“QMİ-dəki düşüncənin, zehniyyətin dəyişməsi vacibdir”

Fazil Mustafa: “İrandan təlimat alan adamlar çox təhlükəlidir”





Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əksər müsəlman ölkələrin ortaq qərarına zidd olaraq Ramazan bayramını iyul ayının 28-nə deyil, bir gün sonraya, 29-a təyin etməsi Azərbaycan ictimaiyyətinin bəzi kəsimində ciddi narazılıq yaradıb. QMİ-nin bayram açıqlamasını yanlış hesab edərək narazılığını bildirənlər arasında tanınmış ictimai-siyasi xadimlər də yer alıb. Dini idarənin ayrıseçkiliyə səbəb olan qərarına ilk reaksiya verən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa olub.

Deputat "facebook” profilində yazdığı statusda QMİ-ni İrana meyl etməkdə, özünün ifadəsi ilə desək, "Qum saatına” baxaraq asılı fəaliyyət göstərməkdə ittiham edib. Bayram namazının bir gün sonra qılınmasını pisləyən millət vəkili din sahəsində işlərin çox acınacaqlı olduğunu yazıb: "Biz islamı tarixən formalaşan türk düşüncəsi ilə dərk edən insanlar təbii ki, referans olaraq Türkiyə təqvimini və qaydalarını götürürük. Çünki oradakı qardaşlarımızın dini həssaslığı və səmimiyyəti bizim əksər nəzir mollalarının rəylərindən daha mötəbər sayıla bilər. Orada, eləcə də Məkkə və Mədinədə bayram namazı qılındığı halda Bakıda bunun təxirə salınması əslində ciddi bir yanlışlıq sayılmalıdır”. F.Mustafa qeyd edib ki, dünyanın hər yerində bayram namazı 28 iyulda olsa da, yalnız İranda və Azərbaycanda 29 iyula təyin olunub: "Deyəsən, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası Qum saatına baxılaraq yazılıb. Nəinki Güneyimiz, elə Quzeyimiz də hələ ki, İran dininin mənəvi müstəmləkəsi olaraq qalır. Kim istəyirsə, gedib öz namazını İran ayətullahlarının arxasında qılsın. Müstəqil bir dövlətin İranın kopyaçısına çevrilməyi utancverici bir haldır”. Məlumat üçün onu da bildirək ki, QMİ-i bayram namazı ilə bağlı məscidlərə sərt xəbərdarlıq edibmiş. İyulun 28-də bayram namazı qılmaq istəyən məscidlərin imamlarına bildirilib ki, əgər qərarın əleyhinə hərəkət etsələr, 2500 manat məbləğində cərimə olunaraq, məscidləri bağlanacaq. Deputatın bayram günü ilə bağlı etirazı qarşı tərəfin sərt reaksiyasına səbəb olub. QMİ və dini idarəni müdafiə edənlərlə yanaşı, İran tərəfindən də F.Mustafanın ünvanına əsassız ittihamlar səsləndirilib. Belə ki, "Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli millət vəkilini ölkədə məzhəb ayrı-seçkiliyi salmaqda, iranlı diplomat, yazar Əsgər Fərdi isə F.Mustafanı İranın Xarici İşlər Nazirliyindən "pul istəməkdə” günahlandırıb. Bütün bu məsələlərlə və barəsindəki ittihamlarla bağlı "Şərq”in suallarını ətraflı cavablandıran BQP sədri F.Mustafa milləti təmsil edən vəkil və ziyalı kimi hər zaman haqlı bildiklərini dilə gətirəcəyini bəyan edib.

- Əksər islam ölkələri dini mövzularda yekdilliklə qərar verdikləri halda nə üçün İran dövləti hər dəfə fərqli hökm çıxarır? Sizcə, fars rejiminin özünəməxsus mövqe tutmasına səbəb nədir?

- İran əlahiddə din sistemi yaradıb. Əslində islamla uzlaşmayan bir din anlayışı ilə məsələyə yanaşan İran başqalarından fərqlənməyə üstünlük verir. Bu yanaşma isə müsəlman vəhdətinin pozulmasına gətirib çıxarır. İndi bütün islam dünyasının hamısı bir tərəfdə, İran isə əks tərəfdə durur. Azərbaycan da bir çox hallarda fars dövlətinin yedəyində sürünür. Məsələnin dinlə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə inaddır, özünün əlahiddəliyini göstərmək niyyətidir və əlbəttə ki, islama zidd davranışdır. İnsanların kültürü və məzhəbi fərqli ola bilər. Amma İran və başqa müsəlman dövlətlər çalışmalıdır ki, ümumi qərar qəbul edərək ayrı-ayrı qövmləri birləşdirsinlər. Çünki elə dəyərlər var ki, məsələn, Qurban və Ramazan bayramları kimi, həmin günlərdə ümumi birliyə gəlmək vacibdir, şərtdir. Əgər bunu bacarmırıqsa, islamın birliyindən, uzlaşmadan danışmaq mənasızdır.

- QMİ-nin bir gözünün İranda olması çoxları tərəfindən tənqid olunur. Dini idarənin və ya quruma rəhbərlik edən şəxsin İrana meyillənməsinin qarşısını necə almaq olar? Şeyxülislamın əvəzlənməsi bu problemi aradan qaldıracaqmı?

- Əslində kimisə İrana meyillənməkdə ittiham etmək olmaz. QMİ Azərbaycan dövlətinə bağlı bir qurumdur. Şeyxin özünün də bu istiqamətdə xeyli müsbət cəhətləri, məzhəblərarası münasibətlərin pozulmasına qarşı addımları var. O, Qafqazda bir çox məsələlərlə bağlı normal fəaliyyət göstərir. Yəni Şeyx mahiyyətcə İran yanaşmasını təqdir etməyən bir siyasət yeridir və bir çox hallarda Azərbaycan cəmiyyətinin marağından çıxış edir. Burda tamam başqa məsələdən, yanaşmanın əsaslandırılmasından söhbət gedir. Çox vaxt bu yanaşmanı ağılla əsaslandırma problemi ortaya çıxır. Bizim iradlarımız şəxslərlə bağlı deyil, quruma verilən hədsiz səlahiyyətlərlə bağlıdır. Bir qurum hamının marağını təmsil etməlidir. Əgər doğrudan da idarənin qərarı ölkədə müəyyən problem yaradırsa, yaxşı olardı ki, dövlət özü qərar verərək iki günü, yəni ayın 28-ni və 29-nu bayram elan etsin. Əslində dövlət bu cür də etdi. Ancaq bununla yanaşı, QMİ də məscidlərə vurduğu qıfılları açaraq imkan verməliydi ki, insanlar ayın 28-i namazlarını qılsınlar. Bayram ayın 29-dur deyənlər də, namazı həmin gün qılardılar. İki günlük bayramı konkret bir günlə məhdudlaşdırmaq İran mövqeyidir. Bunun başqa adı yoxdur. Ona görə də, yanaşmamız budur ki, əgər qurum birlik yarada bilmirsə, sadəcə bir tərəfin görüşünü gücləndirəcək arqumentlər də ortaya qoymasın. Bizim iradımızı fərdiləşdirmək, şəxsiləşdirmək qərəzli məqsəd daşıyır. Mənim Şeyxlə problemim yoxdur. Ona qarşı addım atmaq üçün belə bir məsələ qaldırmamışam. Şeyx kifayət qədər açıq fikirli adamdır. Onunla istənilən məsələdə fikir mübadiləsi apara bilirəm. Sadəcə, İran təsirinin Azərbaycanda bu qədər bariz görünməsini doğru hesab etmirəm. Mövqeyimi də ziyalı kimi ifadə edirəm. Əgər kimlərsə fikrimi bəyənmirsə və şəxsi münasibətə yozursa, bu, həmin adamların yanlış anlayışından irəli gəlir.

- Tənqiddən dolayı sizi ittiham edənlər belə bir fikir irəli sürürlər ki, İran və Azərbaycan eyni coğrafi xətt üzərində olduğuna görə, bayramı eyni vaxtda qeyd edirlər..

- Bu məsələdə çox diqqətli olmaq lazımdır. Qəbul olunan qərarda Azərbaycandakı bütün dindarların maraqları öz əksini tapmalıdır. Bayram qərarlarında daha çox islam aləmi ilə həmrəylik motivi önə çıxmalıdır. Ancaq bu fikirləri söyləyəndə bizi Türkiyəpərəst kimi qələmə verirlər. Bəli, mən Türkiyəpərəstlik, Malayziya, İndoneziya, Mərakeşpərəstlik edirəm. Hətta daha uzağa gedərək Səudiyyə Ərəsbistan, Məkkəpərəstlik edirəm. Axı nə olsun? Necə olur ki, Ərəbistanla çox uzaq məsafədə olan Filippin və Mərakeş bayramı eyni vaxtda qeyd edirlər, amma Azərbaycanla İran "quqquluqu” kimi çıxıraq islam dünyası ilə bir yerdə olmadıqlarını bəyan edirlər. Bunun bölgə ilə əlaqəsi yoxdur. İran yazındır, Türkiyə bizdən uzaqda deyil ki? Məsələyə doğru aspektdən yanaşmaq lazımdır.

- Sizin şiələrə qarşı olduğunuzu iddia edirlər..

- Mən niyə şiələrə qarşı olum axı. Şiələr bizim qardaşımız, canımız-ciyərimizdir. Mübariz İbrahimov şiə məzhəblidir. Məgər buna görə, mən Mübarizi qəhrəman kimi görmürəm? Absurd yanaşmadır. Söhbət başqa dövlətlərdən, məkirli ölkələrdən təlimat alan şiələrdən gedir. Bizim analarımız-atalarımız şiə olublar. Bəyəm onlar İrandan təlimat alıblar? Əlbəttə, yox. Babalarımız səmimi şəkildə öz inanclarını yaşayıblar. Mənim bunu qəbul edib-etməməyimin dəxli yoxdur. Biz demokratik ölkədə yaşayırıq. Ancaq başqa ölkədən təlimat alan adamlar çox təhlükəlidir. Məsələn, İran Ermənistanı dəstəkləyir, heç bir müctəhid də bunun əleyhinə çıxmır. Sabah həmin müctəhid Azərbaycanda onu təqlid edən şiəyə desə ki, sən də gizli yolla düşmən ölkəyə dəstək ver, get Ermənistanın xeyrinə öz ölkəndə çalış, məgər azərbaycanlı şiə buna etiraz edəcək?

Vallah, etməyəcək. Bunun adını yalandan "fiqhi məsələlərdə təqlid etmək” qoyurlar. Sən gözü bağlı kiməsə ağlını vermisənsə, deməli, istənilən vaxt öz ölkənə qarşı çıxa bilərsən. Kimki Azərbaycan dövlətinə bağlıdır, şiəsi, sünnisi, xristianı və yəhudisi, fərq etməz, o adam bizim qardaşımız, dostumuzdur, vətəndaşımızdır. Amma kimsə öz marağından ötrü ölkəmizi satırsa, Suriyadan çağıran bir "şeyxin” arxasınca düşürsə, İŞİD-ə qoşulursa, bunun Vətənə nə xeyri var? Kəlbəcər, Laçın işğal altında ola-ola bu cür hərəkətlər nə dərəcədə doğrudur. Əgər qeyrətin varsa, ölümə, şəhidliyə susamısansa, get işğal altında olan torpaqlarımızda savaş. Çoxları qorxudan səslərini çıxarmır ki, ona-buna xoş gəlməz. Xoş gəlir-gəlsin, gəlmir gəlməsin. Mən Vətənimizi sevən insan kimi məsələyə yanaşıram. Sevdiyim Vətəni kiminsə öhdəliyinə, kirayəsinə verəsi deyiləm ki? Gücüm çatan mövqe budur. Mövqeyimi də hər zaman qorxmadan ifadə edirəm.

- Hər il Şamaxı Rəsədxanasının elmi rəyini alan QMİ niyə bu dəfə rəsədxananın açıqlamasını qəbul etmədi?

- Dini idarənin bu şəkildə inad göstərməsi yanlışdır. Əgər bir şeydə səhv varsa, inadla onun üzərinə getmək yox, səhvdən çəkinmək lazımdır. QMİ-dəki düşüncənin, zehniyyətin dəyişməsi vacibdir. Onlar tənqidi doğru qəbul etməlidir. Əgər kimsə idarənin ümumi fəaliyyini tənqid edirsə, bu, birbaşa Şeyxi tənqid kimi dəyərləndirilməli deyil. Mən qurumdakı şəxsləri ittiham etmirəm. Sadəcə deyirəm ki, idarədəki mövcud zehniyyət dəyişməlidir. Onlar İranın təqlidçisi kimi görünməməlidir. İslam birliyinə xidmət edən, eyni zamanda Azərbaycan dindarlarının bütün kəsimlərinin marağını təmsil edən bir anlayış ortaya qoymalıdırlar. Çünki belə etmədikləri təqdirdə qurum özünə olan inamı itirir. Düşünürəm ki, dini idarə adından etiraz doğuran hansısa addım atılırsa, Şeyx buna müdaxilə etməli və açıq şəkildə öz mövqeyini ortaya qoymalıdır. Yoxsa mənə nə dəxli var, QMİ-yə kim rəhbərlik edir, idarə üzvləri kimdir.

- QMİ-nin bayram qərarını tənqid edəndən sonra həm mətbuatda, həm də sosial şəbəkədə sizi bölücülükdə, məzhəb qarşıdurması yaratmaqda ittiham etdilər. Dedilər ki, siyasətçi dini sahədə söz deyə bilməz. Hər hansı dini yanlışlığa etiraz etmək üçün mütləq dini idarənin təmsilçisi və ya ilahiyyatçı-ekspert olmaq lazımdır, yoxsa istənilən dindar narazılığını ifadə edə bilər?

- Bu Ramazanda xeyli savab qazandığımı düşünürəm. Aylardır yazı yazmayan, müsahibə verməyən, status yazmayan, sözdə jurnalistlər, ilahiyyatçılar, bloqqerlər, dostluğuma girmiş bəzi şəxslər, yuxuya getmiş saytlar, hətta keçmiş bir deputat sanki bir dirijorun çubuğu ilə hərəkətə gəlib, haqqımda olmazın hədyanlarını yazdılar, təhqiramiz mesajlar göndərdilər. Baxın görün nə qədər ailəyə "QUM torbasında bayram sovqatı” göndərəcəklər məni söydüklərinə görə. Başqa bir məqama gəlmək istəyirəm. "Qurani-Kərim”də dəfələrlə qeyd olunan bir Allah kəlamı var: "Vay o namaz qılanların halına ki, filan-filan pis əməlləri törədirlər”. Anlaşılan budur ki, böhtançıların əksəriyyəti belə namaz qılanlardır.

Məsələ budur ki, islamda din xadimi anlayışı yoxdur. Bu anlayış sadəcə İranda var. Qalan yerlərdə din xadimi epizodik rol oynayır. İmam namaz qıldırana qədərdir və müəyyən ritualı yerinə yetirmək üçündür. Yəni müsəlman bəzi dini ritualları bilmirsə, bilən biri bunları təmənnasız edir. Ancaq bunu ayrıca sinifə çevirmək cəhdi İranda, az da olsa, Azərbaycandadır. Qoy olsun, əgər insanlar bu ənənələri məqbul hesab edirlərsə, nə etmək olar. Amma din elə bir sahədir ki, hər kəsin münasibət bildirməyə haqqı var. Çünki din inanc məsələsidir. İnsan oxuyur, görür, öyrənir. Axı dindar birinə necə deyə bilərik ki, bu sənin sahən deyil, qarışma. Qəribə anlayışlar Azərbaycanda xəstəliyə çevrilib. Mənim Türkiyədə tarixlə və dinlə bağlı çox ciddi əsərlərim çıxıb. İndi mən yazdıqlarıma görə, tarixçilərdən, ilahiyyatçılardan icazə almalıyam? Bu, mənim şəxsi görüşlərimdir. Əgər özümə güvənirəmsə, niyə yazmayım? Tarix və din humanitar sahələrdir. Həkimlikdən nəsə yazmıram ki, kimsə məni ittiham etsin. Gördüyüm, eşitdiyim, düşündüyüm hər şey haqqında müstəqil fikir bildirə bilərəm. Buna məhdudiyyət qoymaqdan böyük axmaqlıq yoxdur. Onda gərək ölkədə heç kim danışmasın ki, hərənin öz sahəsi var. Axı biz millət vəkiliyik. Müxtəlif təbəqələri təmsil edirik. Mən deputat kimi musiqiçinin də, şairin də, fəhlənin də, dindarın da dərdini deməliyəm. Bizə müxtəlif kəsimdən müraciətlər olur, mən də müraciətlərə əsasən bunu səsləndirirəm. Təbii ki, əgər kiminsə mövqeyi savadsızdırsa, əsassızdırsa, elmi mahiyyəti yoxdursa, əlbəttə, bunu tənqid etmək olar. Mən QMİ-yə deyirəm ki, Şamaxı Rəsədxanasına baxın və onların rəyini əsas alın. Çünki ora elmi idarədir. Siz də elmin səsinə qulaq verin.

- İranlı diplomat Əsgər Fərdinin ittihamlarını necə dəyərləndirirsiniz? O, hansı hadisədən danışır?

- Deyəsən, havanın hərarəti 40-45 dərəcəyə çatdıqca, insanlar nə danışdıqlarını bilmirlər. Onun bəhs etdiyi görüş rəsmi olub. Xahiş ediblər, yalvarıblar və birtəhər bizi İrana aparıblar. Səfər 1992-ci ilin fevral ayında olub. O zaman 50 nəfərlik nümayəndə heyəti ilə getmişdik. Mən eks-prezident Əbülfəz Elçibəyin müşaviri, Məşədi Vaqif Pənahov və Çingiz Qənizadə isə AXCP Ali Məclisinin üzvləri kimi həmin görüşdə iştirak etmişik və təmsil etdiyimiz Xalq Cəbhəsinin mövqeyini onlara çatdırmışıq. Farslar Azərbaycanın bütövlüyü və digər məsələlərlə bağlı bizə "narahatlıqlarını” bildirdilər. Biz də dedik ki, bu, bizim platformamızdır, ideyamızdır, vəssalam. Onunla da görüş qurtardı. Bir siyasətçini belə absurd ittiham edərlərmi? Boş iddiadır, cəfəngiyyatdır. Əgər mən NATO ilə görüşürəmsə, deməli, Qərbə işləyirəm? Əslində farsların bu cür ittihamlarına təəccüb etmirəm. Həzrəti Peyğəmbərimizin (s.a.v) xanımı Hz.Aişəyə küfür edən, əxlaqsız deyən bir qövmdən yaxşı nə gözləmək olar? Halbuki o qadının saflığı və ona atılan böhtanlar haqqında "Qurani-Kərim”in "Nur” surəsində ayələr var. 1400 ildir bu çirkin ənənəni davam etdirən bir topluluğun mənə böhtan atmasına nə mane ola bilər? Əslində sevinirəm ki, onlar nə qədər araşdırsalar da, məni ittiham etməyə tutarlı bir şey tapa bilmirlər. Çünki dövlətə bağlı adamam və kənar heç bir qüvvə ilə bağım yoxdur. Alnım açıqdır. Ona görə, hər yerdə rahat danışıram və sözümü açıq deyirəm.

İsmayıl