Həbsdən azad olunanlara 420 manat müavinət verilir

“Azad olunan məhkumların ilk addımları üçün birdəfəlik müavinətlər effektiv nəticələr verəcək”




Bu gün mövcud olan problemlərdən biri də cəzaçəkmə müəssisəsindən azad olunan insanların cəmiyyətə adaptasiya oluna bilməmələridir. Bir çox hallarda cəmiyyətin həmin şəxsləri qəbul etməməsi, bəzən isə bu qəbildən olan insanların özlərinin cəmiyyətə adaptasiyaya maraqlı görünməməsi onları təkrar cinayət hallarına sürükləyir.

Məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə, cəmiyyətdə özünü tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməlidir. Azərbaycan dövləti onların cəmiyyətə inteqrasiya olunması istiqamətində bir sıra işlər görür. Bu cür addımlardan biri də cəzaçəkmə müəssisələrindən azadlığa çıxan şəxslərə birdəfəlik yardımların verilməsidir. Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən müvafiq qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti təyin edilərək ödənilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin 6 ayında birdəfəlik pul müavinəti təyin edilən belə şəxslərin sayı 1901 nəfər təşkil edib. Eyni zamanda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən 1553 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.

Hüquq müdafiəçisi Səadət Bənənyarlının qənaətincə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinət verilməsi təqdirəlayiq haldır: "Ümid edirəm ki, azad olunan məhkumların azadlıqdakı ilk addımları üçün birdəfəlik müavinətlər bir sıra

problemlərin qarşısının alınmasında, lazımi məsələlərin yoluna qoyulmasında effektiv nəticələr verəcək”.

Bununla belə, hüquq müdafiəçisi hesab edir ki, cəzaçəkmə müəssisələrindən azad olunan məhbusların cəmiyyətə reabilitasiyası üçün atılması vacib olan addımlardan biri də onların əmək fəaliyyətinin təmin olunmasıdır: "İslah olunan insanların yenidən pis vərdişlərə düşməməsi üçün onlar üçün müvafiq iş yerləri açılmalı, ya da tikinti şirkətlərinə göndəriş vermək olar. Bu da ki, bir günün işi deyil. Ümid edirəm ki, sözügedən qurumun vasitəsi ilə həll etmək olar. Hesab edirəm ki, əhalinin məşğulluğu ilə yanaşı, cəza çəkməkdən azad edilmiş şəxslər haqqında da xüsusi bir proqramın hazırlanması müsbət bir addım olardı”.

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bu istiqamətdə görülən tədbirlərin əhəmiyyətini müsbət qiymətləndirib. Azadlıqdan məhrum edilmiş insanların sonradan cəmiyyətə inteqrasiyası və sosial təminatlarının təminatı məsələsi ilə bağlı problemlər yarandığını vurğulayan Fond rəhbərinin sözlərinə görə, atılan bütün təqdirəlayiq addımlara rəğmən Azərbaycanda da bununla bağlı problemlər var: "Problemlərin həlli istiqamətində addımların atılmasını sürətləndirmək məqsədilə azadlıqdan məhrum edilmiş şəxslərin sosial reabilitasiyası haqqında qanun qəbul edilib. Sözügedən qanuna görə, həmin şəxslər azad olunduqdan sonra bir sıra reabilitasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. İlk növbədə onların sığınacaqlarla təmin olunması, müavinətlərin verilməsi məsələsi öz həllini tapmalıdır”.

Ə.Nuriyevin açıqlamasından o da məlum olub ki, reabilitasiya istiqamətində görülən tədbirlər həmin şəxslərin müsbət mənada şüurunun zənginləşməsinə gətirib çıxarır: "Bu da öz növbəsində, məhbus olmuş insanların milli mənlik şüurunun formalaşmasına öz müsbət təsirini göstərir. Onlar görəndə ki, dövlət belələrinə qayğı göstərir, bu zaman onların münasibəti dəyişir. Fikirləşirlər ki, qayğı göstərilirsə, deməli, bu dövlətin qanunlarına əməl etmək, onun müdafiəsində iştirak etmək lazımdır. Onlar ölkə vətəndaşı olaraq cəmiyyətdə pozitiv meyllərin inkişafına öz yardımını göstərməlidir. Bu həm də pozitiv mənada özünüdərk prosesinə gətirib çıxarır. Yəni bu, ölkənin həqiqi vətəndaşı olmaq üçün stereotiplərin aradan qaldırılmasına imkan yaradır. Çünki hərtərəfli qayğı ilə əhatə olunan insan dövlətinə, cəmiyyətə, ailəsinə hörmət etməlidir. Bütün bunlar bir-biri ilə sıx bağlı olan proseslərdir. Bu baxımdan hesab edirəm ki, ən vacib olan məsələlərdən biri sözügedən qanunun tətbiqini sürətləndirməkdir. Hökumətin bu istiqamətdə ciddi addımlar atması vacibdir. Hökumət sözügedən məsələ ilə bağlı sığınacaqların tezliklə tikilməsinə maliyyə ayırmalıdır. Fikrimcə, maliyyənin ayrılması çox zəruri məsələlərdən biridir. Bununla belə, sosial işçilərin olması da çox vacib məsələdir. Çünki sosial sığınacaqlarda onlarla davranmaqla bağlı sosial işçilərin müəyyən vərdişləri, xidmət göstərmək imkanları olmalıdır”.

Şəymən