən, getdikcə daha qorxunc əməllərə həvəslənməkdədir. Artıq Türkiyəyə sızan İŞİD kabusu Azərbaycanla sərhədlərin bir addımlığına çatıb.

Bu barədə məlumat verən Türkiyə cəfərilər təriqətinin (şiəliyin qolu) liderlərindən olan, Əhlibeyt Alimləri Dərnəyinin başqanı Hasan Kanaatlı deyib ki, iki qardaş ölkə arasına məzhəb ixtilafı salmaq istəyən məkrli qüvvələr İstanbulun neçə-neçə məscidində terrorçu qruplaşmanın təlimi ilə məşğul olurlar. Bu məscidlərdə aldadılmış azərbaycanlılar təlimdən sonra Suriyaya və İraqa göndərilir. Kanaatlı bildirib ki, İŞİD İstanbulun Fatih, Ataşehir, Esenyurt və Bağçılar bölgəsində bir sıra məscidləri nəzarət altına alıb: "Azərbaycandan gətirilən gənclər bu məscidlərdə təlimatlandırıldıqdan sonra Suriyaya ölümə göndərilirlər. Yaxın vaxtlarda bu təhlükə Azərbaycana da sıçrayacaq”.

Azərbaycan ictimaiyyətində isə İŞİD-lə bağlı dəyərləndirmələr birmənalı deyil. Qruplaşmanı Azərbaycan üçün ciddi təhlükə görənlərlə yanaşı, "boş şeydir” deyənlər də var. Məsələn, millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu gün İŞİD sadəcə İraq və Suriya üçün təhlükədir. Digər dövlətlər, məsələn, Türkiyə və Azərbaycan üçün heç bir təhlükəsi yoxdur: "İraqla Suriyanın dövlət aparatı zəifdir, üstəlik, hakimiyyət orqanları da səmərəli fəaliyyət göstərmir. Onların güc strukturları öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Bu gün təşkilatlanmış istənilən silahlı qüvvələr İŞİD-i məhv etmək iqtidarındadır. İŞİD güclü silahlanaraq İraq və Suriyanın nəzarətsiz qalmış ərazilərini zəbt edir. Ancaq digər dövlətlər üçün İŞİD təhlükə yarada bilməz”.

Politoloq Elşən Manafov da bu istiqamətdə ciddi təhlükənin olduğunu düşünmür: "İŞİD sıralarında vuruşanlar arasında azərbaycanlılar var. Ora gedənlərin bir qismi ilk baxışda dini məzhəb amilini nəzərə alaraq onun sıralarına daxil olurlar. Əslində isə, özləri də bilmədən ABŞ-ın böyük oyun siyasətinin tərkibinə qatılmış olurlar. Məlum məsələdir ki, İŞİD-in yaradılmasının arxasında böyük dövlətlərin bölgə ilə bağlı maraqları dayanır. Hazırda Fələstin ərəblərinin İsrailin kütləvi aviasiya hücumları ilə qırıldığı bir şəraitdə, İŞİD məzhəb amili kontekstində İraqda sünni-şiə davasına başlayıb. Bu da ABŞ və Böyük Britaniyanın bölgə ilə bağlı "parçala, hökm sür” siyasətinin marağına cavab verən geosiyasi amildir. Təəssüf ki, ölkəmizdən də özləri bilmədən, mahiyyətinə varmadan oyuna qoşulanlar da var. Amma prinsip etibarı ilə, hazırda Azərbaycanın mövcud stabilliyi üçün İŞİD-in fəaliyyətində və ora qoşulan azərbaycanlıların hərəkətində ölkəmizə münasibətdə ciddi təhlükə görmürəm. Azərbaycanda vəhhabilərin sayı artsa da, dövlətimizin ərəb dövlətləri liderləri ilə isti münasibətləri mövcuddur. Bu kontekstdə ərəb dövlətlərinin Azərbaycana münasibətdə ciddi oyuna girəcəklərini düşünmürəm. Bütün hallarda Azərbaycanın müvafiq strukturları prosesi ciddi diqqət və nəzarət altında saxlamalıdır. Çünki Azərbaycandakı stabilliyi pozmaq üçün şimal, qərb, cənub, istərsə də ərəb dairələri arasında ciddi layihələr vardır və bunun həyata keçirilməsi istiqamətində müəyyən addımlar atıla bilər”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə deyir ki, İŞİD-in tərkibində xeyli sayda türklərin, azərbaycanlıların olması narahatedici məqamdır: "Bu insanlar Azərbaycan üçün potensial təhlükədir. Biz haradasa konfranslar keçirərək işimizi həll etdiyimizi və bu sahədə heç bir problemin olmadığını düşünürük. Təmsil etdiyim Qarabağ Seyid Ocaqları və mənim fikrim ondan ibarətdir ki, Azərbaycan sərhədlərini daha da möhkəmləndirməlidir. Xüsusən, Türkiyə ilə sərhədlərimizi gücləndirməliyik. Hesab edirəm ki, sərhəd keçid məntəqələrində də nəzarət artırılmalıdır. Ölkəmizdən gedən və ölkəmizə gələn zərərli qüvvələr zərərsizləşdirilməlidir”. C.Əzimbəyli deyib ki, bəzən biriləri təkfirçi qüvvələrlə bağlı məsələni ört-basdır etməyə çalışırlar. Onun sözlərinə görə, bu gün Suriyada və İraqda təhlükəli cərəyanlara qoşulanların Azərbaycanda minlərlə tərəfdarı var: "Bu təkfirçi qüvvələr İŞİD-in İraq torpaqlarını zəbt etməsinə sevinirlər. Belə zərərli təkfirçi qüvvələrin tək Bakıda 10 mindən çox tərəfdarı var. Ölkəmizin tolerant münasibətindən istifadə edən belə qüvvələr nə qədər gec deyil, zərərsizləşdirilməlidir. İraqda, Suriyada, Əfqanıstanda baş verən hadisələrin Azərbaycanda baş verməməsi üçün gerçək mənəviyyat adamları televiziya vasitəsilə, lap lazım gələrsə, dövlətin dəstəyi ilə kəndbəkənd, evbəev islami maarifləndirmə işinin aparılmasına imkan yaradılmalıdır. Çünki bu faciədən heç də uzaqda deyilik. Həmin qaniçən qüvvələr Azərbaycana qayıdarsa, hər

an vətəndaşlarımız terror təhlükəsilə üz-üzə qala bilər. Bizim hansı yaşayış binalarımız, orta məktəblərimiz ciddi mühafizə olunur?”.

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, ekspert İlham İsmayıl da bəyan edib ki, İŞİD Azərbaycan üçün birmənalı şəkildə təhlükədir: "İŞİD-in bütün islam ölkələri üçün təhlükəsi var. Bəli, bu təhlükə Azərbaycan üçün də keçərlidir. Çünki İŞİD-in tərkibində azərbaycanlılar var. Onların hədəfi təkcə Suriya və ya İraq deyil. Qruplaşmanın məqsədi islam dövlətini islam ölkələrində yaratmaqdır. Demək olmaz ki, İŞİD bütöv Azərbaycan üçün təhlükədir. Ancaq onlar xəritələrində Azərbaycanın, Türkiyənin və ümumiyyətlə, məqsədlərini həyata keçirəcək ölkələrin adlarını açıq şəkildə qeyd ediblərsə, bunun özü artıq təhlükədən xəbər verir. Əgər xəritədə Azərbaycanın adı varsa, demək onlar ölkəmizdə hansısa formada təhlükələr yaradacaqlar. Əgər dünya bu xəritəyə qarşı biganə qalarsa, İŞİD-i beşiyindəcə boğmazsa, bu terror qruplaşması nəinki Azərbaycan, bütün dünya üçün təhlükəli vəziyyətlər yaradacaq”.

İsmayıl