Orxan Zeynalova çox ağır cəza verilib

Hüquqşünaslar Rusiya məhkəməsinin qərarını çox ədalətsiz sayırlar




Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi bu günlərdə başa çatıb.

Rusiya məhkəməsi həmyerlimizi günahkar sayaraq, 17 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. Bundan əlavə, hakim Nikolay Tkaçuk vəfat etmişin atasına zərər çəkmiş vətəndaş iddiası ilə 3 milyon rubl kompensasiya ödənilməsini tələb edib.

Xatırladaq ki, O.Zeynalov bir müddət öncə məhkəmədə ifadəsində Y.Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim”. İlkin istintaqa verdiyi ifadəsini təkzib edən soydaşımız saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.

Həmyerlimiz barədə çıxarılan qərarın ədalətsiz olduğunu deyən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Şərq”ə bildirib ki, O.Zeynalovun başına gətirilənlərə biganə qalmamalıyıq: "Məlumdur ki, soydaşımızla qeyri-insani formada davranılıb. Ona işgəncə verilib. Şərəf-ləyaqətini alçaldıblar. Bunu dana bilməzlər. O kadrları Rusiya telekanalları kifayət qədər görüntüləyib. Rəsmi Moskva işgəncələrə qarşı Avropa konvensiyasına qatılıb. Üzərinə belə bir öhdəlik götürüb ki, belə hallar olsa, araşdırılacaq və cinayətkar cəzalandırılacaq. Təəssüflər olsun ki, öhdəliklərinə əməl etmədilər”.

Məsələ ilə bağlı ölkə başçısı Vladimir Putinə göndərdiyi məktuba məhəl qoyulmadığını söyləyən komitə sədri qeyd edib ki, məhkəmənin qərarı ilə razılaşmalı deyilik: "Ona görə də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlara və ya institutlarda fikirlərimizi çatdıracağıq”.

Moskva məhkəməsinin qərarına etiraz edən vəkil Elçin Sadıqov vurğulayıb ki, məhkəmə ədalətli keçirilməyib: "Çox ədalətsiz qərar qəbul etdi. Təyin etdiyi cəza həddən artıq ağırdır. Törədilməsi ehtimal olunan hadisəyə adekvat cəza deyil”.

Ayyət Əhməd